Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:36

«Avropa Məhkəməsində bizim qərarları oxuyanda az qala şoka düşürlər»


2002-ci ildən etibarən Azərbaycan vətəndaşları Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmək hüququ qazanıblar. Bu hüququ daha əlçatan, daha asan etmək üçün nə etmək lazımdır? Avropa Məhkəməsinə (AM) göndərilən şikayətlərin niyə əksəriyyəti geri qayıdır? Beynəlxalq məhkəməyə şikayət hüququna həsr edilmiş “Hər kəsin haqqı var” proqramında bu və digər suallar ətrafında müzakirə açılıb.

Hüquqşünas, Avropa Məhkəməsinə göndərilən bir çox şikayətlərin müəllifi Fuad Ağayev deyir ki, Azərbaycandan ora gedən ərizələrin əksəriyyəti geri qaytarılır. O bunda təəccüblü bir şey görmür:

“Əsas səbəb ərizəçilərin Avropa Məhkəməsi presedent hüququ haqqında biliyə malik olmamasıdır. Azərbaycandan gedən ərizələrdə əsas nöqsan - həmin ərizənin yekun qərar qəbul ediləndən 6 aydan çox müddətin keçməsi ilə bağlıdır. Amma bu məsələdə tək Azərbaycanı istisna saymaq olmaz. Ümumiyyətlə, Avropa Məhkəməsinə gedən ərizələrin 90 faizi qəbul edilməyən sayılır. 10 ərizədən 9-u qəbul edilmir”.

HEYDƏR ƏLİYEV FONDUNDAN SONRA AM-YƏ ŞİKAYƏT ETMƏYİN MƏNASI YOXDUR

Fuad Ağayev
Fuad Ağayev Avropa Məhkəməsinə müraciət hüququnu kifayət qədər sadə və əlçatan sayır. Amma dediyinə görə, ərizələr kifayət qədər əsaslandırılmalıdır. Həm də vətəndaş öz ölkəsində daxili hüquq vasitələrini tükəndirməlidir:

“Bəzi vətəndaşlar hesab edir ki, yerli məhkəmələrə müraciət etməyin mənası yoxdur. Onlar dövlət başçısına, Heydər Əliyev Fonduna müraciət edirlər. Sonra da Avropa Məhkəməsinə. Belə ərizə təbii ki, qəbul edilməyən sayılacaq”.

BİR NƏFƏRƏ GÖRƏ ÖZLƏRİNİ RÜSVAY EDİRLƏR

Fuad Ağayev deyir ki, tək bir nəfərə - Eynulla Fətullayevlə bağlı qərara görə Azərbaycan özünü rüsvay edir. Bu cür siyasi işlərə görə Azərbaycan məhkəmə sisteminin nüfuzu çox aşağı düşür:

“Hərçənd, Azərbaycan məhkəmələrinin başqa işlərlə bağlı da problemləri yetərincədir. Korrupsiya üsullarından mümkün qədər az istifadə edilməlidir. O qədər adam tanıyıram ki, çalışırlar ki, öz işlərini rüşvətlə həll etsinlər. Gərək Azərbaycan məhkəmələrində peşəkar hüquqşünaslara müraciət etsinlər”.

HƏR BİR ÖLKƏNİN MƏHKƏMƏSİ SƏHV EDƏ BİLƏR

Anar Bağırov
Azərbaycan Hüquqşünaslar Konfederasiyası İdarə Heyətinin üzvü, Hakimləri Seçki Komitəsinin nümayəndəsi Anar Bağırov isə Avropa Məhkəməsinə əksər ölkələrdən şikayətlər getdiyini deyir. Hesab edir ki, bu, Avropanın bütün ölkələrində hüquqların pozulduğunun göstəricisi ola bilməz:

“Hər ölkənin məhkəməsi səhv edə bilər, yanlışlığa yol verə bilər. Amma nəzərə almaq lazımdır ki, ölkədə minlərlə qətnamə çıxarılır. Onların çox cüzi hissəsindən Avropa Məhkəməsinə şikayət verilir”.

AVROPA MƏHKƏMƏSİNDƏ BİZİM QƏRARLARI OXUYANDA AZ QALA ŞOKA DÜŞÜRLƏR

Fuad Ağayev isə əsas problemin sayda yox, hakimlərin yol verdiyi səhvlərdə olduğunu deyir. Onun sözlərinə görə, Azərbaycanda elə kobud qanun pozuntuları baş verir ki, bu, Avropa Məhkəməsi üçün xarakterik ola bilməz:

“Hətta Avropa Məhkəməsində bizim hakimlərin çıxardığı qərarların mətninə baxanda, öz təəccüblərini, nə dərəcədə karıxdıqlarını gizlədə bilmirlər. Bunu qərarların mətnindən də hiss etmək olar. Onlar az qala şok vəziyyətinə düşürlər. Təsəvvür edə bilmirlər ki, məhkəmə coğrafiyanı bilmədiyinə görə şəxsi məhkum edə bilər. Çünki işlərin birində məhkəmə Qazaxıstan və Azərbaycan arasında quru sərhəd və hətta dəmiryolu olduğunu bildirmişdi”.

Fuad Ağayev deyir ki, bəzən Azərbaycan məhkəmələrinin elə qərarları olur ki, bundan dəhşətə gəlmək mümkündür.

“Həmin qərarları oxuyanda adam fikirləşir ki, görəsən hakim öz yazdığını oxuyub? Bu işə doğrudan baxıblarmı? İslahatlardan çox danışmaq olar. Amma sovet dövrü ilə müqayisədə məhkəmələrin səviyyəsi aşağı enibsə, bu, antiislahatdır”.

MƏHKƏMƏ QƏRARLARI İCRA OLUNMUR

Xanlar Hacıyev
Azərbaycanın Avropa Məhkəməsindəki təmsilçisi Xanlar Hacıyev deyir ki, Azərbaycana qarşı çıxarılan bəzi qərarlar məhkəmə qərarlarının icra olunmaması ilə əlaqədardır. O, misal kimi Səfərov Azərbaycana qarşı işini göstərir:

“Bu işdə 2003-cü ildən bəri polis bölməsi məhkəmə qərarını icra etmir. Halbuki, polis hüquq-mühafizə orqanlarının vacib strukturudur və bu qurum hüququn aliliyinə hörmət göstərməlidir. Bu, heç qənaətbəxş hal deyil ki, belə bir təşkilat məhkəmə qərarına hörmət etmir”.

QƏRƏZSİZ HAKİM KORPUSU LAZIMDIR

Fuad Ağayev hesab edir ki, Azərbaycanda qərəzsizliyi şübhə doğurmayan hakim korpusu olmalıdır. Onun fikrincə, indi çox az hallarda bunu müşahidə etmək olar:

“Deməzdim ki, hər hakimin qəbul etdiyi qərar qanunsuzdur. Amma hələ də bu məsələdə korrupsiya çox ciddi rol oynayır. Siyasi əhəmiyyətli işlərdə isə icra hakimiyyətinin təsiri və təzyiqi həlledici rol oynayır”.

AzadlıqRadiosu və “İnternyus Azərbaycan” təşkilatının birgə hazırladığı “Hər kəsin haqqı var” proqramı Avropa Komissiyası tərəfindən dəstəklənir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG