Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:50















Bilmədiklərim haqda bildiklərim

Yuxu daha həyatdan fərqli gəlmir,
Bu günüm də dünəndən fərli getmir.
Həyat arzusu və ölüm qorxusu...
Ölməkdənmi ləngidir,
Əbəddiyətmi alır?
Bilinmir!

Qoca dünya,
cavan sakin...
Etiraz!
Hər üsyanda
min acı və ehtiras!
Tələb bəlli:
Bir əməlli,
Əndazəli,
Daha içdən ehtizaz...
Dəyişən nə?
Qovurmaya ədava qataq bir az!

Arzu mənim,
Adı sənin,
eşq kimin?
İlk eşqimdən bu günədək heç kimin!
Sadəcə, bir ehtiyacdır ürəkdə...
Təbəssümmü üzümdə,
Yoxsa, nəmi çeşmimin?!

Hissləri hey qamçıladım,
Nə xeyri?
Yüyənin ələ keçirə bilmirəm.
Mənmi dadammadım eşq badəsini,
Yoxsa, heç kimə içirə bilmirəm?!

Ələ gələn qazancın sevinci var,
Çox sevinmə, getməli ödənci var...
Borcla yaşamağın yaman gücü var
- Həm güc alırsan,
Həm gücə düşürsən.
Heç olmasa,
Ölümdən bir gün öncə,
Borcdan azad olmağın inancı var.

Arxayın olmasan da,
Rahatlıq tampasan da..
Nə olsun ki, bezirsən...
Sən hələ ki dözürsən!
Mən hələ ki dözürəm!
Biz hələ ki dözürük...
Kiminsə xətrinə,
Nəyinsə naminə...
Zəhlətökən ömrümüzü sürürük
-Əzrayıl gec gələydi,
Heç olmasa, bircə gün!
Geciksə, nə olacaq?
Bizdən sonra qalanların həyatı,
Yəni, bizimkindən yaxşı olacaq?
Yaxşı olsa belə,
Çox mənalımı?!

Suallar...
Beyin yoran,
Eyin qıran əzablar...
Heç olmasa,
Bunlardan bircəsinin,
əmin ola biləcəyin cavabı varmı,
bilməm!
Cavab olsa, yararı varmı,
bilməm!
Sadəcə,
bilmədiklərim var mənim.
Düşünürəm,
bilə-bilə..
Sürünürəm,
il-ilə...
Qaçmamaq da dərd deyil,
Qaçmaq da nicat deyil...
Düzgün yerimək də müşkül olub..
Səbəbini bilmirəm!
Sadəcə, bildiyim var:
Yerdə qalıb burulmaq
- Bu da bir həyat deyil!
“Niyə?” deyə soruşma,
İnsanın və həyatın
müəllifi mən deyiləm.
Bu şeiri də,
düşünərək yazmadım,
Açması mənlik deyil!
Yox, cavabdan qaçmıram.
Gəl, oturub üz-üzə,
Hey baxalım göz-gözə...
Mən insanı sevirəm,
Murdar olsa da belə..
“Niyə?” deyə soruşma,
Hisləri mən doğmadım,
Hislərlə doğulmuşam,
Toxumu bellik deyil.


Ah, Kiev!

Səndən köçəni,
Elə də pis deyiləm, Kiev!
Bakı üçün darıxdım,
Qürbətindən karıxdım…
Təyyarəyə tələsdim,
Gecə-gündüz təyyarə arzuladım…
Sonda arzum çin oldu.
O qədər ki,
Hələ də göyərtədən enməmişəm.
Bir-bir,
Minib-düşənləri yola salıram!

Bakıya dönəni,
Elə də pis deyiləm, Kiev!
Atam da yanımda deyil,
Onu sən saxlamısan
- sanki, bir girovdur,
ya da bizim sülalədən xatirə…
Külqabıda basdırdığım zəhərli papiros kötüyü kimi,
Dərdlərimi ağuşunda gömdüyüm
gözəllər də səndədir…
İndi, nə sıxıntılı anlarımda
əlini məhəbbətlə çiynimə vurub
“üzülmə oğlum, düzələr!” deyən yox,
Nə də, naxoşluğu unudum deyə,
Zamanı mənimçün xoş eləyən yox…

Amma, belə baxanda,
Yerli-yersiz danlayanım da yoxdur,
Dərdimi anlamayıb,
Pul xətrinə “Leyli” rolu oynayanım da…
Sadəcə, günü-gündən artan qayğılarım var…
Onları burdakı qadınlar doğur.


