Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:32

«Qırıcı deyil, qurucu təşəbbüslərlə çıxış etmək lazımdır»


Rəbiyyət Aslanova

Rəbiyyət Aslanova

10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günüdür. Bu sahədə Azərbaycanda vəziyyət nə yerdədir?

AzadlıqRadiosunun bu barədə suallarını Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova cavablandırır:

- Azərbaycanda insan hüquqlarının qorunması milli qanunvericiliyin əsas prioritet sahəsidir. Milli Məclisdə qəbul olunan bütün qanunlar Azərbaycan insanının hüquq və azadlıqlarının təminatına yönəlib. İnsan hüquqlarının qorunması dövlətin ali məqsədidir... Hazırda Azərbaycan beynəlxalq təşkilatların bu sahədə qəbul etdiyi elə bir konvensiya, protokol yoxdur ki, ona imza atmasın. Buna görə də birmənalı demək olar ki, Azərbaycanda insan hüquqlarının təmin olunması üçün dövlət üzərinə düşən bütün vəzifələri yerinə yetirir və vətəndaşla münasibətlərini bu prinsip üzərində qurur.

AZƏRBAYCANDA İNSAN HÜQUQLARI 100 FAİZ QORUNMUR

- Bu sahədə qanunların qəbulu, konvensiyalara qoşulma, bir sözlə, hərtərəfli hüquqi bazanın yaradılması reallıqda Azərbaycan insanının hüquqlarının qorunmasını əməli şəkildə təmin edirmi?

- Dövlət bu məsələdə maraqlı olduğunu ortaya qoyub. Amma insan hüquqlarının qorunmasının bütün ağırlığını yalnız qanunların üzərinə də qoymaq olmaz. Bu prosesə vətəndaşın da bir dərk olunmuş münasibəti lazımdır. Nədənsə hazırda Azərbaycanda hansısa bir məmurun, səlahiyyət sahibinin bəlkə də o qanunları bilməməsi, yaxud bir vətəndaşın hüququnu pozmaq cəhdi bütün dövlətin üzərinə atılır və vətəndaş hüquqlarının qorunmaması kimi qiymətləndirilir. Dünyanın heç bir məmləkətində, o cümlədən də Azərbaycanda insan hüquqları əlbəttə ki, 100 faiz qorunmur. Bu, mümkün də deyil. Bu münasibətlərin spektri çox genişdir. Ona görə də «mənim hüququm orada bitir ki, sənin hüququn başlanır» prinsipini pozan insanlar da var. Bu, vətəndaş-vətəndaş münasibətində olduğu kimi vətəndaş-məmur münasibətlərində də var və bundan çıxış edib Azərbaycanda insan hüquqlarının qorunmamasını iddia etmək düz deyil. Vətəndaşın hər hansı bir hüququnun pozulması ilk növbədə onun öz hüququnu bilməməsi üzündən baş verir. Ancaq vətəndaş konstitusion hüquqlarının gerçəkləşməsi üçün çaba göstərəndə, onun hüquqlarını heç kim pozmur.

AVROPA MƏHKƏMƏSİNİN EYNULLA FƏTULLAYEVƏ MÜNASİBƏTİ OBYEKTİV DEYİL

- Amma bu günlərdə Avropa Şurası Nazirlər Komitəsi jurnalist Eynulla Fətullayevin işi üzrə yekun rəyini açıqlayıb. Həmin rəydə jurnalistin azad olunması hansısa məmurdan yox, Azərbaycan dövlətindən istənilir.

- Eynulla Fətullayev ona məhkəmə tərəfindən verilmiş cəzanı çəkməlidir. Biz cəzasızlıq mühitində yaşamaq istəmiriksə, öz məhkəmələrimizin ədalətli qərarlarını şübhə altına almamalıyıq. Eləcə də Azərbaycan məhkəmələrinə təzyiq üçün hansısa instansiyalara müraciət etməməliyik. Qəribədir ki, Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanın məcburi köçkünlərinin xeyli sayda mülki iddiaları baxılmamış qalır. Onda nədən Eynulla Fətullayevlə bağlı işə belə çevik reaksiya verilir. Nədir onların marağı? Azərbaycanın milli məhkəmə, hüquq sistemi var və o, öz qərarını verib. Hesab edirəm ki, bu cür təzyiqlər qətiyyən düz deyil. Avropa Məhkəməsi Azərbaycanla bağlı bir neçə işə baxıb. O işlərlə əlaqədar Azərbaycan rəsmiləri öz münasibətlərini bildiriblər. Amma Eynulla Fətullayevlə bağlı bu instansiyanın münasibəti obyektiv deyil. Bu, şişirdilmiş münasibətdir və mən onunla qətiyyən razı deyiləm. Nə gözəl olardı ki, ora göndərilən mülki iddialara da belə çevikliklə baxaydılar.

MÜXALİFƏT ƏRKÖYÜNLÜK EDİR

- Bəzi siyasi qüvvələr ölkədə sərbəst toplaşma azadlığının təmin olunmadığını iddia edirlər. Bu nə dərəcədə insan hüquqlarının qorunması ilə uyğunlaşır?

- «Sərbəst toplaşma haqqında» Qanuna əlavə və dəyişiklikləri parlamentə mən təqdim etmişdim. Bu qanun kifayət qədər mükəmməl bir sənəddir və hamıya bərabər şərait yaradır. Bəzi müxalifət nümayəndələri bu məsələdə ərköyünlüklər edirlər. Hüquqi dövlətdə yaşamaq istəyənlər qaydalara riayət etməlidirlər. Xatırlayıram, seçki öncəsi mənə toplantı etməklə bağlı müraciətlər oldu. Mən onda da dedim ki, hamıya bərabər şərait yaradılıb. YAP harada mitinq, toplantı keçirəcəksə, siz də orada bunu edəcəksiniz. Elə də oldu. Sərbəst toplaşma azadlığı ifadəsinə 1991-1993-cü ilin toplaşma stereotipi kimi baxmaq olmaz. İnsan dəyişib, cəmiyyət dəyişib. Bunu nəzərə almalı, qırıcı deyil, qurucu təşəbbüslərlə çıxış etmək lazımdır.

ONLAR DÖVLƏTDƏN ÖDƏNİLMƏSİ MÜMKÜN OLMAYAN MƏBLƏĞ TƏLƏB EDİRLƏR

- Bakıda Qış Parkı salınan ərazinin sakinləri onlara kompensasiyanın düz ödənilməməsi, iradələrindən asılı olmayaraq evlərinin alınması və s. bu kimi hallardan narazılıq edir, mülkiyyət hüquqlarının pozulduğunu deyirlər.

- Həmin yerin köçürülməsi dövlət proqramı çərçivəsində həyata keçirilir. O indiki dövrlə uyuşmayan ərazidə çox gözəl bir Qış Parkı salınacaq. Məlumdur ki, dövlət əhəmiyyətli tikintilərin aparılması üçün torpaqların alınması və həmin yerlərin sakinlərinə pul verilməsi qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Mən bu işlə şəxsən tanışam və vəziyyətin nə yerdə olduğunu dəqiq bilirəm. Həmin insanlarla görüşmüşəm, Bakı şəhər İcra Hakimiyyətində bu işlə maraqlanmışam. Onların bəziləri pulun azlığından, bəziləri yerini, obyektini itirmək istəmədiyindən şikayətlənir. Onlar evlərinin şəhərin mərkəzində olduğunu əsas gətirib dövlətdən ödənilməsi mümkün olmayan məbləğ tələb edirlər. Halbuki, dövlət onlara şəhərdə, özü də indikindən artıq şəraitli ev almaq üçün yetərli pul təklif edir. Kağız da verib, istədikləri vaxt gedib o pulu ala bilərlər. Odur ki, onların mülkiyyət hüququ pozulmur.

- İnsan hüquqları sahəsində Azərbaycanda vəziyyət pisdirsə onu düzəltmək, yaxşıdırsa, daha yaxşı olması üçün nə etmək lazımdır və bunu daha çox kim etməlidir?

- Ümumiyyətlə, insan hüquqlarının yaxşı olması üçün hər birimiz məsuliyyət daşıyırıq. Yəni, adi vətəndaşından yüksək dövlət məmurunadək hər bir kəs. İnsan hüquqlarının gerçəkləşməsi təkcə kağız üzərində olmamalıdır. Bu, insanların biri birinə xoş münasibəti, dərdini anlaması, qayğısına qalmasıdır. Belə olan şəraitdə elə bir mühit yaranacaq ki, birinin hüququ digərinin hüququnun başlandığı yerdə dayanacaq. Bunun üçün dövlət tərəfindən hər şey edilir. Qalır Azərbaycan vətəndaşının biri birinə və həmin qanunlara münasibəti.

Şərhləri göstər

XS
SM
MD
LG