Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:25

Yenə qiymətlər bahalaşır, axı qarşıdan bayram gəlir


«Meyvə od qiymətinədir»
Bayramqabağıdırsa, demək qiymətlər bahalaşacaq. Hər bayram ərəfəsində ərzaq məhsullarının qiymətlərinin artmasına artıq Bakıdakı alıcılar çoxdan öyrəşib.

Yolunu hər gün dükan-bazardan salan 3 uşaq atası Tamerlan Kərimov deyir ki, o, qiymətlərin nəinki hər ay, az qala hər həftə bahalaşmasını görür. Bayram ərəfəsində isə işlər lap çətinləşir:

«Ətin kilosu 10 dollardır. Balığın kilosu 20 manatdır, hansı ki, burnumuzun dibində çıxır. Hər şey od qiymətinədir. Ağlabatan şey deyil, vallah»...

Keçən ay Azərbaycanda istehlak qiymətləri 1.8% artıb. Ay ərzində ərzaq 2.5% bahalanıb. Bu Dövlət Statistika Komitəsinin rəsmi məlumatıdır. Noyabrda bahalaşan ərzaq malları siyahısında dənli bitki məhsulları (çörək, qarabaşaq, düyü, makaron), süd məhsulları (süd, pendir, xama, kərə yağı), ət (mal, qoyun, toyuq), bir sıra meyvə və tərəvəzlər (banan, armud, heyva, nar, xiyar, pomidor, bibər, sarımsaq, soğan, kartof) var.

Ancaq ucuzlaşan mallar da var: limon, portağal, naringi, xurma, kələm, göyərti, çuğundur, kök və s.

«ÖMRÜ BOYU BELƏ OLUB, ELƏ DEYƏSƏN BELƏ DƏ OLACAQ»


Ancaq müstəqil iqtisadçılar qiymət bahalaşmasının daha yüksək olması fikrindədirlər. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu:

«İki dəfə bahalaşmış yemin nəticədə son məhsulun qiymətinə təsiri olacaq. Bəzi məmulatlar var ki, dənli və paxlalı bitkilərin bazasında istehsal olunur».

İqtisadçılar deyirlər ki, azad bazarın olmaması, monopoliya qiymətlərin artmasının əsas səbəblərindəndir.

Bakıdakı mağazalarda 9 manata da yolka satılır, qiyməti 1000 dollar, ondan baha olan yolka da var
Bakı bazarlarında isə ilin bütün fəsillərində alıcılar bahalıqdan şikayətlənirlər:

- «Hər şey bahadır. Heç çörəyin özünü çatdırmaq olmur».
- «Bahalıqdır, başqa nə demək olar».
- «Meyvə od qiymətinədir».
- «Hökumət də bu işlərə bir nəzarət eləməlidir».

Mağazalardakı alıcılar deyirlər ki, bu günlər yağın, un məhsullarının, şəkərinin bahalaşmasının şahidi olurlar:

- «Yağ, un, bahalaşıb. Qiyməti qaldıranda, heç adama xəbərdarlıq da eləmirlər».
- «Un, yağ, şəkər, pendir, nə bahalaşmayıb ki?».
- «Həddindən artıq bahalıqdır, nə deyəsən...».
- «Aldığımız maaş hara, bu qiymətlər hara...».
- «Bayrama görə qiymətlər qalxır. Ömrü boyu belə olub, elə deyəsən belə də olacaq».

«QİYMƏT ARTIMI YENİ İL QABAĞI DAHA ÇOX HİSS OLUNUR»

İqtisadçı-jurnalist Hafiz Babalı da bu alıcının fikrini bölüşür. Deyir ki, hər bayramda qiymət artımı gözləniləndir. Səbəbinə gəldikdə, o, bunları deyir:

«Bir şeyə hər hansı bir dövrdə tələbat artırsa və onun təklifi elə yüksək həddə deyilsə, bazar da azad bazar deyilsə, istehsalçılar qiymətlərin artmasında maraqlı olurlar. Azərbaycan kimi ölkələrdə bu, təbii hala çevrilir. Bunu Novruz bayramında da, Qurban bayramında da gördük. Xüsusilə Yeni il qabağı daha çox hiss olunur. Həm də əhali də istehlaka meyl edir, bayram günlərində evdə olur. Qiymətlərdə 3-5 faiz artım olur».

Yeni il ərəfəsində Yolkalar, Santa-Klauslar, yolka oyuncaqlarına da tələbat artır.
Yeni il ərəfəsində Yolkalar, Santa-Klauslar, yolka oyuncaqlarına da tələbat artır
Bakıda Yeni il bəzəkləri satılan mağazalarda qiymətlər müxtəlifdir. Satıcı Əbdül Əliyev deyir ki, keçən illə müqayisədə qiymətlər bahalaşmayıb, əksinə ucuzlaşıb:

«7 manata da, 5 manata da oyuncaqlar var. Başqa aksessuarlar da elə. Bahalaşma yoxdur».

«QİYMƏTLƏR İNDİ UCUZDUR, BİR AZDAN BAHA OLACAQ»


Satıcı Nadir isə deyir ki, qiymətlər indi baha deyil, bir neçə günə bahalaşma olacaq:

«Ona görə ki, bir azdan daha çox tələbat olacaq».

Qiymətlərə gəldikdə isə, Bakıdakı mağazalarda 9 manata da yolka satılır, qiyməti 1000 dollar, ondan baha olan yolka da var. 7 manata da Santa-Klaus almaq olar, 125 manata da.

Belə bahalı yolka satıcılarından biri Asəf deyir ki, onların da öz alıcıları var:

«Elə olur gündə ikisini, üçünü satırıq. Alıcılarımız həmişə var».

İqtisadçılar bayramqabağı bahalaşmanı həm də inhisarçılıqla izah edirlər. İqtisadi İnkişaf Nazirliyindən isə bildirirlər ki, qiymətlərlə bağlı monitorinqlər keçirirlər.

Şərhləri göstər

XS
SM
MD
LG