İnsan kimi yaşamaq

İnsanları bir-birindən,
Elə, “insanlıq” deyilən
- Kimi üçün zəhrimar,
Kimi üçün ömründə dadmadığı
bir şərbətdən ayıran
heç də varlılar deyil...
İnsanların içindəki,
Asan yolla varlanmaq,
Kiməsə bənzəyərək
Onun kimi varlı olmaq arzusudur əslində.
Bu da bir insanlıqdır
- İnsanlığı insanlığa qarşı qoyan reallıq.

Alçaldıcı,
ən rəzalət gətirici düşüncə
“Pul ilə nəyisə əldə edim,
Haranısa fəth edim,
Kimlərisə ayağıma gətirə bilim” deyil,
“Pul qazanmaq üçün harasa getmək,
Nəyəsə tüpürüb nəyisə etmək,
Kiminsə alçaq niyyətinə görə,
kimlərisə alçaldıb
Kimlərinsə nəyinə,
ən yaxşı halda isə,
kiminə isə dönmək” mövzusudur əslində.

Ya pul nədir?
İnsanın yaratdığı,
Onu yaşatmaq adıyla
Məhvə doğru aparan..
Vasitə ya möcüzə?
Olmazdı...
Onsuz heç nə olmazdı.
Olsaydı da,
Indi gözlər önündə olanların
heç birisi olmazdı!
Müharibə..
Məhəbbət..
Müdafiə..
Məşəqqət...
Hər şeydən bir az – bir az...

Qalmazdı
- insan olduğu kimi...
O zaman nəyə lazım idi sınaq...
Heç Tanrı da insanı yaratmazdı!
İndi, insan yaradır,
İnsan insan yaradır...
Tanrının yaratdığını kim qırır?
İnsanlar yaşamaqçün,
İnsanlar ölməlidir.
Bu da, qızıl qaydadır
- nəcis qoxusu verən!
Amma, baxın!
Görün,
nə qədər insanın burnunun ucu göynər...
Elə, bu qayda ilə,
Nə qədər insanların həyatını
Cəhənnəmə çevirər...

Bəlkə, insan insan kimi yaşamır?
Amma, yox...
Hər şey getməli olduğu kimi öz gedişində...
Hərə öz vərdişində..
Və hərə öz işində!
Ortalıqda, sadəcə bir yozum var:
İnsanları insan kimi yaşamaqdan ayıran,
İnsan kimi yaşamaq iddiasıdır elə!
İddia insanındır.
Öz iddiasına qul olmaq isə,
İnsanlığın ayrılmaz nişanıdır.
Kimində az görünür,
Kimisində göz deşir!
Nə isə...
İnsanlığınız mübarək olsun!


Çoxluq və yoxluq

Sevgidən çox yazıram.
Çoxu, anlamır məni,
Çoxu qınayır məni!
Hətta, lağ edən də çox!
Çün, oxuduqlarından,
duyduqları məna yox!
Çünki, yox duyğuları!
Anlamazlar ki, sevgi,
yox edir çoxluqları,
çox edir yoxluqları...

...Eh! Zavallı çoxluq!
Mən yoxsulun
Sevgisinin yanında,
sizin yoxsul sevginiz
yox kimidir!
Mənim Sevgim böyükdür,
Kainatda əhatə!
Beşiyi də,
evi də,
Kiçicik ürəyimdə...

...Siz anlamazsız məni!
Oxumayın, “yox” deyin!
“Yaxın baxmaq, toxunmaq
bu yoxsula çox” deyin!
Mənsə, ruhdan düşmərəm,
Mənimçün qorxusu yox!
Amma, “çox”u görəndə,
İçdən deyərəm “Əfsus!”
Qayəsi yox, məğzi yox,
ehtirasa, şəhvətə
“Sevgi” adı qoymusuz!
Siz yoxluqdan atılmış,
Yoxa gedən oxsunuz!
Mən sizinçün yazmıram,
Siz mənimçün yoxsunuz!

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG