Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:58

Dövlət qurumları sorğuları niyə cavablandırmır?


“İctimai vəsaitlərlə bağlı informasiyalara əlçatanlığa dair birgə regional hesabat”ın təqdimatı
“İctimai vəsaitlərlə bağlı informasiyalara əlçatanlığa dair birgə regional hesabat”ın təqdimatı
BAKI KÜÇƏLƏRİNDƏ NƏ QƏDƏR ELEKTRİK DİRƏYİ VAR?

“2007-2008-ci illərdə Bakının küçələri üçün nə qədər yeni elektrik dirəkləri alınıb və quraşdırılıb?”.

Azad İqtisadiyyata Yardım İctimai Birliyi bu sualı “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinə göndərib, amma cavab almayıb. Şəhər rəhbərliyi 2009-cu ildə göndərilmiş təkcə bu sorğuya yox, bir qrup iqtisadçı və hüquqşünasın göndərdiyi bu tipli sualların heç birinə cavab verməyib. Elə Xarici İşlər Nazirliyi, Milli Məclis də sorğuları cavabsız buraxıb.

“Təkcə QHT-lər yox, jurnalistlər də, sadə vətəndaşlar da hətta məişət xarakterli suallar göndərib, amma heç bir reaksiya yoxdur”.

GÜRCÜSTANDA 80, AZƏRBAYCANDA 60 FAİZ

Bunu Milli Büdcə Qrupunun koordinatoru Emil Ömərov belə deyir. Onun sözlərinə görə, monitorinq zamanı əldə edilən nəticələr həm 2007-2008-ci illərdəki analoji monitorinqin nəticələri ilə tutuşdurulub, həm də Gürcüstan, Qırğızıstan, Ukrayna ilə müqayisə aparılıb.

Sonuncu monitorinq zamanı aydın olub ki, Gürcüstan dövlət qurumlarına göndərilən sorğuların 80 faizinə cavab alınıb. Azərbaycan rəsmi orqanların 60 faizə yaxını ictimai sorğuları cavablandırıb.

İRƏLİLƏYİŞ VAR...

Emil Ömərovun sözlərinə görə, ötən illərlə müqayisədə Azərbaycanda informasiya əldə edilməsi vəziyyəti yaxşılaşıb:

“2008-ci ildə Təhsil Nazirliyinə 20-yə yaxın sorğu göndərmişdik, heç bir cavab almamışdıq. Amma 2009-2010-cu ildə göndərdiyimiz sorğuların 80 faizini cavablandırmışdı”.

AVROPA MƏHKƏMƏSİNƏ HAZIRLAŞIRIQ

Tamar Korzayev
“İctimai vəsaitlərlə bağlı informasiyalara əlçatanlığa dair birgə regional hesabat”ın təqdimatına qatılan Gürcüstan Gənc Hüquqşünaslar təşkilatının təmsilçisi Tamar Korzayev AzadlıqRadiosuna müsahibəsində deyir ki, onun ölkəsində də dövlət qurumlarından informasiya əldə edilməsi sahəsində problemlər var:

“İnformasiya nə qədər həssas olursa, bir o qədər onun əldə etmək imkanları pisləşir”.

Tamar Korzayev deyir ki, informasiya verməyən qurumu məhkəməyə verəndə də nəticəsi olmur. Ona görə də indi onlar Avropa Məhkəməsinə şikayət etməyə hazırlaşırlar.

MÜXALİFƏT TƏKLİFLƏR HAZIRLAYIB

Ukraynadakı “Dixi Qrup” qeyri-hökumət təşkilatının rəhbəri Rostslyav Pavlenko isə deyir ki, əgər onun ölkəsində dövlət qurumu məlumatı verməkdən imtina edirsə, jurnalistlərin təzyiqindən istifadə edirlər və ya məhkəməyə üz tuturlar:

“İndi bizim parlamentdə informasiyaya geniş ictimaiyyətin əlçatımlığını təmin edən təkliflərə baxılır. Bu təklifləri vətəndaş cəmiyyətinin köməyilə müxalifətçi deputatlar hazırlayıb. Yeni təkliflər qapalı sayılan informasiyaların şəffaflığını, dövlət qurumlarının məsuliyyətini və bu kimi incəlikləri nəzərə alıb”.

Ələsgər Məmmədli
Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, Azərbaycanda informasiya əldə edilməsi ilə bağlı qanun yetərincə işləmir. İşləsəydi, dövlət məmurları öz məsuliyyətlərini başa düşərdilər:

“İnzibati Xətalar Məcəlləsində bunun yerinə yetirilməməsi ilə bağlı məsuliyyət növləri var. KİV-lərdə məlumatın getməsi kifayətdir ki, müvafiq qurumlar həmin dövlət məmurunu məsuliyyətə cəlb etsin. Məsələn, bu tədbirdə açıqlanırsa ki, filan nazirlik heç bir sorğuya cavab verməyib, artıq bu, müvafiq qurumlar üçün siqnaldır. Amma məsuliyyətə cəlb etmə təcrübəsi yoxdur bizdə”.

“SORĞULARA HƏSSAS YANAŞIRIQ”

Yeri gəlmişkən, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu onların heç bir sorğuya cavab verməməsi iradını qəbul etmir. O AzadlıqRadiosuna deyir ki, onlara gələn hər bir sorğuya həssas yanaşmağa çalışırlar. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Nuranə Mərdanova isə maliyyə məsələləri ilə bağlı sorğulara aidiyyətli şöbənin cavab verməli olduğunu söyləyir.

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl isə təklif edir ki, hökumətin şəffaflığını təmin etmək üçün sorğuların sayını artırmaq və cavab üçün imtina edildikdə məhkəməyə üz tutmaq lazımdır.

İqtisadçı-ekspert Rövşən Ağayev isə hesab edir ki, “İnformasiya əldə etmək haqqında” Qanuna yenidən baxılmalı və cəmiyyətə açıqlanmalı informasiyalar dəqiqliyi ilə göstərilməlidir.
XS
SM
MD
LG