Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:49

Vidadi İsgəndərov prezidentə müraciət edib


Vidadi İsgəndərov
Vidadi İsgəndərov
7 noyabr parlament seçkilərində 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizəd olmuş Vidadi İsgəndərov təhlükəsizliyinin təminatı və müdafiəsinin təşkili üçün prezidentə müraciət edib.

“MƏNİ MÜDAFİƏ ETMİRLƏR”


Dekabrın 1-də mətbuat konfransı keçirdən İsgəndərov deyib ki, onun əlində seçkilərin saxtalaşdırıldığını sübut edən ciddi faktlar var. Üzləşdiyi təhlükələr bu səbəbdəndir və bütün bunların arxasında onun həbsinə nail olmaq istəyən Baş Prokurorluq dayanır:

“Bu gün məni müdafiə etmirlər. Telefonum dinlənilir, evimə hücum edirlər, maşınımı sıradan çıxarırlar. Dəfələrlə üstümə maşın sürülür. Bəs kim bunların istintaqını aparacaq. Hansı məhkəmə mənim həyatıma gündə bir sui-qəsd olunmasına baxacaq. Bütün bunlara son qoyulmasını ölkə prezidentindən həm xahiş, həm də bir vətəndaş kimi tələb edirəm. Olmaz belə, cənab prezident, olmaz! Artıq prokurorluq orqanları öz funksiyasını itirib”.

“VİDADİ İSGƏNDƏROVUN SƏSLƏNDİRDİYİ FİKİRLƏRİN HEÇ BİR HÜQUQİ ƏSASI YOXDUR”

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə AzadlıqRadiosuna deyib ki, “Baş Prokurorluq olaraq bu barədə tərəfimizdən artıq mövqe bildirilib. Bir daha qeyd etmək istəyirəm ki, Vidadi İsgəndərovun səsləndirdiyi fikirlərin heç bir hüquqi əsası yoxdur və onun bu arqumentləri özünümüdafiə xarakteri daşımaqla istintaqın gedişatına müdaxilə kimi qiymətləndirilir”.

Noyabrın 30-da Baş Prokurorluq məlumat yayaraq bildirib ki, 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən namizəd olmuş Vidadi İsgəndərovun seçki günü səsvermə prosesinə müdaxiləsi, seçki qanunvericiliyini pozması ilə bağlı cinayət işi başlanıb. Bu addım 89 saylı Göyçay-Ağdaş dairə seçki komissiyasından daxil olmuş məlumat Baş Prokurorluqda araşdırıldıqdan sonra atılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 159.4.1-ci (seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə cinayət işi başlanıb.

İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.
XS
SM
MD
LG