Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:10
Azərbaycan Respublikası Ali Məhkəməsi jurnalist Eynulla Fətullayev barəsində çıxarılan qərarın dəyişdirilməsi və onun cəzasının ağırlaşdırılması barədə iddiaları təkzib edir.

Ali Məhkəmənin dekabrın 8-də yaydığı məlumatda deyilir:

“Eynulla Fətullayev barəsindəki cinayət işi üzrə Plenumun qəbul etdiyi 2010-cu il 11 noyabr tarixli qərar Avropa Məhkəməsinin 2010-cu il 22 aprel tarixli qərarında müəyyən edilmiş tələblərə tam uyğun olub və həmin qərarla məhkuma istər vergidən yayınma cinayətinə görə, istərsə də hökmlərin məcmusu üzrə təyin edilmiş cəzaların müddətləri nəinki artırılıb, əksinə qəti cəzanın müddəti azaldılıb, bununla da məhkumun vəziyyəti yüngülləşdiriliib”.

Məlumatda bildirilir ki, Plenum tərəfindən E.Fətullayev haqda qəbul edilmiş qərarlar Avropa Şurası Nazirlər Komitəsinin 3 dekabr tarixli iclasında müzakirə olunub və həmin qərarlardan Komitənin məmnun qalması haqqında qərar qəbul edilib.

Ali Məhkəmə bildirir ki, Fətullayevin həbsdə saxlanılması onun cəzaçəkmə müəssisəsində törətdiyi başqa cinayətlə əlaqədardır və həmin cinayətlə bağlı yalnız birinci instansiya məhkəməsi tərəfindən baxılmış iş Plenumun müzakirə predmeti olmayıb:

“Ali Məhkəmə ilk növbədə bildirir ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, həm kassasiya instansiyası məhkəməsinin, həm də Ali Məhkəmənin Plenumunun hər hansı bir məhkum olunmuş şəxsə təyin edilmiş cəzanın artırılması və ya onun vəziyyətinin başqa cür ağırlaşdırılması haqqında qərar qəbul etmək səlahiyyəti yoxdur. Ali Məhkəmə və onun Plenumu baxdığı bütün işlər üzrə qanunun aliliyi prinsipini rəhbər tutaraq bu tələblərə daim əməl edir, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qanuni, obyektiv və ədalətli qərarların qəbul edilməsinə nail olur”.

BU, NECƏ CƏZANIN YÜNGÜLLƏŞMƏSİDİR?

Eynulla Fətullayevin vəkili Elçin Sadıqov isə Ali Məhkəmənin yaydığı məlumatla razı deyil:

“Cəza necə yüngülləşib ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin bir aylıq şərti cəzası 2 illə əvəz olunub. Bu necə cəzanın yüngülləşməsidir? Hərdən elə şeylər demək lazımdır ki, bu inandırıcı olsun. Bir aylıq şərti cəzanı iki illə əvəzləyib sonra da demək ki, biz cəzanı yüngülləşdirmişik, bu, gözə kül üfürməkdir”.

Avropa Şurası Nazirlər Komitəsinin Plenum qərarından məmnun qalması barədə Ali Məhkəmənin dediklərinə gəlincə, vəkil bunun da inandırıcı olmadığını deyir.

Elçin Sadıqov
Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə, irqi ayrı-seçkilik salma və vergidən yayınma ittihamları ilə üst-üstə 8 il yarım həbs cəzası alıb. 2010-cu ilin aprelində Avropa İnsan Haqları Məhkəməsi Fətullayevin həbsinin əsassız olduğunu bildirib, Azərbaycan hakimiyyətindən jurnalisti dərhal azadlığa buraxmağı, ona təxminən 28.000 avro kompensasiya ödəməyi tələb edib.

Ötən ilin dekabrında isə 12 saylı cəzaçəkmə müəssisəsində Fətullayevin üzərindən narkotik maddə tapıldığı elan olunub. Buna görə, o, 2 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Bu il noyabrın 11-də Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin qərarına baxıb. Plenum terrorla hədələmə və irqi ayrı-seçkilik salmaqla bağlı jurnalistə verilmiş cəzalara xitam verilməsinə dair qərar çıxarıb. Ancaq vergi ittihamı ilə bağlı jurnalistin 2 il 3 ay 15 gün müddətinə təkrar azadlıqdan məhrum edilməsi barədə qərar verilib. Plenuma rəhbərlik edən Ali Məhkəmənin sədri Ramiz Rzayev qərarı elan edərkən deyib ki, E.Fətullayevin 2007-ci ilin aprelindən cəza çəkdiyi nəzərə alınaraq onun barəsində çıxarılan 2 il 3 ay 15 gün cəzası çəkilmiş hesab edilir və o azad edilir.

Amma Rzayev bu qərarın narkotik ittihamı ilə bağlı məsələyə aidiyyatı olmadığını deyib.

Eynulla Fətullayev və onun müdafiəçisi Elçin Sadıqov sonradan Plenumun qərarının dəyişdirildiyini bildiriblər.

Bu il dekabrın 7-də isə Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətini Fətullayevi azad etməyə çağırıb. Komitənin məlumatında deyilib ki, Konvensiyanın 46-cı maddəsinə uyğun olaraq Avropa Şurasının üzvü Avropa İnsan Hüquqları Məhkəməsinin aşkar etdiyi pozuntulara mümkün qədər tez son qoymalıdır.

“46-cı maddəyə uyğun olaraq ərizəçi dərhal azad olunmalıdır. Azərbaycan Ali Məhkəməsinin 11 noyabr tarixli qərarı E.Fətullayevin azadlığa buraxılması məsələsinin həllinə imkan verir. Lakin narahatlıqla qeyd edirik ki, ərizəçi indiyədək həbsdə saxlanılır və 2007-ci il aprelin 20-dən onun ədalətsiz həbsinin səbəbləri barədə suallar qalır. Azərbaycan hakimiyyətini bu iclasda qaldırılan məsələyə dərhal baxmağa və ərizəçinin həbsinin dayandırılması üçün bütün tədbirləri görməyə, əgər zərurət varsa cəzanın başqa tədbirlə əvəzlənməsinə çağırırıq”, - deyə Komitənin yekun rəyində bildirilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG