Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:36
İki həftəyə yaxındır ki, gənc bloqqerlər Adnan Hacızadə və Emin Milli azadlıqdadır. Azadlığın ilk iki həftəsi iki gəncin həyatında hansı dəyişikliklər edib? Hər ikisi deyir ki, azadlığa buraxılandan sonra ilk olaraq həbsxana divarları arasında qazandıqları can ağrılarını müalicə etdirməklə məşğuldurlar.

ADNAN STRESİ DOSTLARLA UNUDUR

Bundan başqa, zindanın onlara yaşatdığı stresi yaxın dostların əhatəsində atırlar. Adnan Hacızadə: «Həbsdən çıxandan sonra demək olar ki, konkret heç bir işlə məşğul olmamışam. Hazırda müalicədəyəm, əsəb sisteminin və həzm prosesinin tənzimlənməsi üçün dərmanlar atıram, sistemlər köçürtdürürəm. Dostlarımla görüşürəm, çalışıram vaxtımın çoxunu sevdiyim insanlarla keçirim. Hələ ki, şokedici, fərqli bir şey yoxdur».

Gənc bloqqer deyir ki, hazırda internet aləminə adaptasiyasını gücləndirir: «Özümü yenidən internet aləminə, Facebook-a alışdırıram, mən həbsdə olduğum vaxtda bu şəbəkədə bir çoxları məni dostluq siyahısına əlavə edib, onu tənzimləməyə çalışıram, bu da özü-özlüyündə bir prosesdir».

«KAMERANI GÖTÜRÜB KÜÇƏYƏ ÇIXMAĞA HALIM YOXDUR»

Adnan Hacızadə şərti azadlıqda olduğuna görə, Bakıda olması və hansı işlərlə məşğul olması barədə hər ay müvafiq orqanlara məlumat verməlidir: «Bundan sonra hər ay ora məlumat verəcəm ki, Bakıdayam və sair».

Adnan Hacızadə hesab edir ki, bloqqer kimi fəaliyyətini bərpa etmək üçün müəyyən vaxt lazımdır:

- Çünki hazırda kameranı götürüb harasa çıxmağa halım yoxdur. Yavaş-yavaş Facebook-dan başlayacağam və yazacağam. Ancaq bunlar hamısı vaxt tələb edir.

Adnan Hacızadə
- Həbsdə olarkən gələcəkdə hansı işləri görəcəyini planlaşdırmışdın?

- Planlaşdırmışdım, bir çox yeni ideyalarım var və onların hamısını səliqəli şəkildə dəftərə yazmışam. Ancaq indi vaxt və səbr lazımdır ki, onların hamısını həyata keçirim.

MƏNƏVİ BORC

Adnan Hacızadə deyir ki, gələcəkdə əlinə imkan düşdükcə məhbusların hüquqlarının müdafiəsi ilə də məşğul olacaq:

- Əgər nə vaxtsa həyatımda hüquq müdafiəçiliyinə və məhkum hüquqlarına nə isə yardım etməyə şansım olsa, bundan mütləq istifadə edəcəyəm. Mən bunu artıq özümə bir borc sayıram.

- Dostlarla haralarda görüşürsünüz?

- Küçədə, bizdə, ya da Eminin evində. O qədər mənfi marketinq apardıq ki, o restoranın adını da dəyişdilər, interyerini də. (Gülür).

Söhbət gənc bloqqerlərin döyüldükləri və həbs olunduqları «Livan» restoranından gedir.

«HƏKİM MÜAYİNƏLƏRİNDƏN KEÇİRƏM»

Bloqqer Emin Millinin də həbsdən sonrakı həyatında adaptasiya normal gedir. Deməsinə görə, o da azadlığa ilk addımlarını həkim kabinetlərindən başlayıb:

«Həkimlərə gedirəm, müayinələrdən keçirəm, görüm həbsdə keçirdiyim 17 ay mənim sağlamlığıma nə qədər təsir edib?».

Emin Milli
Emin Milli bloqqer kimi fəaliyyətini hələ bərpa etməyib: «Hələ ki bloqqerliyə əlim çatmır, hərdən nəsə yazıram, ancaq hələlik ciddi şəkildə qayıtmamışam. Yəqin ki, buna müəyyən vaxt lazımdır».

Gələcək planları isə dəyişməz qalır. Həbsxana həyatının yarıda qoyduğu planlarını bundan sonra həyata keçirmək fikrindədir:

«Həbsə düşməmişdən əvvəl fikrim var idi ki, 1-2 il xaricdə təhsil alam. Mən onunla məşğul idim, buna hazırlıq aparırdım, indi də bu planlarımı davam etdirmək fikrindəyəm. Bununla yanaşı sözsüz ki, yazmaq, fikir söyləmək ictimai fəaliyyətlə məşğul olmaq niyyətim var. Bundan əvvəl necə yaşamışamsa, bundan sonra da elə yaşayacam».

«İÇİMDƏ HƏBSXANA XOFU YOXDUR»

Gənc bloqqer deyir ki, həbsxana həyatı gözünü qorxutmayıb və içərisində nə vaxtsa azad söz ifadə etdiyinə görə həbsxanaya qayıda biləcəyi xofu yoxdur:

«Şəxsən mənə bu belə təsir bağışladı ki, düz sözü deyirdim və düz əməllərlə məşğul olurdum. Qorxu elə bir şeydir ki, onun üstünə getdikcə səndən qaçır. Ona görə mənə bunun elə bir təsiri olmadı».

Adnan Hacızadə və Emin Milli ötən il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Gənclər hücuma məruz qaldıqlarını və döyüldüklərini desələr də, onlara qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Adnan Hacızadəyə 2 il, Emin Milliyə isə 2 il 6 ay həbs cəzası kəsilib. Bu il noyabrın 18-də Adnan Hacızadə, 19-da isə Emin Milli cəzalarının yarıdan çox hissəsini həbsdə qaldıqdan sonra məhkəmə qərarları ilə azadlığa buraxılıblar.

Şərhləri göstər

XS
SM
MD
LG