Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:15

Xuraman Hüseynzadə. Yeni şeirlər
















Gedək


Dolanaq eşqin başına,
Pərvanətək yanaq, gedək.
Dostlardan, aydan, günəşdən
Sevgimizi danaq, gedək.

Yollar qovuşdurub bizi,
Əldən salaq yolu, izi,
Yolüstü ilk sevgimizi
Gülə-gülə anaq, gedək.

Bəxtimizin rəngi hara-
Biz də elə gedək ora.
Gecə qara, cücə qara
Gəl, gecəyə qonaq gedək.

***

Gözünün önündəydim,
məni görmədin.
Bir xoş söz söyləmədin,
bir ümid vermədin.
Ovcundaydım,
barmaqların bükülmədi,
əllərim qoynumdan,
gözlərim yollardan çəkilmədi.
Mən səndən nə istədim ki?
Sadəcə sevgi...
Onu mənə qıymadın,
nələr çəkdim,
gördün,
amma duymadın.
İndisə gecdi.
Çox gec...
Heç bilmirəm hardasan...
Bütün qapılar üzünə bağlı,
mənim həyatımda
çoxdan ignordasan...

***

Sonbahar ovqatlı adamların
bir-bir çəkilib getdiyi
soyuq kafenin bir küncündə,
olumla ölümün tən ortasında
xəyala gedib...
Çəkdiyi siqaretlərin kötükləri
dərdinin altını körükləyir.
Ruhu tüstüyə dönüb
siqaretlərin canından çıxır.
Gözlərini
keçmişin qara ləkəsi olan
bir nöqtəyə zilləyib
eləcə baxır
və içir...
O nöqtənin arxasından,
kafenin qarşısından isə
gözəl bir qız keçir...

***

Baxışlarını gözlərimdən,
adını qəlbimdən,
nömrəni telefonumdan sildim.
Ürəyimi yedim,
göz yaşlarımı içdim,
keçdiyimiz yerlərdən keçdim

yolun sonunda
kölgəmi özümdən,
göz yaşlarımı gözümdən
ayırıb
başqa bir ürəyə köçdüm...


Ay

İşığı pəncərədən
gözümə düşən ay...
Xoş gəlmisən
Gözümdən çoxdan düşən
sevgilimin yerinə.
Gəlişinlə nurlandı otağım,
yatağım,
gəl, ol mənim
dərd ortağım...
Saçlarıma sığal çək,
nağıl danış,
şeir de.
Gəl, içək
asıldığın göylərin
sağlığına.
...Yenə getdin,
gözdən itdin,
indi mən
kimə deyim dərdimi?
Eh, sən də
göy üzündə belə sürüşməsəydin
allah öz yanında
sənə yer verərdimi?


Görüş

Bu şəhərdə
yenə üz-üzə gəldik...
Təzə sevginin üstündən
köhnə xatirələrin
tozunu sildik.
Köhnə sevgilini yenidən
sevmək,
yeni sevgini
köhnə sevgilidə tapmaq...
Bu sevgi
ikimizə də tanışdı,
biz susduq,
xatərələr danışdı...


Qayıt

(İş adamı Ebru xanım Öztürk üçün)

Gözləri badamı dostum,
Başına iş qəhət deyil.
Mənim iş adamı dostum,
Bu, sizin məmləkət deyil.

Bizdə hər iş qumar, oyun,
Oyun gedər sağ-solunda.
Qurban gedər burda qoyun,
Kəsilir padşah yolunda.

Gedən bilmir necə gedir,
Tor qurulur axmaq üçün.
Burda tülkü həccə gedir
Hində toyuq tutmaq üçün.

Bal səndən, pətək verərlər,
Çəkərlər səni şirəyə.
Əl səndən, ətək verərlər,
Sürüyərlər düz dərəyə.

Ziyanı yarıyol edib
Qayıt... Düşmə burda tora.
Dostluğunu qəbul edib
Səni qoyarlar ignora...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG