Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:34

SƏHƏR. Əbədiyyət barədə nağıllar (Esse)


Nə vaxtsa insanlar din, millət, torpaq uğrunda vuruşmaqdan bezib, insanlıq uğrunda vuruşmağa başlayacaqlar.

Nə vaxtsa gerçəkliklə romantika arasından sərhədlər götürüləcək və aydın olacaq ki, əsl gerçək - ən dərində hiss etdiyindi, ən asan yaşadığın yox.

Nə vaxtsa insanlara mənsəblərinə görə deyil, məqsədlərinə görə qiymət veriləcək. Nə vaxt, nə zaman?

Yenə vaxt və zaman...Yaxşı ki, hər yerdə zaman var, onunla ölməz görünür adamlar.

Bizə zamanı tanıtmadılar, əbədiyyət barədə nağıllar yanlış.

Bütün qadağaları tanıtdılar amma; küçə, yol qaydaları, durğu işarələri, sözlərin üstündə də vurğu işarələri.

Bizə uzaqları anlatmadılar, halbuki ən təhlükəli uçurum-ən yaxında olan.

Bizi sevgiyə daha çox yaraşanları sevməyə öyrətdilər, fəqət sevgisiz daha ac olanlar vardı. İnsanları “yaxşı” və “pis”-deyə göstərdilər, mənalı və mənasız-deyə yox.

Nəhayət, bizi “ağıllı ol”mağa, həmişə ağlı haqlı çıxarmağa alışdırdılar, yalnız ağılla yaşamağın ağılsızlıq olduğunu bilmədən.

Və biz bu instinkdən bərk-bərk yapışdıq - ayağımızı yarğanın qırağına basantək.

Bir növ hündürlükdən qorxmağa bənzəyir, instinktsə aşağı baxmağa və qorxmağa vadar edir.

Bu bizi həm xilas etdi, həm də məhv. Görəsən, bu qorxunun o tərəfində nə var, şüurun üsyanından sonra açılan mənzərə necədir?

Bəlkə bütün həqiqətlərin açarı məhz ordadır, əsl dərketmə elə qorxunun ölümündən sonra başlanır.

Lap yəqini, insanı ən son tərk edən hiss qorxudur, bəs ondan sonra nə gəlir, bax biz bunu heç vaxt bilməyəcəyik.

Daim güclülərin yanında olmaq qəddarlıq, daim zəiflərin yanında olmaq acizlikdi.

Bizə ortada dayanmağı öyrətdilər, aşağıların və yuxarıların kinli baxışlarından xəbərsiz.
Ağıl da silah kimidir, ancaq döyüşməyə yarayır.

Biz ürəyimizə silah tuşlayıb yaşadıq və həyatdan daha çox zövq(qisas) almaq istədikcə bədbinləşdik, onu sadəcə sevmək varkən.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG