Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:57

««Əli və Nino» da Əsəd bəyin barmaq izləri var...»


Betti Bleyer
Betti Bleyer
“Əsəd bəy mühacirlərin beyninin məhsulunu toplayırdı və öz adı altında çap etdirirdi”.
Bu fikri “Azerbaijan international” jurnalının baş redaktoru Betti Bleyer “Əli və Nino” romanının müəllifliyi ilə bağlı başladığı 6 illik araşdırmaların yekununa həsr olunmuş tədbirdə səsləndirdi.

ONLAR ANCAQ YAZA BİLİRDİLƏR

Xanım Bettinin bildirdiyinə görə, həmin dövr 4 böyük imperiyanın dağıldığı dövr idi. Böyük mühacirlər axını vardı Avropaya: “Azərbaycan ziyalıları da həmin səbəbdən Avropaya üz tutmuşdu. Onlar ancaq intellektlərindən istifadə edə bilərdilər, yaza bilirdilər, qara iş bacarmırdılar. Elə Əsəd bəy də bu işlə məşğul idi. Əsəd bəy mühacirlərin beyninin məhsulunu toplayırdı və öz adı altında çap etdirirdi”.

ƏSƏD BƏY NƏYƏ GÖRƏ “ƏLİ VƏ NİNO”NUN ƏSL YAZIÇISI OLA BİLMƏZ?


Betti Bleyer bunun belə olmadığını göstərən 7 səbəb açıqlayır. Və bütün bunları arxivlərdə tapıb üzə çıxardığı sənədlərlə, faktlarla sübut etməyə çalışır.

ÇOX GƏNC İDİ


Birinci səbəb kimi o Əsəd bəyin bu əsəri yazmaq üçün çox gənc olduğunu bidirir:

“Bakını tərk edəndə onun cəmi 14 yaşı var idi. Çox güman ki, roman bu acının hələ çox təzə olduğu zamanda—hadisədən qısa müddət sonra yazılmışdır. Belə gənc yaşda insan bu cür yetkin bir kitab yaza bilərdimi?”.

AZƏRBAYCAN CƏMİYYƏTİNDƏN UZAQ İDİ

Xanim Betti sübut edir ki, Lev Nissimbaum Bakıda yaşadığı illərdə cəmiyyətdən təcrid olunmuşdu, atası onu küçəyə çıxmağa qoymurdu və Azərbaycan dili onun birinci dili deyildi:

“Arxiv sənədlərini tapdıq. Onun əsas dili alman dili idi. Qiymətlərini də üzə çıxardıq. O Azərbaycan dilini 1918-ci ildən öyrənməyə başlayıb və “iki” alıb. Kəsiləndən sonra təkrar imtahan verib “3” alıb. Daha vacib faktı isə Avstriyadakı Liftinau qəsrində tapdım. Bu tapıntı Əsəd bəyin Azərbaycan dilini və ərəb əlifbasını nə səviyyədə bildiyini göstərir”.

Betti Bleyer 2005-ci ildə bu qəsrdə indi Əsəd bəyin müəllif hüquqlarını saxlayan xanımla görüşüb. Xanım ona Əsəd bəyin 1937-ci ildə atasının ad günündə bağışladığı bir kitabı göstərib: “Dörd söz yazıb, dördündə də səhv edib. Əsəd bəy öz dəsti-xətti ilə yazılmış yazıda öz adını və ölkəsinin adını—Azərbaycan sözünü doğru-düzgün yaza bilməyib”.

ÜÇÜNCÜ SƏBƏB – ÇOX MƏHSULDAR İDİ...

Həmin dövrdə Əsəd bəyin mühacir həyatı keçirdiyini, kompyuterin olmadığını əsas gətirən xanım Bleyer 8 ildə 16 kitab yazmağın qeyri-mümkün olduğu qənaətinə gəlir:

“Həm də bu yazdıqları bədii əsər deyildi. Hərəsi 400-500 səhifədən ibarət olan bioqrafiyalar idi. Tədqiqat zamanı hətta onun ədəbi agenti Verner Şendelin bir xəbərdarlığına da rast gəldim. Agent ona yazırdı ki, bu qədər məhsuldar olmaq olmaz. Tempini azalt!”.

Bundan əvvəl isə həmin agent ona yazır ki, “Məndə sənin üçün daha üç kitab var - Ənvər Paşa, 1 Pyotr və Amerika prezidenti Hardinq”. Betti xanımın fikrincə, bu kitabları dərindən təhlil etdikdə, onların ilkin olaraq Əsəd bəy tərəfindən yazılmadığını anlamaq olur.

DÖRDÜNCÜ - HƏDDƏN ÇOX MİLLİ KİMLİK

Xanım Betti bu fikrə gəlir ki, Əsəd bəy hansı kitab üzərində işləyirdisə, oranın milli kimliyini götürürdü: “Özünü müsəlman kimi, gürcü kimi, fars kimi təqdim edirdi. Yeri gələndə rus olurdu... Hətta həyat yoldaşına ərəb şahzadəsi olduğunu söyləyibmiş”.

BEŞİNCİ - ERMƏNİLƏRƏ HƏDSİZ YAXINLIQ

Əsərlərində Əsəd bəyin ermənilərlə yaxın əlaqələri olduğunu deyən Betti Bleyerin fikrincə, o Şuşanı emənilərin mövqeyindən təsvir edir. Erməni aşıqları, erməni qəhrəmanları, erməni atları, torpaqları, yer adları və s.

ALTINCI - ƏSƏD BƏY MONARXİYA TƏRƏFDARI İDİ!

B.Bleyer Əsəd bəyin “II Nikolay” əsərində özünü monarxist yazıçı kimi təqdim etdiyini bildirir. “Əli və Nino”da isə qəhrəman monarxiyaya qarşı çıxır və müstəqil Azərbaycan yolunda ölür.

YEDDİNCİ - AZƏRBAYCANLILARIN MİLLİ QURTULUŞU ONU MARAQLANDIRMIR

Şəkildə Əlipaşa adında iş adamı ilə Aleksandra adlı bir gürcü xanımı təsvir olunub. Onların uşaqlarının da adı romanda olduğu kimi Tamardır
Əsəd bəy “Şərqdə neft və qan” əsərinin sonunda yazır ki, mən sevinirəm ki, Azərbaycanı tərk edirəm: “Qoca Şərq ölmüşdür!”. Əli və Nino”da isə Əli qətlə yetiriləndə dostu deyir ki, mənim dostum öldü, demək, respublikam öldü...” . Xanım Betti sual edir: “Gerçək həyatda Azərbaycanı tərk etdiyinə bu qədər sevinən bir yazıçı “Əli və Nino”nun müəllifi ola bilərdimi?”.

YUSİF VƏZİRİN MÜƏLLİF OLDUĞUNU GÖSTƏRƏN 101 SƏBƏB...

Düz oxudunuz. Betti Bleyer Yusif Vəzirin “Əli və Nino”nun müəllifi ola biləcəyini göstərən 101 səbəb tapır: “Çəmənzəminlinin Əlyazmalar İnstitutunda saxlanılan gündəliklərindən aşkar etdik ki, o bir yəhudi qıza aşiq olubmuş. Bu qız Ninonun prototipidir. Daha bir sənəd - Yusif Vəzirin Milli Kitabxanada qorunan bir kitabının titul vərəqində yazılıb: Əli xan Çəmənzəminli. Yusif Vəzir sürgündən göndərdiyi məktubu da Əli imzasıyla yazırmış”.

101 SƏBƏBDƏN BİR NEÇƏSİ...

Yazıçının Azərbaycan Əlyazmalar İnstitutunda saxlanılan gündəliklərini, avtobioqrafik oçerklərini, məqalələrini, hekayə və romanlarını araşdıran B.Bleyer Yusif Vəzir yaradıcılığında səsləşən fikirlərlə “Əli və Nino”da eyniliklər üzə çıxarır. Xanım Betti hətta Əli və Ninonun prototipi ola biləcək bir cütlüyün Bakıda Yusif Vəzirin yaşadığı küçədə, iki məhəllə aralı yaşadığını da göstərir və həmin cütlüyün şəklini də təqdim edir. Şəkildə Əlipaşa adında iş adamı ilə Aleksandra adlı bir gürcü xanımı təsvir olunub. Onların uşaqlarının da adı romanda olduğu kimi Tamardır. Ən maraqlısı, Əlipaşa da eynən Əli xan kimi bolşeviklərin qurbanı olub...

YUSİF VƏZİR GÜNDƏLİKLƏRİNDƏ ƏLİ XANIN ÖZÜDÜR

Yusif Vəzir gündəlik yazıb. Əli və Nino”da da Əlinin dostu deyir ki, bu əsər Əlinin gündəliyinə əsaslanır. Romanda təsvir olunan hadisələr Yusif Vəzirin məktəb illərində şahidlik etdiyi hadisələrlə eynidir. Əli xan da buraxılış imtahanlarından əziyyət çəkir, Yusif də. Əli də Realni məktəbdə oxuyurdu, Yusif də. Əli də öz dilinin çar Rusiyasında aşağı statusda olmasına çox həssaslıqla yanaşırdı, Yusif Vəzir də. Əli də romanda Fransaya diplomat təyin olunur, Yusif Vəzir də Azərbaycanın Türkiyədəki səfiri idi. Əli də milli ayrıseçkiliyə qarşı idi, Yusif Vəzir də. Əli də Realni məktəbdə rüşvətdən gileylənir, gündəliklərdə Yusif də. Əli xan da yaxşı rəqs etmədiyini deyir, Yusif də. Əli də içkini sevmir, Yusif də. Əli də imtahanlardan qorxurdu, Yusif də. Əli də çoxlu dil bilir, Yusif də (səkkiz dil).

Romanda əhvalat dörd dost ətrafında cərəyan edir. Gündəliklərdə də Yusif dörd dostundan bəhs edir. Əli Ninoyla həmişə Qubernator bağında görüşür. Yusif də gündəliklərdə bu bağdan söz salır və yeni görkəmdən sonra “döyünən ürəkləri qoynuna almağa hazır olduğundan” danışır... Və nəhayət, Əli də Yusif kimi Vətəndən ayrı qala bilmir, Vətəndə qalır və ölür...

MƏN 101 SƏBƏBDƏN ANCAQ 10-15-Nİ YAZA BİLDİM

101 səbəbi bir yazıda sadalamaq mümkünsüzdür. Elə təqdimat mərasimində Betti Bleyer də bu səbəblərin hamısını deyə bilmədi. Amma indi mənim əlimin altında olan “Azerbaijan international” jurnalının son buraxılışında bu səbəblərin hamısı birbəbir izah olunur.

BU TƏDQİQATI APARMAĞA DƏYƏRDİMİ?

Təqdimat mərasimində xanım Betti bu sualı özü-özünə verdi və cavabladı: “Dəyərdi! Mənim fikrimcə, Yusif Vəzir bu əsərin əsl müəllifidir. Düşünürəm ki, Əsəd bəyin də əsərdə barmaq izləri var. Qurban Səid dünyada alman yazıçısı kimi göstərilir. Odur ki, “Əli və Nino”nu Azərbaycana qaytarmaq lazımdır”.

YUSİF VƏZİRİN KİM OLDUĞUNU ÖYRƏNMƏLİYƏM

Betti Bleyer 6 il öncə özünün fərqli düşündüyünü, Yusif Vəzirin oğlu Orxan Çəmənzəminli ilə görüşdən sonra ürəyinə şübhə toxumu səpildiyini söylədi: “O görüşdən qayıdıb əməkdaşlarımıza dedim: Tamamilə sıfırdan başlamalıyıq. Orxan bəyin dediklərində həqiqət var. Mən Yusif Vəzirin kim olduğunu öyrənməliyəm”.

Həmçinin oxu
Rəşad Məcid Betti Bleyrin arqumentlərini əsassız sayır
XS
SM
MD
LG