Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:53
Hazırda Almaniyada yaşayan azərbaycanlı jurnalist Mirzə Xəzər Azərbaycan haqqında kitab yazmağı planlaşdırır.

“Media forum” saytına açıqlamasında o deyib ki, kitabı yazmağa gələn ildən başlamaq niyyətindədir:

“Məndə xeyli arxiv var. 1988-ci ildən sonrakı siyasi hadisələri qələmə almaq istəyirəm. Hardasa ömrün bu çağında geriyə dönüb baxmaq kimi bir şey olacaq.

Bəlkə də bu hadisələr haqqında həmişə deyilənlərdən fərqli fikirlər alına bilər. Hər halda, mən bildiklərimi qələmə alacam.

Mən 1988-ci ildən sonra baş verən hadisələrin işərisində olanlardan biriyəm. Xaricdə yaşamağıma baxmayaraq, Azərbaycandakı siyasi hadisələr haqqında daha çox bilgiyə malik idim.

Mənə elə gəlir ki, çox faydalı kitab olacaq”.

“Sizcə, kitabınız Azərbaycanda əks-səda yaradacaqmı” sualına Mirzə Xəzər belə cavab verib: “Azərbaycan yaxşı mənada qəribə ölkədir.

Heç kimin gözləmədiyi bir söz, bir fikir böyük səs-küy yarada bilər.

Kimsə öz fikrini söyləyirsə, deməli, onun öz fikridir. Bu o demək deyil ki, o, kiməsə rəğbət bəsləyir, kiməsə nifrət edir.

Indi bilmirəm ki, mənim kitabım hansı reaksiyanı yaradacaq. Amma əvvəllər belə olub ki, kimsə danışanda heç kim heç nə demirdi, amma mən bir kəlmə söz deyən kimi hamı ayağa qalxırdı.

Bəlkə yenə də elə olacaq, bilmirəm”.

Mirzə Xəzər 1947-ci il noyabrın 29-da Göyçay şəhərində doğulub. 1974-cü ildə SSRİ-dən İsrailə mühacirət edib.

1985-87-ci illərdə “Amerikanın səsi” radiosunun, 1987-2003-cü illərdə “Azadlıq” radiosunun Azərbaycan redaksiyasına rəhbərlik edib.

2009-cu il dekabrın 10-da səhhətinin pisləşməsi səbəbindən Münhen xəstəxanasına yerləşdirilən Mirzə Xəzər 2010-cu il yanvarın 20-də orda əməliyyat olunub. Fevral ayında müalicəsini Almaniyada sanatoriyada davam etdirib.

2010-cu il dekabrın 8-də “Media forum”a açıqlamasında Mirzə Xəzər deyib ki, hazırda səhhəti yaxşıdır, sonuncu dəfə aldığı ciddi müalicələrin ona böyük köməyi olub: “O müalicələrdən sonra özümü çox yaxşı hiss edirəm. Deyim ki, əvvəlkindən də yaxşıyam”.

Mirzə Xəzər hazırda daha çox öz saytı ilə məşğul olduğunu, eyni zamanda sosial şəbəkələrdə fəal iştirak etməyə çalışdığını bildirib.

"Media forum"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG