Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:45
MƏRASİMİ BOYKOT EDƏN 19 DÖVLƏTİN ADI ELAN EDİLİB

19 ölkə Nobel Sülh Mükafatının təqdimat mərasimində iştirak etməkdən çəkinir. Bu barədə Nobel Komitəsi yaydığı bəyanatda bildirir. Bunlar Çin, Əfqanıstan, Kolumbiya, Kuba, Misir, İran, İraq, Qazaxıstan, Marokko, Pakistan, Filippin, Rusiya, Səudiyyə Ərəbistanı, Serbiya, Sudan, Tunis, Ukrayna, Venesuela və Vyetnamdır.

Komitənin internet saytında yayılan bəyanatda bildirilir ki, həmin ölkələr müxtəlif əsaslar gətirərək dekabrın 10-da Osloda keçiriləcək mərasimdə iştirak üçün göndərilən dəvətnamədən imtina ediblər. Hələlik dəvəti alan 44 ölkənin Oslodakı səfirliyi mərasimə qatılacağını bildirib.

2010-cu ilin Nobel Sülh Mükafatı Çində həbsdə olan insan haqları fəalı Liu Xiaoboya verilib. O, Çində siyasi islahatlara və insan haqlarının qorunmasına çağıran yazılarına görə 11 il azadlıqdan məhrum edilib. Komitə hesab edir ki, dəvətdən imtina edən ölkələr Pekinin təzyiqləri ilə bu addımı atıblar. Çünki Çin Liu Xiaoboya verilən və bir medal, 1.5 milyon dollar puldan ibarət olan bu mükafatı ölkədə kommunistlərin hakimiyyətinə yönələn ciddi təhlükə elan edib.

AZƏRBAYCAN SƏFİRLİYİ İŞTİRAK TƏLİMATI ALMAYIB

Hələlik Azərbaycanın da mərasimdə təmsil olunub-olunmayacağı məlum deyil. Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Rəfael İbrahimov həm də Norveç və Finlandiyada akkreditə olunub.
Liu Xiaobo Çində siyasi islahatlara və insan haqlarının qorunmasına çağıran yazılarına görə 11 il azadlıqdan məhrum edilib
Səfirin müşaviri Günəş Rüstəmzadə AzadlıqRadiosuna bildirib ki, Osloda Nobel Sülh Mükafatının təqdimat mərasimində iştirak etmək üçün hələlik onlarda təlimat yoxdur. Müşavir həmçinin bildirir ki, onda mərasimə dəvət haqqında da məlumat yoxdur.

KİYEVİN ARQUMENTİNİ KEÇMİŞ NAZİR “BƏHANƏ” SAYIR

Ukraynanın mərasimi boykot edən ölkələr cərgəsinə qoşulması isə bu ölkədə müxalifətin kəskin tənqidlərinə səbəb olub. Kiyev mərasim günü – dekabrın 10-da prezident yanında daha vacib müzakirə olduğu üçün Osloya nümayəndə göndərə bilmədiyini deyib. Amma keçmiş Xarici İşlər naziri Volodimir Oqrizko isə bunu bəhanə adlandırıb:

- Bu cür hallarda səfirliklərdə belə tədbirlərdə iştirak edəcək başqa şəxslər olur. Amma mənim bildiyimə görə, ümumiyyətlə prezidentin yanında həmin müşavirə dekabrın 10-da deyil, gələn həftədir.

ÇİNİN DƏ ALTERNATİV SÜLH MÜKAFATI VAR

“New York Times” qəzetinin yazdığına görə, Pekin isə eyni zamanda özünün Çin filosofu Konfutsi adına Sülh Mükafatını elan edib. Tayvan siyasətçisinin layiq görüldüyü bu mükafatın təqdimetmə mərasimini Nobel Sülh Mükafatının təqdimat mərasimindən bir gün əvvəl – dekabrın 9-da keçirəcək.

NOBEL MÜKAFATI BOŞ STOLA QOYULAN PORTRETƏ TƏQDİM EDİLƏCƏK


Ziyarətçilər builki Nobel Sülh Mükafatı laureatının portretinə baxırlar - Oslo
Liu Xiaobo Nobel Sülh Mükafatına layiq görüləndən sonra dünyanın müxtəlif yerlərindən onun azadlığa buraxılması üçün Pekinə çağırışlar səsləndi. Amma Çin laureatı azad etmədi.

Nobel Komitəsi bildirir ki, 1936-cı ildən bu yana ilk dəfədir ki, mükafat laureatın özünə və ya yaxınlarına təqdim edilmir. 1935-ci ildə Nobel Sülh Mükafatına Almaniya jurnalisti və sülh carçısı Carl von Ossietzky layiq görülüb. Amma ozamankı faşist Almaniyası jurnalistə və ya onun yaxınlarına mükafatı almağa imkan verməyib. Nəticədə 1936-cı ildə mükafat laureat olmadan təqdim edilib.

Çin hakimiyyəti Liunun ailə üzvlərinə də mükafatı almaq üçün Osloya getməyə icazə verməyib. Oktyabrda builki mükafatın sahibi elan ediləndən bəri Xiaobonun arvadı ciddi nəzarət altında saxlanır, onun görüşləri məhdudlaşdırılır.

Nobel Komitəsi bildirir ki, mərasimdə podiuma bir boş stol və üstünə də Liunun portreti qoyulacaq. Komitədə olan məlumata görə, hələlik laureatın yaxın ətrafından heç kim mərasimə qatıla bilmir. Amma qəfil kimsə gələ bilsə, onlar formanı təcili dəyişə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG