Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:59
Gözdən Əlillər Cəmiyyətinin üzvü Kifayət Mürsəliyeva AzadlıqRadiosunun “Qaynar xətt” verilişinə şikayət edib ki, cəmiyyətin sədri Səmyar Abdullayev cəmiyyətə məxsus obyektləri satıb, pulunu mənimsəyib.

GÖZDƏN ƏLİL NİYƏ İŞSİZ QALDI

Kifayət Mürsəliyevanın deməsinə görə, uzun illər cəmiyyətin Mədəniyyət Evində işləyib. Ancaq bir neçə il əvvəl mədəniyyət evinin yerləşdiyi ərazi iş adamlarına satıldığına görə o da digər gözdən əlillər kimi işsiz qalıb:

“1973-cü ildən cəmiyyətimizdə işçi kimi fəaliyyətə başlamışam. 1979-cu ildə isə Şıxəli Qurbanov 25 ünvanında yerləşən mədəniyyət evində mədəni işlərin təşkilatçısı kimi işə başlamışam. 1995-ci ildə maddi çətinliklərə görə cəmiyyətin nəzdində olan 1 saylı kombinatın direktoru Qara Allahverdiyevin icazəsi ilə həmin yeri icarəyə verdik. İcarədən gələn pulla həmin yeri təmir etdirdik. Oradan gələn pulla idarənin işçiləri ilə birlikdə 30-35 nəfər maaş alırdı. 2003-cü ildə həmin yer Səmyar Abdullayev tərəfindən imtina məktubu verilərək icarə verdiyimiz adama satıldı”.

“ƏLİLLƏR YATAQXANADAN KÖÇÜRÜLDÜLƏR”

Kifayət Mürsəliyeva deyir ki, 1958-ci ildə tikilərək gözdən əlillərin istifadəsinə verilmiş ikimərtəbəli yataqxanada yaşayanlar oradan köçürülüb. Yataqxananın taleyi hələ də qaranlıq olaraq qalır:

“2002-ci ildə iki böyük şirkət tərəfindən həmin yataqxana təmir olundu. Orda yaşayış üçün bütün şərait yaradılmışdı. Mən inanmıram ki, o təmirdən sonra Bakı şəhərində ikinci belə bir şəraiti olan yataqxana olsun. Lakin təmirdən bir qədər sonra yataqxananın sakinləri işıqları, qazları, suları kəsilərək məcburən oradan çıxarıldılar və yaşayış üçün heç bir şəraiti olmayan qeyri-yaşayış sahələrinə köçürüldülər”.

“YERLƏR SATILIB, PULLAR MƏNİMSƏNİLİB”

Kifayət Mürsəliyevanın sözlərinə görə, cəmiyyətin Nizamnaməsinə əsasən balansında olan yerlər nə satıla, nə də özəlləşdirilə bilər. Lakin onun deməsinə görə, cəmiyyətin sədri Nizamnaməyə məhəl qoymur:

“Ağa Nemətulla küçəsində bizim “Səbinə” kooperativimiz var idi, sahəsi 2098,6 kvadrat idi, eyni zamanda, Ceyhun Hacıbəyli küçəsində yerləşən 1736 kvadratmetr sahəmiz satılıb. Bunlar cəmiyyətin balansında olan yerlərdir. 50-60 ildən bəri icarəmizdə olan yerlər çox asan yolla – cəmiyyətin sədri tərəfindən imtina məktubu yazılmaqla satılıb, əldə olunan vəsait cəmiyyət sədri tərəfindən mənimsənilib”.

“DEYİLƏNLƏR TƏSDİQİNİ TAPMAYIB”

Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev isə Mürsəliyevanın ittihamları ilə razılaşmır. Onun sözlərinə görə, cəmiyyət üzvünün sadaladığı faktlar dəfələrlə yoxlanılsa da, təsdiqini tapmayıb:

“Cəmiyyətin sədri olaraq tam məsuliyyətimlə deyirəm ki, bunlar böhtan və şantajdan başqa bir şey deyil. Bütün bunlar araşdırılıb, əgər onlar hər hansı dövlət qurumunun apardığı yoxlamalara şübhə ilə yanaşırlarsa, bu, onların öz işidir”.

Səmyar Abdullayev deyir ki, satılan obyektlər cəmiyyətə yox, Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus olub, Komitə öz əmlakını satıbsa, buna görə o, neyləməlidir:

“Həmin o Şıxəli Qurbanov, Üzeyir Hacıbəyov küçələrindəki yerlər Dövlət Əmlak Komitəsinin balansında olan mülkiyyətdir, cəmiyyətin mülkiyyəti deyil. Cəmiyyət rəhbərliyinin də onu kiməsə satmaq, yaxud kiməsə icarəyə vermək ixtiyarı yoxdur. Bizim burda nə məsuliyyətimiz var, nə də cavabdehliyimiz. Əgər onlar haqlıdırlarsa, niyə məhkəməyə müraciət etmirlər. Ədliyyə Nazirliyinə, digər dövlət qurumlarına müraciət ediblər, prokurorluğa müraciətlərinin nəticəsində yoxlamalar aparılıb, dedikləri faktların heç biri təsdiqini tapmayıb”.

Səmyar Abdullayev deyir ki, Əmlak Məsələləri Dövlət Komitəsi satdığı sahələrin əvəzinə cəmiyyətə başqa yerlərdə sahələr ayırır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG