Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:57
“Azərbaycanın ən böyük holdinqləri məmurlara və yaxud da hakimiyyətin yuxarı eşelonunda təmsil olunan insanlara məxsusdurlar”.

Bunu AzadlıqRadiosunun “İşdən sonra” proqramında iqtisadçı-ekspert Natiq Cəfərli “Wikileaks”də Azərbaycan məmurlarının sərvətləri haqqında yayılan məlumatların müzakirəsində deyib. Ekspertin fikrincə, biznes qabiliyyətli insanların ancaq bu ailələrdən çıxmasının özü elə şübhəli məsələdir.

“Kökündən bu məsələlərin yanlış olmağı, yalan olmağı barədə bəyanatlar vermək olar. Amma faktlar da göz qarşısındadır axı. Azərbaycanın 3-4 ən böyük holdinqləri, şirkətləri hansılar ki, Azərbaycanda böyük bizneslə məşğuldurlar bunlar açıq-aşkar məmurlara və yaxud da hakimiyyətin yuxarı eşelonunda təmsil olunan insanlara məxsusdurlar. Necə ola bilər ki, Azərbaycanda böyük biznes qabiliyyətli insanlar ancaq bu ailələrdən çıxsın? Bu axı sağlam məntiqə də uyğun gəlmir. Burda başqa məsələlər var”.

AZƏRBAYCAN İQTİSADİYYATINA ZƏRBƏ...
Mehman Əliyev


“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev isə deyib ki, belə hallar Azərbaycan iqtisadiyyatını zərbə altında qoyur.

“Bu cür holdinqlərin bərqərar olması, inkişafı Azərbaycan iqtisadiyyatına çox böyük zərbə vurur. Çünki onlar cürbəcür sahələrdə fəaliyyət göstərir. Hər yerdə inhisara götürürlər bu sahələri və yerli istehsalı və yerli istehsalçıların fəaliyyətini pozurlar. Yerli şirkətləri çökdürürlər”.

“Korrupsiya” fondunun icraçı direktoru Vasif Mövsümov isə deyir ki, inhisarçılığın olması korrupsiya ilə mübarizəni nəticəsiz edir:

NƏ QƏDƏR Kİ, İNHİSARÇILIQ VAR...


“Bu fikirlər onu göstərir ki, Azərbaycan iqtisadiyyatında rəqabətin olmaması yəni inhisarçılığın olması yoxdur demək düz deyil. Yəni bu dövlət rəsmiləri tərəfindən də bir neçə dəfə etiraf olunan bir məsələdir. İnhisarçılığın olması Azərbaycanda korrupsiya ilə bağlı mübarizəni yox edən bir məfhumdur. Yəni nə qədər ki inhisarçılıq var, bu mübarizədən danışa bilmərik biz”.

Əliməmməd Nuriyev
BU HESABATLAR QEYRİ-FORMALDIR


Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev isə bütün yazılanları şübhə altına salıb:

“Bu məlumatların sənədli hissəsi bizim əlimizdə olmur. Ona görə də bir çox hallarda ayrı –ayrı şəxslərin adlarına söylənilən mal və sərvətlərlə bağlı məsələdə dəqiq məlumatımız olmadığı üçün hüquqi baxımdan aydın bir mövqe seçmək mümkün olmur. Əlbəttə ki, müxtəlif fikirlər səslənir. Amma həmin hesabatlar, məlumatlar qeyri-formal xarakteri daşıyır. Elan edilən sərvətlərin nə dərəcədə həmin şəxslərə məxsus olub-olmaması barədə bir söz söyləmək çətindir”.

Şərhləri göstər

XS
SM
MD
LG