Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:12

«Avropa ölkələriylə müqayisədə bizdə anaların çox üstünlükləri var»


Təxminən 125 gün müddətində analıq məzuniyyətinə çıxırlar və bu müddətin maaşı onlara ödənir.

Təxminən 125 gün müddətində analıq məzuniyyətinə çıxırlar və bu müddətin maaşı onlara ödənir.

Məlahətin aman-zaman bircə oğlu var. İkinci övladı dünyaya gətirməyə ürək eləməyib. Deyir ki, necə ürək eləyəydim, o zaman özüm işləmirdim, ərim də indiki pulla 80 manat maaş alırdı:

«Uşaq olanda 50 manat almışdı. Sonra heç nə vermədilər. Onda evlərə gedirdim, təmizliyə. Yoldaşım da zavodda işləyirdi. Gücnən dolanırdıq. Ayda bir dəfə ət alırdıq, gücümüz çatmırdı. Mən tələb edə bilmirdim. Anam-bacım aylıq ərzağımı alıb göndərirdilər. Əl tuturdular mənə. Yoldaşım sonra rəhmətə getdi. Uşağa pensiya kəsilib. Əvvəl 70 manat idi, indi 90 manatdır...».

Ərinin ölümündən sonra mağazada xadimə işləyir. Maaşı 120 manatdır. Məlahət deyir ki, anası-bacısı olmasa, çətin dolanar. İstədiyi odur ki, uşaqların müavinətləri artırılsın. Heç olmasa 300 manat olsun:

«Gücnən çatır. Uşağın pensiyası, ya maaş bir dəfə aldın, qurtardı getdi. Artıq bir şey ala bilmirəm. Uşaqdı da hər şey istəyir. 12 yaşı var. Atasızdı, çalışıram tələbatlarını ödəyim. 300 manat olsa çatar. Mənim maaşım da kommunal borclara gedər».

TƏNHA ANALARA AYRICA STATUS

«Tənha analar üçün ayrıca status müəyyənləşdirilməsi və onlara ayrıca müavinət verilməsiylə bağlı təkliflər vermişik».

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsində hüquq təminatı şöbəsinin əməkdaşı Taliyə İbrahimova belə deyir:

«Təkliflərdə tənha analara müavinət verilməsi önə çəkilir. Əsas onu vurğulayırıq ki, onların maddi rifahı yaxşılaşdırılsın».

qanun analara çox hüquq versə də, reallıq öz şərtlərini diktə edir
Taliyə İbrahimovanın sözlərinə görə, çoxuşaqlı analarla bağlı da hökumətə və parlamentə bu ilin əvvəlində bir sıra təkliflər göndəriblər. Hələlik cavab gözləyirlər.

«AVROPA ÖLKƏLƏRİYLƏ MÜQAYİSƏ APARANDA BİZDƏ ÇOX ÜSTÜNLÜKLƏR VAR»

Amma Taliyə İbrahimova bunu da deyir ki, Azərbaycan qanunvericiliyi işləyən və işləməyən analar üçün Avropa qanunlarından daha çox üstünlük verir.

Əvvəla, hamilə qadınlar qanuna görə, yüngülləşdirilmiş iş qrafikində çalışmalıdırlar. Təxminən 125 gün müddətində analıq məzuniyyətinə çıxırlar və bu müddətin maaşı onlara ödənir. Amma analar uşağın 3 yaşına kimi məzuniyyətdən qayıtmaya da bilərlər. Bu maaş da onlara qismən ödənə bilər:

«Sağlamlığına görə pulsuz xidmətdən istifadə edirlər. İşləyən xanımlar üçün imtiyazlar var: məzuniyyətə çıxırlar, uşağın 3 yaşına qədər uşağa qulluq məzuniyyətindən istifadə edə bilərlər. Özü də tək ana yox, nənə, baba, ata da bu hüquqdan yararlana bilər. Ana məzuniyyətdə olduğu müddətdə onunla əmək müqaviləsi pozula bilməz. Uşağa qulluq məzuniyyətindən qayıdan analar bir il ərzində attestasiyadan keçirilə bilməz. Avropa ölkələriylə müqayisə aparanda çox üstünlükləri var».

Taliyə İbrahimovanın sözlərinə görə, Azərbaycanda hər doğulan uşağa birdəfəlik 75 manat verilir. Eyni zamanda, aztəminatlı ailələr uşağın bir yaşına kimi 30 manat müavinət alırlar.

QANUNLAR GÖZƏLDİR, BƏS REALLIQ

«Təmiz Dünya» Mərkəzinin rəhbəri Mehriban Zeynalova deyir ki, qanun analara çox hüquq versə də, reallıq öz şərtlərini diktə edir. Əvvəla, iş yerini itirmək istəməyən hamilələr az qala 9 ay işləyirlər. Uşaq doğulandan az sonra isə işə qayıdırlar:

ABŞ-da qadınlar karyeralarını düşündüklərindən demoqrafik durum təhlükə altına düşür
«Qadınlar iş yerlərini itirmək istəmirlər. Uşaq da ana qayğısı görmür. Başqası onu böyüdür, bu da gələcəkdə tərbiyəsinə təsir edir. Hər halda ana qayğısı vacibdir. Anaları qınamaq da olmur. Təhlükə, qorxusu olmasa qadınlar buna getməz».

Mehriban Zeynalova deyir ki, bu da ölkənin demoqrafik durumuna ciddi təsir edir. O ki qaldı, müavinətlərə, Mehriban Zeynalovanın sözlərinə görə, uşaqlara birdəfəlik 75 manat müavinət verilməsi çox azdır. Uşağın bezi, yeməyi və başqa ehtiyaclarını hesablasaq, bu məbləğ daha çox olmalıdır. Özü də birdəfəlik yox, hər ay uşaqlara belə müavinətlər ödənməlidir:

«Demoqrafik artım istəyiriksə, təkuşaqlı ailələrin çoxalmasını istəmiriksə, imkanlar yaradılmalıdır. Bunu müzakirə etmək lazımdır. Uşağın bir aylıq xərcləri üçün həmin məbləğ çox azdır».

UŞAQ OLANDA XƏSTƏXANAYA 10 DOLLAR

ABŞ vətəndaşı olan Cino Halsvisk AzadlıqRadiosuna danışır ki, onun ölkəsində ana və uşağa çox böyük yardımlar edilir. Anaya üstünlüklər verilir. İmkansız ailələrdə uşağın və ananın ehtiyaclarını ödəyəcək qədər həftəlik və ya aylıq çek verilir. Eləcə də xəstəxanalardan onlar pulsuz istifadə edirlər. Məsələn, oğlu olanda cəmi 10 dollar xəstəxanaya pul ödəyib. Eyni zamanda, bəzi vergilərdən azad olunurlar.

Gino deyir ki, onun ölkəsində qadınlar karyeralarını düşündüklərindən demoqrafik durum təhlükə altına düşür. Buna görə də dövlət qadınlara hər cür yardıma hazırdır.

Mehriban Zeynalova isə deyir ki, belə getsə, Azərbaycanda da vəziyyət oxşar olacaq. İş yerinin az olması, seçim məhdudiyyəti xanımları nəinki ana, bəzən ailə qurmaqdan da çəkindirir. Ona görə də hökumət bu məsələ haqqında düşünməlidir.

Şərhləri göstər

XS
SM
MD
LG