Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 01:46

Rafiq Tağı: "Ac-yalavac roman yazanlarımız var"


- Rafiq müəllim, bu yaxınlarda 60 yaşınız tamam oldu.

Artıq ədəbi mühitdə və ədəbiyyatda kifayət qədər tanınmısınız.

60 ilin arxasında qalan ömür, geriyə baxanda, necə görünür?

- Bəri başdan deməliyəm ki, tanınmaq o qədər də yaxşı iş deyil.

Faciəyə bax, mən oxunmağa çalışdım, lakin tanındım. Tanınmaqdansa, oxunmaq istərdim.

“Tanınmağ”ın sinonimi “şöhrət”dir ki, insanın azadlığını əlindən alır. Şöhrəti yazılarımda çox araşdırmışam.

Şöhrət bir fenomen olaraq, mənim daimi mövzularımdandır.

Onsuz da göylərin ən uca mərtəbəsində fərdlərin gördüyü yaxşı-pis bütün əməllər bəşəriyyətin adına yazılır.

...Yaradıcılıq sevincləri içində ömür sürmüşəm.

Bu sevinclər məndə fiziki mövcudluq kədərini üstələyib. Yoxsa siyasi eksperimentatorların qurama dövlətində çoxdan intihar etmişdim.

Elə bizim indiki avtoritar rejim də intihar səbəbəbləri ilə zəngindir.

Geriyə baxanda, həyatım səhvlərlə dolu, ancaq mənalı görünür.

Yəni səhvlərim məna axtarışları yolunda baş verib.

Əsas səhvim vaxtdan maksimum yararlanmamağımdır.

- Tanınmış yazar olaraq, bu gün Azərbaycan ədəbiyyatının vəziyyəti sizi qane edirmi?

- Əslində ədəbiyyat bütün dövrlərdə eyni durumda olur.

Bizə elə gələ bilər ki, ədəbiyyat inkişaf edir, ya inkişafdan qalır. Lap tutalım, ədəbiyyatda inkişafı təsdiqləyirik – bu inkişaf sosial-siyasi şəraitlə düz mütənasib olmayacaq.

Hər şey bəlkə də əksinədir. Zaman çalxalana-çalxalana gedir, ədəbiyyat durula-durula gəlir.

Götürək rus təcrübəsini. XX əsrdəki siyasi təbəddülatlar heç də ədəbiyyatı geri atmadı. Onlarda XX-dəki ədəbiyyat XIX-dan heç də geri qalmadı.

Üstəlik, XXI əsr də yaxşı start götürüb.

Ədəbiyyat çarlardan-padşahlardan asılı olmadan yaranır.

Ədəbiyyat təbiət kimi bir şey, ən azı təbiət ünsürüdür.

Ağaclar müharibənin tən ortasında da çiçəkləyir. Qızılgül insan qırğınları içində də əvvəl düymə vurur, sonra açır.

Bugün Azərbaycan ədəbiyyatı ən müxtəlif çalarlarla bərq vurur. Dövlət hələlik bu sərvəti görə bilmir. Bundan ədəbiyyat yox, elə dövlət özü itirir.

Dövlət başa düşməlidir ki, ədəbiyyat Müdafiə Nazirliyinə bənzər, ancaq heç də büdcənin milyardlarını udmayan yenilməz bir gücdür.

Bir batalyonun toqqasının puluna ədəbiyyatımızı dünyaya çıxara bilərik.

Dünya da ədəbiyyatı güclü olan dövlətlə hesablaşır, onunla ehtiyatlı davranır.

- Rafiq müəllim, siz öz ədəbi nəslinizi itirilmiş hesab edirsinizmi? Elədirsə, günah nədədir?

- “Ədəbi nəsillər” ədəbiyyatşünasların nisbi bölgüsüdür.

Şəxsən mən 60-cı illərin ortalarından yazmaqdayam. Siz deyin, indi mən hansı nəslə mənsub oldum?

70-80-ci illərdə diktaturanın rüşvətxor ədəbi jurnal redaktorları məni çap etməyib və mən görünməmişəmsə, itmiş sayılmalıyammı?

Andrey Platonovun yazdıqları ölümündən 40-50 il sonra üzə çıxdı.

İtmək – yazmamaq, yaza bilməməkdir.

Mən heç bir ədəbi nəslin nümayəndəsi deyiləm. Mən öz ədəbi ömrünü yaşayan Rafiq Tağıyam.

- Siz sovet şinelindən çıxmış bir yazıçısınız. Özünüzü dissident hesab edirsinizmi?

- İnanmazsınız, SSRİ vaxtı mən “sovet ədəbiyyatı” kateqoriyasından olan ədəbi məmulatı oxumamışam. Bu, plansız və düşünülmədən, fəhmlə baş verib.

Hələ ilk gənclikdən mənim içimdə məntiqsiz şeylərə biganəlik olub.

