Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:22

Rəsmi Bakı Ermənistanı beynəlxalq hüquqlara hörmətsizlik etməkdə günahlandırır


Rəsmi Bakı Ermənistanı beynəlxalq ictimaiyyətə və Azərbaycanın beynəlxalq hüquqlarına hörmət etməməkdə günahlandırır.

«Ermənistan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq ictimaiyyətə və Azərbaycanın beynəlxalq hüquqlarına hörmətsizlik siyasətini davam etdirir» bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Ermənistan parlamentinin "Beynəlxalq müqavilələr haqqında qanuna dəyişiklik edilməsi haqqında" qanun layihəsini birinci oxunuşda qəbul etməsini şərh edərkən deyib.

Dekabrın 8-də Ermənistan parlamenti «Beynəlxalq müqavilələr haqqında qanuna dəyişiklik edilməsi haqqında» qanun layihəsini birinci oxunuşda qəbul edib.

Erməni KİV-nin verdiyi məlumata görə, bu qanun əsasında tanınmamış subyektlərlə rəsmi səviyyədə müqavilələrin bağlanması və bu müqavilələrin parlamentdə ratifikasiyası mümkün olacaq.

Həsənov deyib ki, ATƏT-in Astana sammitindən sonra artıq həmsədr ölkələrin hər üçü Dağlıq Qarabağ münqişəsinin həllində gecikmələrdən, mövcud problemin uzanmasından narahat olduqlarını bildiriblər.

«Əlbəttə buna Azərbaycanın iradəsi də təsir göstərir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın bu məsələdə səbrinin bir həddi var. Ermənilərin qeyri-konstruktivliyi, məsələləri təkrar-təkrar gündəmə gətirmək cəhdləri, əvvəl razılaşdırılmış məsələlər ətrafında yenidən müzakirə açmaları bunu göstərir ki, ermənilər bu məsələdə qeyri-konstruktiv mövqelərini davam etdirmək fikrindədirlər», - Həsənov deyib.

O, bildirib ki, Dağlıq Qarabağ problemi ətrafında beynəlxalq fəaliyyətin aktivliyi müşahidə olunur.

«Lakin Ermənistanın qeyri-konsturktiv mövqeyi bu məsələnin müəyyən qədər dalana dirənməsinə səbəb olub. Yəni yenilik yoxdur, problemin həlli ilə bağlı inkişaf meylləri müşahidə olunmur. Ona görə ki, Ermənistanın son dövrlər nümayiş etdirdiyi mövqe, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşmanı davam etdirməsi, Azərbaycanın tarixi adlarını dəyişdirmək cəhdləri, Ermənistan parlamentinin qəbul etdiyi biabırçı akt, yəni separatçı rejimlərlə Ermənistan dövlətinin bu və ya digər əlaqələrinin hüquqi qiymətə mindirilməsi cəhdləri var», - Həsənov deyib.

Onun sözlərinə görə, bütün bunlar göstərir ki, Dağlıq Qarabağ problemində Ermənistan öz qeyri-konstruktiv mövqeyini davam etdirir.

«Bu, ATƏT-ə, BMT-nin qətnamələrinə və beynəlxalq ictimaiyyətin bu sahədəki cəhdlərinə meydan oxumaqdadır. Bu, nə qədər davam edəcək, hansı sonluqla yekunlaşacaq, bunu proqnozlaşdırmaq çox çətindir. Amma təkrar edirik ki, Azərbaycan dövləti bu vəziyyətə çox dözməyəcək və cənab Prezidentin də qeyd etdiyi kimi, əgər bundan sonra da biz bu danışıqların nəticəsiz yekunlaşacağını dəqiq müəyyən edəndən sonra digər addımlara əl atacağıq», - Həsənov əlavə edib. /Trend/
XS
SM
MD
LG