Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:29

“Qarabağ probleminin həllinə daha neçə il lazımdır?”


Dekabrın 6-da Demokratiya Uğrunda İttifaqın təşəbbüsü ilə 17-ci Qarabağ Forumu keçirilib. Ona yaxın siyasi partiyanın bir araya gəldiyi tədbirdə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hökumətə ona yaxın sorğu və təklif ünvanlanıb.

Forumda qeyd olunub ki, Azərbaycan hakimiyyəti beynəlxalq qurumları Qarabağ məsələsinin həllində ikili münasibət nümayiş etdirməkdə qınayır. Amma özü beynəlxalq qurumların müşahidə etdiyi seçkilərin demokratik keçirilməsini əngəlləyir, son nəticədə də qeyri-demokratik seçkilər Qarabağ probleminin həllinə mane olur.

Tədbirə ev sahibliyi edən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun AzadlıqRadiosuna verdiyi məlumata görə, onlar həmçinin hökumətə bəzi suallar ünvanlayıblar:

“Biz hökumətdə sual ünvanladıq ki, Qarabağ probleminin həlli üçün daha neçə il lazım olduğunu açıqlasın. Hər sammit ərəfəsi müəyyən inam yaradılır. Amma sonra heç bir müsbət nəticə əldə olunmur. Sonuncu Astana sammiti də göstərdi ki, sammitlərə ümid edə-edə problemi həll etmək olmayacaq. Sammitlərdən sonra bir daha aydın olur ki, problemi Azərbaycan özü həll etməli, özünə güvənməlidir”

Mirmahmud Mirəlioğluna görə, bu güvənlik də ölkənin demokratik inkişafına bağlı bir məsələdir. Onun sözlərinə görə, forumda səslənən bütün təklif və suallar yaxın bir neçə gündə paket halında hökumətə təqdim ediləcək.

Demokratiya Uğrunda İttifaqın təşəbbüsü ilə ilk Qarabağ forumu 2007-ci ildə keçirilib. Adı çəkilən ittifaqa dörd partiya - Azadlıq, Vahid Azərbaycan, Böyük Quruluş və Klassik Xalq Cəbhəsi partiyaları daxildir.
XS
SM
MD
LG