Heç bir iş yerimdə məni Kommunist Partiyası sıralarına cəlb edə bilməyiblər.

Ən çətin riyazi məsələləri göydə həll edə bilən Rafiqin ən pis bildiyi fənn “SSRİ tarixi” olub. Məndə sovet ədəbiyyatı təcrübəsi yoxdur.

Kiçik insanların acılarıyla dolu hekayələrim əslində sovet rejiminə yox demək idi. Aktiv siyasi mübarizə aparmamışamsa da, bu anlamda passiv dissident sayıla bilərəm.

- “Qanun” nəşriyyatı “Yeni Ədəbiyyat” seriyasından AYO-çuları çap edir, onların təbliği ilə məşguldur.

Nəşriyyatın direktoru həm də “Milli Kitab Mükafatı” müsabiqəsində münsiflərdən biridir.

AYO-çuların müsabiqədən imtina etməsi nədən irəli gəlir? Bəlkə ekspertlərin və münsiflərin demokratikliyinə şübhəniz var?

- Həqiqət Azərbaycan insanının başının daşıdır. Keçən dəfəki “Milli Kitab Mükafatı” mənim Azərbaycanda hansı müsabiqəninsə obyektiv keçiriləcəyinə dair olan-qalan ümidlərimi puça çıxardı.

Niyə biz öz gələcəyimizi düşünə bilmirik? Hamı öz kökünə balta çalır. Hamı su içdiyi bulağın gözünü murdarlayır.

Axı, niyə belə olsun? Məncə, əsas səbəb bu ağır ictimai durumda əxlaqın itməsidir.

Zəif insanlarda əxlaq fiziki mövcudluq impulslarını üstələyə bilmir.

Bizdə ədəbiyyat yaratmaqdan çox ədəbiyyat oyunu oynamaqda maraqlıdırlar.

Ədəbiyyatı yaradanlar, adətən, bu oyunları bacarmır və kənarda qalır.

Cəmiyyət ədəbi illüzionistlərin yaratdığı mənzərəyə aldanmış olur.

Bəlkə də MKM hakimiyyətin yuxarı eşelonunda cəmiyyəti sosial bəlalardan yayındırmaq üçün uydurulub. İndi hər şeydən, hamıdan şübhələnməyə məhkumsan.

Mən bu müsabiqəyə Azərbaycanda müsbət dəyişikliklərin baş verməsinə inanıb da, uşaq kimi sevinə-sevinə getmişdim.

Özü də mənfəət-zad güdmədən. Simic sponsorların qəpik-quruşunda gözüm yoxdu.

Ömrüm boyu məni öz həkim zəhmətim dolandırıb. Sadəcə, proses mənə maraqlı görünmüşdü.

Əfsus, mənim sevinclərim quzu, ya çəpişin başı kəsilməzdən əvvəl yaşıl çəmənlərə baxıb sevinməsinə, soncuqlamasına bənzədi. Hər şey qabaqcadan bəlli, ancaq Rafiq Tağı sevincdən qəşş edib.

Sadəlövh canım. Görünür, alnıma dünyaya dana heyrəti ilə baxıb, elə bu cür də ölmək yazılıb.

Vaxtında ata-anam mənə fırıldaq dərsi keçmədi.

Mənim əxlaqım cəmiyyətin əxlaqı ilə üst-üstə düşmür.

Ancaq qəlbimdə hərdən yenə ümidlər cücərir: Azərbaycan xalqının içindəki, hələ üzə çıxa bilməyən, bəlkə yalnız mənim görə bildiyim, pozitiv energetika bir gün motor kimi onun xilasına işləyəcək.
-
Azərbaycan ədəbiyyatında kimləri oxuyursunuz? Təkcə AYO-çularımı? Ümumiyyətlə, yazarlarımız niyə az oxunur?

- Təkcə “AYO”çuları oxusaydım, gülməli olmazdımı? Ümumən, Azərbaycan ədəbiyyatını çox oxuyuram.

Bu qədər çirkabın içində öz insanlarımızın da ədəbiyyat yaratmaq qabiliyyəti mənə təəccüblü gəlir, fədakarlıq kimi görsənir. Ac-yalavac roman yazanlarımız var.

İgidlik də, gözəllik də bundadır. Başqa xalqlarda müəllif ədəbiyyatı dərhal maddiyyata çevirir; qarşıda divident görünməsə, qələmini tərpədib, bir sətir də yazmaz.

...Ədəbiyyatda fədakarlarımızı gördükcə, torpaqları işğaldan qurtaracağımıza gümanım artır. Bir də görəcəyik ki, ədəbiyyatımızdakı fədakarlıqlar döyüşlərə transfer olunub.

Söhbətləşdi: Mənsurə Qaçayqızı
“Millətin səsi” qəzeti,
7 dekabr 2010-cu il

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG