Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:39

«Məmur özbaşınalığını dövlət siyasəti kimi qabardanlar var»


Elmira Süleymanova
Elmira Süleymanova
Dekabrın 10-da dünya Beynəlxalq İnsan Haqları Gününü qeyd etdi. Bəs, Azərbaycanda İnsan hüquqları necə qorunur? Bu barədə AzadlıqRadiosunun suallarını Azərbaycanın insan hüquqları müvəkkili - ombudsman Elmira Süleymanova cavablandırıb.

- Azərbaycanda insan hüquqlarının qorunmasında dövlət nə dərəcədə israrlıdır?

- Bunu bilmək üçün dünyadakı vəziyyətə də diqqət yetirib müqayisəli təhlil aparmaq lazımdır. Bu sahədə 10 il əvvəlki vəziyyətlə Azərbaycanın bu gününü müqayisələndirdikdə heç kim inkar etməz ki, çox böyük dönüş yaranıb. Özü də bu dönüş demək olar ki, bütün hüquqlara şamil olunur. Amma bununla belə heç kim də birmənalı şəkildə hüquq pozuntusunun olmadığını deyə bilməz. Belə bir bəxtəvər ölkəni də kimsə tanımır. Sadəcə, mən istərdim ki, hər bir hadisəyə daha dərindən yanaşaq və münasibət bildirək ki, səmərəliliyin artmasına nail olaq.

- Avropa İnsan Hüquqları Məhkəməsi, ayrı-ayrı beynəlxalq qurumlar Azərbaycanla bağlı bir sıra problemlərin olduğunu bildirirlər. Bunların həllini hansısa məmurlardan yox, Azərbaycan dövlətindən istəyirlər. Buna münasibətiniz.

MƏMUR ÖZBAŞINALIĞIDIR

- Dəhşət də odur ki, burada elə məmur bəlası, məmur özbaşınalığıdır. Siyasi iradə, eləcə də dövlətin siyasəti heç kimin zorakılığa məruz qalmamasına yönəlib. Bilavasitə göstərişlər də var ki, hər bir zorakılıq halı çox ciddi cəzalandırılmalıdır ki, təkrarlanmasın. Amma eyni zamanda, elə bir dövrdə yaşayırıq ki, hər bir kəsin səhvini, hər kəsin hansısa hərəkətini dövlət siyasəti kimi qabartmaq kimlərinsə marağındadır. Mən əminliklə deyirəm ki, insan hüquqları ilə bağlı bir çox təkliflərimiz dövlət tərəfindən razılıqla qarşılanır və dəstəklənir. Nə qədər ki, biz dövlət qurumları ilə fəaliyyətimizi təkmilləşdirmişik, söz verirəm ki, bundan da artıq, bundan da təkidlə o istiqamətdə işlər görüləcək.

- Məsələn hansı sahələrdə insan hüquqları ilə bağlı vəziyyətdə dönüş var?


- Məsələn, götürək daxili işlər orqanlarını. Əlbəttə, zorakılıq bundan qat-qat çox idi. Amma eyni zamanda onu da deyim ki, zorakılığın sayının çox və ya az olması önəmli deyil. Əsas odur ki, sadəcə zorakılığa yol verilməməlidir. Hər bir fərd özlüyündə bir ömür yaşayır və onun rahatlığını qorumaq lazımdır ki, konstitusiyada, qanunlarda, konvensiyalarda təsbit olunmuş bütün hüquqlarının təminatını tələb edə bilsin. Dövlət də buna zəmanət verir. Biz isə-bütün məmurlar bunu özümüzə vəzifə və borc kimi dərk etsək, heç kəs kimsəyə qarşı zorakılığa yol verməz. Biz hər hansı bir zorakılıq olanda, həmin gün onu mətbuata veririk. Mediadan da bu işdə qərəzsiz münasibət, ədalətli dəstək istəyirik.

BU GÜN POLİS, PROKURORLUQ ORQANLARINDAKI MƏMURLAR DA CƏZALANDIRILIR

- Demək olarmı dövlət həmin o özbaşına məmurların öhdəsindən gələ bilmir?


- Mən elə deməzdim. Bütün ölkələrdə belə zorakılıqlar var. Qısa müddətdə insanın libasını yeniləmək olar, hansısa şəraitini dəyişmək olar. İnsanın düşüncəsinin, vərdişlərinin, həyat tərzinin dəyişməsi isə addım-addım, özü də daha kiçik addımlarla həyata keçirilən bir işdir. Ona görə məmurların fəaliyyətini elə dövlət qurumları özləri də daha böyük nəzarət altında saxlamalıdır. Deyirsiz bacarmır. O necə dövlətdir ki, bacarmasın. Bizim dövlət xeyli güclü dövlətdir. Bunu o da göstərir ki, biz fəaliyyətə başlayanda, bir adamın cəzalandırılmasına nail ola bilmirdik. Amma keçən il təkcə daxili işlər orqanlarından 240-dan çox, prokurorluq orqanlarından isə 60-dan çox adam cəzalandırılıb. Bu da bir «həyat tərzi»dir ki, Azərbaycana ayaq açıb. Mən inanıram ki, burada da vəziyyət daha da fərqli olacaq.

- Bu proses davam etsə, daha yüksək çinli məmurların da cəzalandırılması ehtimalı varmı?

- Şübhəsiz. Çünki əvvəllər yalnız kiçik məmurlar cəzalandırılırdısa, bu gün baxın, polis, prokurorluq və digər orqanlardakı məmurlar cəzalandırılırlar. Özü də ciddi şəkildə, sadəcə şifahi, yaxud töhmət verilməklə yox. Bunların bəziləri məhkəməyə verilir, bəziləri uzun illər işlədiyi sistemdən qovulur, bəzilərinin rütbəsi endirilir. Bu həyatın demək olar ki, bütün sahələrinə aid edilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG