Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:43

"Mənim üçün böyük yazar yeni musiqi aləti ixtira etmiş ustaddır"


“Media forum” saytının suallarını Milli Kitab Mükafatının münsiflər heyətinin üzvi, filosof Niyazı Mehdi cavablandırır:

- Niyazi Mehdi özünü ədəbiyyata nə qədər yaxın sayır?

- Mən Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm.

Dilçiliyin strukturalizm və semiotika metodlarından, o cümlədən ədəbiyyatdan yazmışam.

Düzdür, poeziya ilə müəyyən problemlərim var, Səməd Vurğunsayağı poeziyaya əzəldən soyuq olmuşam, hərçənd Səmədoğlu qardaşlarının nəsri və poeziyası haqqında yüksək fikirdəyəm.

Nəsrlə daha isti ilişkim olub. Ona görə də 1970-ci illərdə yazdığım rəylər mənim Yazıçılar Birliyinə üzv olmağımla sonuclanıb. “Ortaçağ Azərbaycan estetik mədəniyyəti”, “Sənətin arxeologiyası.

Sənətin arxitektonikası” kimi kitablarımın çox hissəsi Ortaçağ poeziyasına və çağdaş ədəbiyyata həsr olunub.

Deməli, mən hətta klassik poeziyanın bilicisi də olmuşam. Ona görə “olmuşam” deyirəm ki, indi bu poeziya yadımdan çıxıb.

Ədəbiyyatla bağlı yazılarımın bir eybi var, çalışıram onu üstünlüyə çevirim. Mən mətnin içinə girib, onun içəridə necə olmasını göstərməyi bacarmıram və sevmirəm. Mətn dərin sandıq deyil ki, içindən fokusçu kimi yeni-yeni yaylıqlar çıxarım.

Mənim üçün mətn piano kimi bir nəsnədir və onda öz melodilərimi çalmağa həvəs göstərirəm.

Mən yazarı aça bilmirəm, mən onun yazdıqlarında özümü barmaqlar olub gəzdirməyi bacarıram.

Mənim üçün böyük yazarlar kitabxanalardan məna və məzmunu mətnə yığan dahilər deyillər.

Çünki belə dahi olmaq heç mümkün də deyil. Mənim üçün böyük yazar yeni musiqi aləti ixtira etmiş ustaddır və hər gələn bu alətdə öz melodilərini çalır.

- Azərbaycan ədəbiyyatının indiki durumunu necə səciyyələndirərdiz?

- 1990-cı illərdəki yeni siyasi və mənəvi situasiyada mənə elə gəlmişdi ki, bu məmləkətdə bir daha yaxşı roman və şeir yazılmayacaq.

Öncəki ədəbiyyat sovetlər dünyasının kontekstinə pərçim idi, sonrakı nisbətən azadlıq kontekstində isə nə ədəbiyyat ola biləcəkdi, bilmirdim.

Bəlkə də bu o çağ idi ki, qəzetlər və publisistika mənim üçün ədəbiyyatı, şeiri arxa plana çevirmişdi.

Ona görə də Şahbaz Xuduoğlunun sayəsində birdən-birə Seymur Baycan, Əli Əkbər kimi yazarların olmasını biləndə və yazdıqları ilə tanış olanda bir az çaşdım. Belə çıxdı ki, Azərbaycanda mənim bilmədiyim paralel dünya varmış və orada yeni ədəbiyyat formalaşırmış.

Hərçənd indi düşünürəm ki, Rafiq Tağının, Həmid Heriçinin mətnləri, diqqətli olsaydım, o dünyadan mənə xəbər verərdilər.

Ancaq düzü, mənim cızdığım bu mənzərə sxematikdir. Axı son 20 neçə ildə mənim sevdiyim Kamal Abdulla romanları da olub.

Özü də bu romanlardan biri haqqında özümü razı salan məqalə də yazmışam.

- Sizcə, indiki Azərbaycan ədəbiyyatına hansı kitab daha vacibdir – ciddi və ağır, yaxud yüngül və oxunaqlı?

- Sovet ədəbiyyatının, daha doğrusu, nəsrinin gücü çatmamışdı personajları yüksək intellektuallıqda danışdırsın, qız-oğlan ünsiyyətini flirt və ağılın virtuoz cilvəsində versin.

Sovet romanlarında bir-birini sevən oğlanla qız danışdıqlarına, duyduyqlarına görə adamın ətini tökürlər, bircə Anarın “Təhminə və Zaur”undan başqa.

Mən elə bir ədəbiyyatı arzulayıram ki, gənclərə ağlına, bədəninə, ruhuna görə adamı mat qoyan, hətta idialistik uydurma nəticəsi olan portretlər versin ki, gənclər bilsinlər sevgilərində kimə oxşamalıdırlar.

Avropanın çox uluslarında bu ədəbiyyat öz işini görüb, sonra da estafeti kinoya verib. Bizdə isə Məcnun olub, o da artıq anaxronizmdir.

Mən elə bir ədəbiyyat arzulayıram ki, elitar olsun və dilimizi düşüncə dünyamızın sınırlarını genişləndirən araca çevirsin: vaxtilə Vaqif Səmədoğlunun, Ramiz Rövşənin, indiki zamanda Kamal Abdullanın, Rafiq Tağının mətnləri belədir.

Mən istəyirəm ki, bizdə kütləvi sənət estetikasında, ancaq dəhşətli dərəcədə oxunaqlı olan mətnlər yazılsın.

Qoy bu mətnlər gənclər arasında dilimizdə danışmağı dəbə çevirsin.

Qoy bu mətnlər romantik bir dünya yaradaraq gənclər arasında aşağıdan yuxarı baxılan qəhrəman tiplərini populyar etsinlər.

Qoy bu mətnlər Bakını Nyu-York, Paris kimi dəhşətli dərəcədə maraqlı sərgüzəştlərin məkanı olan şəhərə çevirsinlər.

Qoy bizim qavrayışımıza, qız və oğlanlarımıza Hollivudun ulduzları səviyyəsində çəkimli portretlər versinlər.

Mən indi realizmi elə də sevmirəm. Gənclərimizə hind melodramları kimi ucuz əsərləri yox, yüksək peşəkarlıqla yapılmış şirin nağıllar verən əsərləri arzulayıram.

Ona görə yox ki, belə nəsnələr mənə ilgincdir.

Ona görə ki, ədəbiyyat və başqa sənətlər millətdə elə bir vəziyyət yaratmalıdır ki, ağılla, savaşla, qəzəblə, məharətlə, hiylə ilə, avantüra ilə, xəyanətlə bağlı mənaları özündən yağdıran portret və olaylar milli istehsal olsun, daha başqa mədəniyyətlərdən “import” edilmiş olmasın.

Bizdə və bir çox millətlərdə necədir? Paltarlar kimi personajları da Batıdan alırıq, özümüzünkü isə Çin malları kimi suyunun-suyu olur.

Anlayıram, ABŞ-nin kültür imperializminin qabağında duruş gətirmək olmaz.

Ancaq arzumu da deməliyəm axı. Bizi dünya ilə bağlı düşündürən, duyğulandıran, bizə Azərbaycanı, Bakını, Gəncəni, Qarabağı maqnetizm çəkimində edən bədii nəsnələr gərəkdir, özü də əyalətçi variantda yox.

- Milli Kitab Mükafatının münsifisiniz. Öz seçiminizdə hansı meyarlara üstünlük verəcəksiniz?

- Yuxarıda arzuladığım ədəbiyyat tipləri baxımından. Ancaq bu müsabiqəni demirəm, gələn müsabiqədə münsiflər heyəti parametrlər üzrə dəyərləndirmə şkalasını ortaya qoysalar, yaxşı olar.

Özü də bu şkalada bir xananı fərdi zövqə buraxmaq olar. Ancaq o zaman gərək adam istedad nümayiş etdirmək şərti ilə öz diskursunu ortaya qoysun.

Məsələn, belə: mənim üçün bir meyar da gözləmədiyin yerlərdə uçurumları duydurmaq olacaq...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG