Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:45

Bakıda ən çox hansı mobil telefonlar dəbdədir?


2009-cu ildə 9 milyon dollarlıq 180 mindən çox telefon idxal olunub

2009-cu ildə 9 milyon dollarlıq 180 mindən çox telefon idxal olunub

Bakıda addımbaşı mobil telefon mağazalarına rast gəlmək olar. Vitrinlərdəki müxtəlif dizaynlı, fərqli qiymətli mobil telefonlar deyəsən, öz yerlərində bir o qədər də çox qalmırlar. Çünki rəsmi statistikaya görə, son illər ölkəyə gətirilən mobil telefonların sayı artıb. Məsələn, 2008-ci ildə Azərbaycana təxminən 5 milyon dollarlıq 57 mindən çox telefon gətirilmişdisə, 2009-cu ildə 9 milyon dollarlıq 180 mindən çox telefon idxal olunub.

ÇALIŞIRDIQ ƏN SON MODEL BİZDƏ OLSUN


Ölkəyə nə qədər telefon gətirilib-gətirilməməsindən xəbərsiz bank işçisi Xəyalə Əsgərova tələbə olanda tez-tez telefonunu son modelə dəyişirmiş. Qiymətlər tələbə büdcəsinə uyğun olmasa da, yaşıdları arasında son model telefonla öyünmək azarına tutulubmuş:

- İstəyirdim ki, son çıxan telefon məndə də olsun. Hamımız bir-birimizə baxırdıq ki, a...son model məndədir.

- Tələbəyə beləmi çox zəng gəlir ki, telefona ehtiyac duyur?

- Yox...zəng etmək üçün almırdıq ki... İçindəki funksiyalarına görə, şəkil, video çəkirdik, mahnılar yazdırırdıq.

Amma Xəyalənin bu azarı işə girəndən sonra qeybə çəkilib. İndi telefondan yalnız ünsiyyət vasitəsi kimi istifadə edir. Son model arxasınca da qaçmır, deyir ki, telefondan istifadə qaydalarının sadə olması ona yetərlidir.

BÜTÜN ÖLKƏ BİR YANA, MASALLI BİR YANA

Rəsmi statistika ölkəyə gətirilən telefonların firma və markası üzrə təsnifat aparmır. Amma bazar araşdırması sahəsi üzrə ixtisaslaşmış və bu yaxınlarda «Həyat tərzi» adıyla araşdırma aparmış «Business Insight» araşdırma qrupu telefon-sorğu nəticəsində aşkar edib ki, Azərbaycan ailələrinin 84 faizində cib telefonu var.

Rəsmi statistika ölkəyə gətirilən telefonların firma və markası üzrə təsnifat aparmır
Statistika isə ölkə əhalisinin 8,5 milyonunda telefon olduğunu deyir. Azərbaycanlılar arasında dəbdə olan mobil telefon brendinə gəlincə, qrupun araşdırmasına görə, ölkədə «Nokia», «Samsunq» digər mobil telefonlarla müqayisədə daha çox satılır. Amma araşdırmaya görə Masallı sakinləri «Sony Ericsson»a üstünlük verirlər.

KORPUSU QIZIL YA DA BRİLYANT OLSUN


Bakının mərkəzində telefon mağazalarının birinin meneceri Samir Cəbrayılov orta təbəqə arasında bu markalı telefonların daha cəlbedici olduğunu, imkanlılar arasında isə daha çox «Black Berry»nin və «Vertu»nun dəb olduğunu söyləyir:

- «Vertu»nun qiyməti 6 min manatdır. «Bluetooth»u yoxdur, şəkil çəkmir. Bircə zəng gəlir, zəng gedir. Rəngli telefondur. Onu adına, imicinə görə alırlar. Bəzən müştəri özü sifariş edir ki, «korpus»u qızıldan olsun və ya brilyantla bəzədilsin.

- «Vertu»nu alanlar çoxdurmu?

- Çoxdur. Həftəyə birini, üçünü satırıq. İndi qurtarıb, gətirəcəyik.

Samir Cəbrayılov deyir ki, bəziləri üçün mobil telefon imicdir, əsasən imkanlı ailələrin uşaqları arasında bahalı telefonlara meyl çoxdur. Amma tez-tez telefonunu dəyişdirən də gənclərdi:

- Oğlanlar sadə telefonlara üstünlük verirlər. Qızlar isə istəyirlər ki, yaraşıqlı olsun, rəngli olsun. Çoxlu funksiyaları olsun.

«MƏNDƏ UCUZ TELEFONDUR»

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl deyir ki, bir çox hallarda Azərbaycan vətəndaşının mobil telefona munasibəti iqtisadi amillərlə izah edilə bilməz. Məsələn, əksəriyyət mobil telefon seçərkən cibinə yox, telefonun cəlbediciliyinə önəm verir.

Rəhman Bədəlov
Fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlovun müşahidələrinə görəsə, Azərbaycanda dəb, brend arxasınca qaçmaq meyli çoxdur və məsələn, telefondan yalnız danışmaq üçün istifadə edəcəyi halda, ona heç vaxt lazım olmayan mürəkkəb funksiyalı, qiyməti yüksək olanını alır ki, kənardan başqa cür görünsün:

- Bahalı telefon nə deməkdir? Brend məsələsi də var. Funksiyalara görə də bahalı olur. İstifadə etməyəndən sonra bu, sənin nəyinə lazımdır? Məsələn, məndə ucuz bir telefondur, bir nöqsanı var, deyirlər ki, enerjisi tez bitir. Deyirəm, olsun, hər gün qoyaram enerji yığsın.

Rəhman Bədəlovun fikrincə, mobil telefonu imicə, aksessuara çevirmək cəmiyyətin kasıb psixologiyasından xəbər verir.

Şərhləri göstər

XS
SM
MD
LG