Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:54
MƏN NƏ ADAM, NƏ İNSANAM

(Cizgilər...)

Mən nə adam, nə insanam... Tez – tez sual verir dost – tanışım: - Bəs, sən nəsən?!

Mən adamlar, insanlar içində gəzən bir ruham.

Qaçırdılan Qarabağ adlı bir gəlinin fəryad səsi, onun şəhid ərinin yaralanmış qəlbiyəm mən.

Həmin şəhid olan ərin anasının gözlərindən axan yaşı, dilindəki ağısıyam mən.

Mən nə adam, nə insanam... Mən yolam... Dilsiz, ağızsız, dərdli yol...

Qoca şəhərdə, üzərində düşməni də dost tək gəzən yol...

Göydələnlər şəhərində gizlənən qız qalasının qədim divarlarından ağlayan göz yaşıyam. Mavi xəzərin hirslənəndə, dalağsı, şırıltı səsiyəm mən.

Mən nə adam, nə insanam... Mən küləyəm, dəli külək...

Yoldan ötən gözəl qızın uzun qara saçlarını dağıdıb, içində dəli ehtiras oyadan külək...

Mən nə adam, nə insanam...

Mən payızın yağış oğlu, mən pağızın kötük ağac atasının əzabla xışıldayan, lakin səsinə səs verilməyən, sarı yarpaq qızının fəryad səsiyəm.

Mən nə adam, nə insanam...

Hər qışda yolların günahını donduran qaram... bəyaz qar, qırmızı qar...

Mən nə adam, nə insanam... Səhərləri açan Günəş, gecələri işıqlandıran Ayam mən.

Min – min ulduz içində yetim qalan dan ulduzuyam...

Mən nə adam, nə insanam... Mən daşam. Vətənində yadlaşan, vətən daşı, qaya daşı, çınqıl daşı...

Birinə sinə, birinə baş daşıyam. Üzərində erməni bayrağını saxlayan Şuşanın qala daşlarının göz yaşıyam.

Mən nə adam, nə insanam...

Doğma vətənimdə insanların ögey baxan, ordan – ora, burdan – bura daş atılıb, qovulan, daha sonra barmaqlıqlar arasında saxlanılan qurdam...

Boğazına zəncir salınan köpəyəm. Qorxur məndən cavanı da, yaşlısı da...

Nədi – nədi buraxanda üzü Qarabağa sarı qaçan köpək qurduyam...

27 Noyabr, 2010
Bakı şəhəri.



MƏN DAHİYƏM

(Cizgilər...)

Mən dahiyəm!.. İşsizi olmayan məmləkətin işsizlərinin dahisiyəm!

İşim yox işləməyə, dişim yox dişləməyə, mən varlılar məmləkətinin kasıblar dahisiyəm!
Mən dahiyəm!

Məmurunun cibindən neft qoxusu gələn, vətəndaşı nefətə möhtac ölkədə neftsizlərin dahisiyəm!

Mən dahiyəm! İstedadlı yazarlar içində istedadsızların, qələmlilər içrə qələmsizlərin dahisiyəm!..

Çöllər mənim tək məkanım. Mən çöllərin dahisiyəm!

Yerim yox, oturmağa, evim yox, yaşamağa, yurdum yox ölməyə, mən yurdsuzlar dahisiyəm!

Bir gün qəfil ölsəm, cəsədimi dəfn etməyib, çöplüyə atın siz... Mən çöplükdə bir parça çörək axtaran dilənçilər dahisiyəm!

Mən dahiyəm! Kim deyər ki, deyilsən sən?!

28 Noyabr, 2010
Bakı şəhəri.



QATİL

(Cizgilər...)

Qatil! Bu adı qazananlar çoxdur: Dost qatili, ata – ana, qaradaş – bacı qatili...

Bunlar hamısı məhkəmə qarşısına çıxan qatillərdir.

Fəqət, yeganə qatil var ki, onu hakim cəzalandırmaz. Bu da sənsən!.. Sən, ruh qatili...

Sən ruhumun qatilisən! Sən sevgimin qatilisən! Sən duyğularımın, xəyallarımın qatilisən.

Sən qatilsən! Sən ilk görüşdə həyacandan titrəyən əllərin, gözlərinə utanıb baxa bilməyən gözlərin qatilisən!

Sən qatilsən, dəniz kənarındakı görüşümüzdə daş atıb, hürkütdüyün qağayıların qatilisən! Sən qatilsən...

Üzərində sevərək gəzdiyimiz, evinizə gedən yolun qatilisən!Qorxma, nədən qorxursan?!

Bu sadəcə mənim səsim, bu sadəcə, mənim səndən şikayətimdir. Baxan yoxdu bu şikayətə...

Keçmişimin qatilisən sən!.. Keçmişimin qatilisən sən!..

28 Noyabr, 2010
Bakı şəhəri.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG