Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:07

Ali Məhkəmə qərarını niyə dəyişib?


Eynulla Fətullayev
Eynulla Fətullayev
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə bağlı Ali Məhkəmənin noyabrın 11-də verdiyi qərarı dəyişdirilib. Bu haqda AzadlıqRadiosuna jurnalistin vəkili Elçin Sadıqov məlumat verib. Həmin gün vergiyə görə vaxtilə aldığı iki aylıq cəzası iki il üç aya dəyişdirilən jurnalistə dair məhkəmə hökmündə bunun əksi yazılıb. Rəsmi qərarda jurnalistin böhtana görə cəzası deformasiyaya uğrayıb.

ŞƏRTİ CƏZA NECƏ REAL CƏZAYA ÇEVRİLDİ?

Elçin Sadıqov: “Ali Məhkəmənin sədri başqa qərar elan etmişdi. Elan etdi ki, ərizəçinin vergi ilə bağlı cəzası artırılsın. Ancaq qərarda yazılıb ki, vergi ilə bağlı sanksiya artırılmayıb. 2006-cı il 26 sentyabr tarixində Yasamal rayon Məhkəməsinin verdiyi cəza real cəza ilə əvəzlənib. Bu tamamilə qanunsuz qərardır. Ali Məhkəmənin Plenumu Yasamal rayon Məhkəməsinin qərarına baxa bilməzdi”.

Yada salaq ki, jurnalist dörd il əvvəl Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı Hacı Məmmədovun başçılıq etdiyi dəstəylə bağlı “Antibiotikin süqutu” və “Quldur Bakı” adlı məqalələr yazmışdı. O zaman daxili işlər naziri Ramil Usubov jurnalisti məhkəməyə vermişdi.

Elçin Sadıqov
Elçin Sadıqov deyir ki, Yasamal rayon Məhkəməsi də Eynulla Fətullayevi 2 il azadlıqdan məhrum etmiş, dərhal da real cəzanı sınaq müddəti ilə əvəzləmişdi. Vəkilin sözlərinə görə, apelyasiya araşdırması ərəfəsindəsə nazir jurnalistə barışıq təklif edib. Avropa Məhkəməsinə şikayətlə müraciət etməyəcəyi təqdirdə apelyasiya instansiyasında cəzanın 1 ilə qədər azaldılacağını, bir neçə aydan sonra isə tam ləğv ediləcəyi vədi veribmiş.

“ÖZLƏRİNİ BİABIR EDİRLƏR”

“Bu, ağlasığmaz bir işdir. Rayon məhkəmələri Eynulla ilə bağlı o qədər absurd qərarlar çıxarıb... Bu gün Azərbaycanda hüquq adında bir şey yoxdur. Anlamaq olmur ey...Absurd, absurd qərarlarla özlərini biabır edirlər”.

Jurnalistin atası Emin Fətullayev belə deyir. Onun sözlərinə görə, Eynulla həbs olunanda vergi cinayətinə görə, yuxarısı altı ay həbs düşürdü:

Emin Fətullayev
“Amma iki ay verdilər. Məsləhətləşdik ki, bu işi Avropa Məhkəməsinə göndərməyək. Bir il sonra qanun dəyişir və bu cəza 7 il olur. Ali Məhkəmənin Plenumunda isə buna görə Eynullaya iki il üç ay cəza istəyirlər. Bir il sonra dəyişən qanun Eynullaya tətbiq olunur”.

Elçin Sadıqov qərarın dəyişməsini belə izah edir:

“Görünür, sonradan vergiylə bağlı cəzanın qanunsuz olduğunu görüblər. Ona görə də şərti cəzanı real cəzaya çeviriblər. Bununla bağlı Yasamal rayon Məhkəməsinə müraciət etmişik. Dedilər ki, o işi araşdıracaqlar. Tanış olub kassasiya şikayəti verəcəyik. Daha sonra Avropa Məhkəməsinə müraciət edəcəyik. Bu, Konvensiyanın 6-cı maddəsinin – ədalətli məhkəmə araşdırması hüququnun pozulmasıdır. Başqa ölkədə belə qərar verilmir”.

QƏRARLA TANIŞ DEYİLİK

Bu vəkilin izahatı. Bəs görəsən, Ali Məhkəmə qərarı dəyişməsini nəylə izah edir? Gün ərzində Ali Məhkəməyə, bu qurumun mətbuat katibi Allahverdi Məmmədliyə dönə-dönə zəng vursaq da, sorğumuza cavab ala bilmədik.

Səməd Seyidov
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin keçmiş rəhbəri, YAP-çı millət vəkili Səməd Seyidov isə bu qərardan xəbərsiz olduğunu bildirir:

“Mən də tanış deyiləm. Mənim üçün də maraqlıdır”.

Jurnalistin atası Emin Fətullayevsə oğlu ilə görüşə bilmədiyini deyir. Onun sözlərinə görə, oğlu məhbus deyil, girovdur.

SANKSİYALAR OLMAYACAQ

Ötən həftə Avropa Şurası Nazirlər Komitəsi Eynulla Fətullayevlə bağlı vəziyyəti müzakirə edib və qərar qəbul edib. Həmin müzakirə qapalı keçirilib və qaydalara görə, qərar təxminən bir həftə içində açıqlanmalıdır.

Keçən həftə Avropa Şurasında olan Norveç İnsan Haqları Evinin meneceri Vüqar Qocayev deyir ki, onda olan məlumatlara görə, jurnalistin ailəsinə təzminat ödənməsiylə bağlı razılıq əldə edilib. Bundan başqa, Azərbaycan hökumətinin jurnalistə münasibəti də tənqid olunub. Amma müşahidəçilərin gözlədiyi kimi, Azərbaycana sanksiyalar tətbiq edilməsindən söhbət getmir. Sadəcə, bir sıra tövsiyələr verilib.
XS
SM
MD
LG