Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:55

Ombudsman həm də informasiya işlərinə baxsa...


Elmira Süleymanova
Elmira Süleymanova
Dekabrın 8-də parlamentin komitə iclasında İnformasiya üzrə müvəkkilin səlahiyyətlərinin İnsan haqları üzrə Ombudsmana verilməsinə dair prezidentin təklif etdiyi layihə müzakirə olunub. Bu layihə yerli ictimaiyyət arasında birmənalı qarşılanmayıb.

«İnformasiya əldə etmək» haqqında qanun 2005-ci ilin dekabrında qəbul olunub. Qanunda göstərilib ki, İnformasiya Müvəkkili qanun qüvvəyə minəndən ən geci altı ay ərzində seçilməlidir.

ANALOQU OLMAYAN BİRLƏŞMƏ

Mətbuat Şurası dekabrın 8-də ölkə prezidentinə müraciət edib ki, bu səlahiyyətlərin insan hüquqları üzrə Ombudsmana verilməsinin qarşısını alsın.
Müraciət müəllifləri hesab edir ki, bu institutun ayrıca qurum kimi təsisatı effektiv nəticələr əldə etməyə imkan verir. Mətbuat Şurası bildirir ki, bu təsisat İnsan Hüquqları üzrə Ombudsmana verilsə, onda bu birləşmənin dünyada analoqu olmayacaq, çünki inkişaf etmiş ölkələrdə bu təsisatlar ayrı-ayrılıqda fəaliyyət göstərir.

GERİYƏ ADDIM


Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı isə bu səlahiyyətlərin birləşdirilməsini geriyə addım
Rəşid Hacılı
sayır:

«Beş ildir ki, qanun qəbul olunub. İnformasiya üzrə müvəkkilin təyin olunmasının əks edildiyi maddə bu qanunda mütərəqqi maddələrdən biri idi. Daha çox ümid edilirdi ki, bu institutun təsisatı informasiya əldə etmək sahəsindəki vəziyyətə, medianın azadlığına təsir göstərəcək. Hökumət isə bundan geri çəkilir və bu, təəssüf doğurur».

MADDƏDƏN BLEF KİMİ İSTİFADƏ OLUNDU

IREX Beynəlxalq Təşkilatının media məsələləri üzrə eksperti Ələsgər Məmmədli də bu addımı yanlış sayır. Onun fikrincə, Azərbaycan Avropa Şurasına üzv olanda da öhdəliklərdən biri informasiya əldə edilməsi vəziyyətinin yaxşılaşdırılması olub:

«Bu beş ildə Prezident Aparatı üç nəfər namizəd tapıb parlamentə göndərə bilmədi, parlament də heç bir təşəbbüsdə bulunmadı. İndi görünən mənzərə budur ki, hökumət heç bunu istəmirmiş. Sadəcə, qanunu beynəlxalq təşkilatlara ekspertizaya göndərəndə, bu maddədən bir blef kimi istifadə edib, indi də geri çəkir.

Ələsgər Məmmədlinin fikrincə, informasiya üzrə müvəkkillik institutunun ləğvi informasiya haqqında qanunun mahiyyətini
Ələsgər Məmmədli
xeyli azaldacaq:

«Orda nəzərdə tutulur ki, insan hüquqları müvəkkilinin monitorinq aparmaq, bu sahəyə nəzarət etmək, hesabat vermək səlahiyyəti var. Bunun ləğvi o deməkdir ki, qanunun 50 faizi işləməyəcək».

İNFORMASİYA ÜZRƏ AYRICA MÜVƏKKİL OLMALIDIR


Bəlkə İnsan hüquqları Ombudsmanı həm də informasiya sahəsindəki problemlərin öhdəsindən gələcək? Bu sahənin boş qalmasındansa, kimə isə həvalə olunması daha məqsədəuyğun deyilmi?

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı deyir ki, «İnformasiya əldə etmə haqqında» Qanunun ictimai müzakirəsi zamanı bu məsələ hərtərəfli təhlil edilib. Nəhayətdə qərara alınıb ki, media-informasiya sahəsi üzrə müvəkkil spesifik xüsusiyyətinə görə ayrıca qurum olmalıdır.

İnsan hüquq müdafiəçiləri də təəccüblənir ki, bu sahə üzrə Ombudsmanın kifayət qədər çox işi olduğu halda, ona əlavə səlahiyyətlər verilməsinə nə ehtiyac var.

Fəzail Ağamalı
İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov deyir ki, ombudsmanın kifayət qədər səlahiyyəti var:

«Yaxşı olar ki, bu səlahiyyətlər informasiya sahəsində çalışanlardan birinə verilsin. Elmira xanımın onsuz da işi çoxdur. Bunu da onun üzərinə qoymaq düzgün olmazdı».

GƏRƏK DİGƏR SAHƏLƏR ÜZRƏ DƏ OMBUDSMAN OLSUN

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə təklifin əleyhinə gedənlərlə razılaşmır. O, AzadlıqRadiosuna müsahibəsində deyib ki, parlament komitəsində müzakirələr zamanı informasiya azadlığı üzrə xüsusi müvəkkilin təyin olunmasına ehtiyac duyulmayıb. Qeyd olunub ki, bu səlahiyyətlər də insan hüquqları üzrə hazırkı müvəkkilə verilsin:

«İnformasiya ombudsmanının yaradılması bu qanun layihəsinin (yəni, prezidentin təklif etdiyi layihənin) predmeti deyildi. Sadəcə, müzakirələrdə ATƏT-in təmsilçisi tərəfindən də belə fikir səsləndi ki, bu, yaradılsa yaxşı olar. Amma başqa arqumentlər də səsləndi ki, onda başqa sahələrdə də ombudsman təyin edilməlidir. O da qeyd olundu ki, bu, çoxsaylı ombudsmanların yaradılmasına gətirib çıxara bilər. Bu baxımdan da hesab olundu ki, bütün səlahiyyətlər mövcud ombudsmana həvalə edilsin».

Ombudsman Aparatının adının çəkilməsini istəməyən bir rəsmisi isə AzadlıqRadiosuna bildirib ki, onun şəxsi qənaətinə görə, İnsan hüquqları üzrə Ombudsman informasiya sahəsinin də öhdəsindən gələ bilər. Amma əvvəlcə dünya təcrübəsi öyrənilməli, mexanizm hazırlanmalıdır. O cümlədən, Ombudsman Aparatında media üzrə də ayrıca sektor yaradıla bilər.
XS
SM
MD
LG