Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:18

Astana sammiti niyə uğursuz alındı?


“Varşava Paktı, SSRİ dağılandan sonra ATƏT-in missiyası qeyri-müəyyən şəkil aldı. Mərkəzi və Şərqi Avropa dövlətləri öz problemlərini NATO və Avropa Birliyi çərçivəsində nizamlayırlar. ATƏT isə indi daha çox postsovet məkanında demokratiyanı genişləndirilməsi missiyası ilə məşğuldur. Ancaq bu missiyanı da yerinə yetirə bilmir”. Bu sözləri AzadlıqRadiosunun “Panorama” verilişində Azərbaycan Milli Məclisinin üzvü, politoloq Rasim Musabəyov deyib.

ATƏT ÖZ MİSSİYASINI YERİNƏ YETİRƏ BİLMİR

Bu həftə“Panorama” verilişinin mövzusu ATƏT-in 11 illik fasilədən sonra dekabrın 1-2-də Astanada keçirilən sammiti olub. Rasim Musabəyovun ATƏT-in beynəlxalq missiya kimi yetərincə funksional fəaliyyət göstərə bilməməsi fikrini verilişin başqa bir qonağı – “Ayna-Zerkalo” qəzetinin siyasi şərhçisi Azər Rəşidoğlu da bölüşüb:

“ATƏT postsovet məkanında münaqişələrin nizamlanması üzrə üzərinə düşən missiyasını yerinə yetirə bilmir. Bir sıra ekspertlər ATƏT-in Astana sammitində qurumun yeni strategiyasının yaradılacağını bildirsələr də bu gözləntilər özünü doğrultmadı”. Azər Rəşidoğlu sammitdə yekun bəyannaməsinin qəbul edilməməsini dediklərinə misal gətirib. Onun fikrincə, ABŞ prezidenti Barak Obamanın, Fransa prezidenti Nikola Sarkozinin sammitə qatılmamasının səbəbi sammit üzərində Rusiya “kölgəsi” olub:

“Çünki, sammitin keçirilməsinin əsas təşəbbüskarı Rusiya idi. Rusiya öz nüfuz dairəsini genişləndirməyə çalışırdı. Ancaq Qərbin sammitə o qədər də isti münasibət göstərməməsi Rusiyanın planlarını pozdu”.

MÜNAQİŞƏLƏRİN HƏLLİNƏ ƏNGƏL RUSİYADIR


Rasim Musabəyov bildirib ki, ABŞ-ın, Fransanın samitdə dövlət başçıları səviyyəsində iştirak etməməsi postsovet məkanındakı bütün münaqişələrin Rusiyada olduğuna bir işarədir:

“Rusiya bu sammitin keçirilməsi üçün uzun müddətdir çalışır. Məqsədi də öz nüfuz dairəsini genişləndirmək idi. Ancaq ATƏT-in nizamlama missiyasını öz üzərinə götürdüyü Azərbaycandakı, Gürcüstandaki, Moldovadakı ərazi problemlərinin arxasında Rusiyanın dayandığı bütün beynəlxalq birliyə bəllidir. Rusiya nümayişkaranə şəkildə bu münaqişələrin nizamlanmasını əngəlləyir. Eyni zamanda NATO-nun genişlənməsinin qarşısını almağa cəhd edir. Təbii, Qərb Rusiyanın bu hərəkətlərinə dəstək verməyəckəkdi. Buna görə də Rusiyanın sammitlə bağlı səylərinin nəticə vermədiyini düşünürəm”.


“Rusiyanın bu sammitdən gözləntisi həm də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ləğvinə nail olmaq idi. Ancaq bu da baş tutmadı”.

QƏRBLƏ RUSİYA ARASINDA VURNUXMALAR...


Bu fikirlərin müəllifi isə Azər Rəşidoğludur. Siyasi şərhçi düşünür ki, Astana sammiti tarixə həm də Azərbaycan diplomatiyasının növbəti uğursuzluğu kimi düşəcək:

“Sammitdə qəbul olunan Yaddaş Bəyannaməsində Gürcüstanın ərazi bütövlüyü dəstəkləndi, Dnestryanı məsələ öz əksini tapdı, ancaq Qarabağ münaqişəsi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələ xatırlanmadı. Bunün səbəbi məncə, uzun illərdir Azərbaycan diplomatiyasında Qərblə Rusiya arasındakı vurnuxmalardır. Qarabağ münaqişəsinin inzamlanması üzrə Azərbaycanla Ermənistan arasında vasitəşilik missiyasını həyata keçirən xüsusi qurumu olmasına baxmayaraq ATƏT-in sammitində Azərbaycanın ərazi bütövlüyünün tanınmaması Azərbaycan diplomatiyasının çox ciddi uğursuzluğudur. Azərbaycanda insan haqları, demokratik inkişafla bağlı ciddi problemlərin olmasının da bu məsələdə payı var. Eyni zamanda Avropa dövlətlərinin Ermənistanla açıq qarşıdurmaya getmək istəməmələri aydındır. Təbii, burada xristian təəssübkeşliyi faktorunu da nəzərdən qaçırmaq olmaz”.
XS
SM
MD
LG