Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:14

«Ayı, şərəf, ləyaqət» məhkəməsi dekabrın 10-na qaldı


Dekabrın 1-də Yasamal Rayon Məhkəməsində ZQAN Holdinqin başçısı, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilməliydi.

İddiaya əsas səbəb “Azadlıq” qəzetinin 2 iyul 2010-cu il tarixli sayında “Kəmaləddin Heydərovun ayısını yedilər” başlıqlı yazıdır. Məqalədə qeyd olunur ki, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov 1 milyon manat verib Qəbələ rayonunda Fövqəladə Hallar nazirinə məxsus restoranda saxlanan ayını kəsdirib, kabab bişirtdirib. Bundan sonra “Yeni Müsavat” qəzeti də bu məlumatı bir qədər əlavələr etməklə dərc edib.

Bundan başqa, “Yeni Müsavat ” qəzeti Anar Məmmədovun Dubaydakı hotellərin birində qalmaqal yaratdığı barədə yazı dərc edib. Bu il sentyabrın 14-də dərc olunan “Şeyx Anar Məmmədovu Dubaydan qovdu” sərlövhəli yazıda azərbaycanlı kişilərin Dubaya səfərinə qadağa qoyulmasına nazir övladının davranışının səbəb olduğu qeyd edilib.

Anar Məmmədov şərəf və ləyaqətinin tapdandığını əsas gətirərək məhkəməyə müraciət edib. O, qəzetlərin hər birindən 250 min manat təzminat istəyir.

“AYILARI YEYİB PULUNU QƏZETLƏRƏ ÖDƏTMƏYİN!”

Prosesin başlamasına 10 dəqiqə qalmış “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin və “Dalğa” Gənclər Hərəkatının nümayəndələri etiraz aksiyası keçirdilər. Aksiyaçılar “Ayıya 1 milyon, pensiyaçıya 100 manat”, “İş yerlərimizdən əl çəkin!”, “Ayıları yeyib pulunu qəzetlərə ödətməyin!”, “Azad sözə basqılara son qoyun!” şüarları səsləndirdilər.

Aksiya bitən kimi tərəflər məhkəmə zalına daxil oldular. Zal çox kiçik olduğu üçün 10 dəqiqə sonra məhkəmə nəzarətçiləri iştirakçıları daha böyük zala dəvət etdilər. 20 dəqiqədən sonra bəlli oldu ki, bu zal cinayət işlərinin baxışı üçündür və burada mülki iş üzrə proses keçirilə bilməz. İştirakçılar yenidən kiçik zala aparıldı.

“ZALI BOŞALDIN” DEYƏN HAKİM AXIRDA ÖZÜ ZALI TƏRK ETDİ

Məhkəməni izləməyə gələnlərin sayı o qədər çox, zal isə o qədər kiçik idi ki, hətta hakimin zala daxil olması çətinləşdi. Buna görə də zala daxil olan hakim Elçin Qurbanovun ilk sözləri “Zalı boşaldın” oldu. Cavabdeh tərəfin nümayəndələri və iştirakçılar hakimdən konstitusion haqlarını tapdalamamağı, açıq məhkəmə prosesi keçirməyi xahiş etsələr də, Elçin Qurbanov israrla onlardan zalı boşaltmağı tələb edirdi. Sonda hakim özü zaldan getdi.

Bir neçə dəqiqədən sonra isə bəlli oldu ki, proses kiçik zalda keçiriləcək. Zala yalnız iddiaçı tərəfin üç vəkili və bir neçə media təmsilçisi buraxıldı. Cavabdeh tərəfin iştirakçıları zala dəvət olunsalar da, onlar açıq məhkəmə baxışı hüququnun pozulduğunu bildirərək bundan imtina etdilər. Belə durumda hazırlıq iclasının keçirilməsini mümkün saymayan hakim prosesi dekabrın 10-u saat 11.30-a qədər təxirə saldı.

Elçin Sadıqov
“Azadlıq” qəzetinin vəkili Elçin Sadıqov deyir ki, baş verənlərlə bağlı Yasamal Rayon Məhkəməsinə yazılı etiraz bildirib:

“HƏTTA NÜMAYƏNDƏLƏRİN OTURMASI ÜÇÜN İMKAN YOX İDİ”

“Konstitusiyanın 127-ci maddəsinə görə, məhkəmə baxışları açıq keçirilməlidir, istənilən şəxsin iştirakına məhkəmə şərait yaratmalıdır. Ancaq bu gün məhkəmə elə bir zal seçib ki, orada hətta nümayəndələrin oturması üçün imkan yox idi”.

“Yeni Müsavat” qəzetinin vəkili Vaqif Hüseyn də bildirir ki, məqsəd prosesi ictimaiyyətin diqqətindən mümkün qədər kənarda saxlamaqdır:

“Hətta “Yeni Müsavat” qəzetinin reportyorlarının prosesi izləməsinə imkan verilmədi. Bəhanələri də o oldu ki, yalnız etibarnamələri olanlar məhkəmə zalına daxil ola bilərlər”.

FAKTİKİ QAPALI MƏHKƏMƏ

Media Hüququ İnstitutunun hüquqşünası Fariz Namazlı da vəkillərlə bərabər məhkəmə zalını tərk edib. Onun fikrincə, hakimin məhkəməni faktiki olaraq qapalı keçirməsi ölkə qanunvericiliyinin kobud şəkildə pozulmasıdır.

Elçin Sadıqov onu da deyir ki, iş üzrə əsas cavabdeh “Yeni Müsavat” qəzeti olduğundan, məhkəmə qəzetin aid olduğu ünvan üzrə Nizami Rayon Məhkəməsində keçirilməlidir. O, bu məsələ ilə bağlı vəsatətini də hakimə təqdim edib.

“GƏRGİN DURUM YARATMAĞA EHTİYAC YOX İDİ”

Anar Məmmədovun vəkili Nihad Axundov isə hazırlıq iclasının keçirilməsilə bağlı ciddi problem olmadığını düşünür:

“Bu, sadəcə hazırlıq iclası idi. Nümayəndələrin iştirakı ilə hazırlıq iclası keçirilə bilərdi. Belə gərgin durum yaratmağa heç bir ehtiyac yox idi”.

Məhkəmə başa çatandan sonra jurnalistlər yenidən şüarlarını səsləndirmək istədilər. Ancaq bu dəfə polis onlara imkan vermədi.
XS
SM
MD
LG