Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:26
Rusiyanın ən nüfuzlu ədəbiyyat mükafatlarından olan – “Русский Букер"in qalibi açıqlanıb.

Mükafata "Цветочный крест" romanına görə yazıçı Yelena Kolyadina layiq görülüb.

Kolyadinanın sevgi və seks haqda olan bu romanı müsabiqənin qısa siyahısına düşsə də, fovorit sayılmırdı.

Onun romanı hələ heç kitab formasında çap edilməyib, "Вологодская литература" jurnalında dərc olunub.

“1995-ci ildə mən "Космополитен" jurnalı üçün yazmağa başladım və feminizmə marağım artdı.

Bu mövzuda ədəbiyyat toplamağa başladım. Bir dəfə cadugər qadınlar haqda kitab aldım.

Orada Totma şəhərində mühakimə edilmiş cadugər qadın Feodosiya haqda məlumata rast gəldim. Romanı yazmağıma da bu, təkan oldu” – deyə müəllif bildirib.

Kolyadina deyib ki, romanı gecələr yazırmış və əsərdə çoxlu erotik məqamlar var.

“Mən həmişə sevgi və seks haqda yazmaq istəyirdim. Təəssüf ki, rus dilində kobud ifadələr və tibbi terminlərdən başqa buna uyğun sözlər yoxdur.

Mən görəndə ki, bunun üçün Pyotrdan qabaqkı dövrdə heç kəsi alçaltmayan çoxlu uyğun sözlər olub, dərhal romanı yazmağa qərar verdim”.

Bu il müsabiqənin qalibinə çatacaq mükafatın dəyərini 100 min rubl artırıblar. İndi mükafatın dəyəri 600 min rubldur (təxminən 20 min dollar).

"Русский Букер" – qalibləri vergi yükündən azad edilmiş mükafatlar sırasına daxil edilib.

"Цветочный крест" romanı dərc edilən kimi müəllifin yaşadığı bölgədə böyük diskussiyalara səbəb olmuşdu.

Bəziləri əsəri yüksək qiymətləndirmiş, digərləri isə pravoslavlığa həqarət olan ucuz erotik roman adlandırmışdı.

Romanda hadisələr 1674-cü ildə cərəyan edir.

Əsərin qəhrəmanı 21 yaşlı keşiş – Loqqin atadır.

O, Totma şəhərinə gəlir ki, kilsədəki dindarları yenidən tərbiyə etsin.

Çünki dindarlar arasında bütpərəstliyin fövqəltəbii qüvvə saydığı leşiy və başqa obrazlara inananlar var.

Keşiş dindar qadınlardan birinə - Feodosiyaya vurulur.

Amma həmin qadına möcüzələr göstərə bilən bir şəxs kimi pərəstiş edildiyini biləndə onu cadugərlikdə ittiham edir.

Feodosiya tonqalda yandırılmağa məhkum edilir.

Müsabiqənin qısa siyahısına tanınmış rus yazıçısı Viktor Pelevinin də əsəri düşə bilməmişdi.

"Русский Букер" mükafatı müəllifin bütövlükdə yaradıcılıq nailiyyətlərinə görə yox, konkret əsərinə görə verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG