Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:52
Milli Kitab Mükafatı müsabiqəsinin növbəti mərhələsinə noyabrın 25-də start verilib. “Əli və Nino” Nəşriyyat Evinin layihəsi olan müsabiqənin münsiflər heyətinin üzvü, professor Rafiq Əliyev “Media forum” saytının suallarını cavablandırıb.


- Ədəbiyyat adamı olmayan Rafiq Əliyev ədəbiyyata nə dərəcədə bağlıdır?

- Bu sual məndə məşhur alimimiz və ədəbiyyatçımız Xudu Məmmədovun “Qoşa qanad” kitabı ilə assosiasiya yaratdı.

Zamanın fövqündə olmaq üçün ənginliklərə uçmaq lazımdır, uçmaq üçün qoşa qanad lazımdır.

Bu qanadlardan biri elm, o birisi isə sənət, ədəbiyyatdır. İstər elmdə, istərsə də sənətdə yaradıcılığın təkanvericisi duyğulardır.

Tanıdığım əsl elm adamlarının əksəriyyəti sənətlə və ədəbiyyatla məşğul olublar, mükəmməl sənət adamlarının elmlə məşğul olduğunu da bilirəm.

Belə adamlar elmlə məşğul olduqda insan-kainat-Allah vəhdətinin vahid elmi portretini, sənət əsəri yaradarkən bu vəhdətin seçdiyi obrazlarla bədii əksini ərsəyə gətirir.

Mənim ədəbiyyata, sənətə bağlılığım bu kontekstdə izah oluna bilər.

Gənc yaşlarımda şeirlər çap etdirmişəm, hətta məktəblilər üçün mənzum “Ana” pyesi yazmışdım.

Təbii ki, bunları mən ciddi ədəbiyyat saymıram.

Sonralar publisistika, o cümlədən elmi-publisistika sahəsində olan yazılarım birbaşa ədəbiyyatla bağlıdır. “Segahı görürəm”, rus dilində “Əsirlərdən ötüb keçən arzular” kitabları və onlarla publisistik yazı dərc etdirmişəm.

Tək elmi texnologiyalara deyil, ədəbi texnologiyalara bələdçiliyim ədəbiyyatsevərliyimə səbəb olub.

- Azərbaycan ədəbiyyatının bugünkü durumunu necə səciyyələndirərdiniz?

- Bu gün Azərbaycan ədəbiyyatı elə də sadə olmayan bir dövrünü yaşayır. Sovetlər dağılandan sonra hakimiyyət-yazar arasındakı servilizm də dağıldı.

Yazarlar yaradıcılıq azadlığı və senzuranın yoxluğu mühitinə düşdülər.

Fikrimcə, bu şəraitdə kapital senzuradan da güclü tənzimləyici oldu.

Yazarların ədəbi həyatı formalaşan və keyfiyyətli aprobasiya keçdiyi jurnallar azaldı, tirajları xeyli aşağı düşdü.

İstedadlı gələm sahiblərin çoxu cəmiyyətin aztəminatlı hissəsinə çevrildi.

Bütün bu çətinliklərə rəğmən bizim genetik ədəbi yaddaşımıza və istedadı Allahın verdiyindən bu gün ədəbiyyatımızda bir canlanma hiss olunur. İstedadlı nəsil yetişib - Qəçəm Nəcəfzadə, Qulu Ağsəs, Xanəmir, Rasim Qaraca, Qismət, Fəxri Uğurlu, İlqar Fəhmi və onlarla adını çəkmədiyim gənc yazarlar.

- Ciddi əsərlər yaranırmı?

- Yaranır. Anarın “Ağ qoç, qara qoç”, Kamal Abdullanın “Yarımçıq əlyazma”, Rüstəm İbrahimbəyovun dünyanın yüzdən çox teatrında oynanılan pyesləri, Ramiz Rövşənin “Nəfəs”i və başqa əsərlər ciddi əsərlərdir.

Bir də nəzərə alaq ki, siz deyən ciddi əsərlərin yaranması üçün mühit lazımdır. Ədəbiyyata sosial sifariş lazımdır, xalqın sifarişi lazımdır. Məlumdur ki, ədəbiyyat, ədəbi əsərlər həm də öz dövrünün, mövcud cəmiyyətin məhsuludur. Ciddi ədəbiyyatın yaranmasında əsas çətinlik bu gün cəmiyyətimizdə şousentrizmin geniş vüsət almasındadır. Ədəbi-bədii yaradıcılıq şou-proqram obyekti deyil, fəlsəfi-idrak mənbəyidir. Şükürlər olsun ki, mütərəqqi əqidələr, öz dövrünü qabaqlayan ideallar tərənnüm edən ciddi poeziya və nəsr nümunələri yaranmaqdadır.

- Rafiq Əliyev hansı janrda əsərlər oxuyur və sonuncu kimin əsərini oxuyub?

- Mən həm poeziyanı çox sevirəm, həm də düşündürən, zamanını qabağlayan nəsr əsərləri oxuyuram.

Hazırda paralel üç kitab oxuyuram - Rüstəm İbrahimbəyovun Sankt-Peterburqda çap olunmuş povestlərini, Fəxri Uğurlunun hekayələrini və Mahir Qarayevin yenicə çapdan çıxmış kitabını.

- Milli Kitab Mükafatının münsiflər heyətinin üzvüsüz. Seçiminizdə hansı meyarlara üstünlük verəcəksiniz?


- Ədəbi-bədii mühitin yetişməsində xalqın oxumağa olan meyl dərəcəsi çox vacibdir. Sovetlər dönəmində Pribaltika ölkələrində adambaşına düşən kitab alışı 14 manat idi. Azərbaycanda isə 2 manat 62 qəpik.

Bu gün kitab mağazalarının kəskin azalması bu tendensiyanın davam etdiyini göstərir.

Qərb ölkələrində minlərlə ədəbiyyat mükafatı var. Belə mükafatlar ədəbi-bədii mühitin inkişafına müsbət təsir edir.

Şükürlər olsun ki, Azərbaycanda heç olmasa bir mükafat var. Heyf ki, bu mükafatı da sağdan-soldan, yuxarıdan-aşagıdan qamçılayırlar.

Düşünürəm ki, bu, ədəbiyyatımızda atalar-oğlullar probleminin sivil qaydada olmamasından və cəmiyyətdəki kəskin qütbləşmədən qaynaqlanır.

Münsiflər heyətinin əsas borcu öz obyektivliyi ilə qarşıdurmaları mümkün qədər yumşaltmaqdır.

O ki qaldı meyarlara, burada əsasən universal meyarlar götürülməlidir.

Zənnimcə bunlar bədii-üslubi keyfiyyət, cəmiyyətin ictimai məna kəsb edən problemlərinin qaldırılması, xaricə çıxma dəyəri, bestseller olma imkanı.

- Xarici ədəbi mühitə yaxından bələd olan biri kimi Azərbaycan ədəbi mühiti ilə digərlərinin arasındakı fərqi nədə görürsünüz? Niyə ədəbi əsərlərimiz dünyaya səs sala bilmir?

- Qərbdə postmodernist ədəbi mühiti oradakı postmodern cəmiyyətin həyat tərzi ilə əlaqədardır.

Qərb cəmiyyətində yazarlar cəmiyyətin yaxşı təminatlı zümrəsidir. Postmodernizm ali dəyərləri qəbul edən, eyni zamanda klassikliyə söykənən mədəniyyət vəziyyətidir.

Bədii postmodernizm ədəbiyyatı tək formaca deyil, təfəkkür və məzmun baxımından və ideya baxımından fərqlənən ədəbiyyatdır.

Afaq Məsudun, Səlim Babullaoğlunun, Vagif Bayatlının, Elxan Zalın əsərləri bu baxımdan ümid verəndir.

Dünyaya çıxmaq üçün dil problemini əsas maneə kimi görürəm.

Sovetlər vaxtında Azərbaycan yazıçılarının tanınmasında SSRİ Yazıçılar Ittifaqında Azərbaycan ədəbiyyat və şurasının yazıçı-tərcüməçi Azər Mustafazadənin yaxşı xidmətləri olub.

Rus şair və yazıçıları Azərbaycan ədəbi nümunələrini dünyanın bir çox ölkələrində tanıda bilirdilər. Tərcümə məsələsi ədəbiyyatımızda mövcüd olan çətinliklərindən biridir.

Düşünürəm ki, dünyaya çıxmaq üçün əcnəbi dillərin neytiv (doğma) yazarlarını bu işə cəlb etmək lazımdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG