Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:46
Uşağa cib xərcliyi vermək lazımdırmı?
Azadlıq Eko-nun sorğusunda bu suala cavablar belə bölündü:

yox, vermirəm -37,3%
hə, gündəlik verirəm -32%
hə, həftəlik verirəm -14%
hə, aylıq verirəm -2,7%
özüm uşağın əlinə baxıram -13%

Bu sorğuda diqqəti çəkən uşağa cib xərcliyi verməyənlərin çoxluğudur- 37 faiz.
Bu düzgündürmü?

Psixoloq Dəyanət Rzayev:

Pulu qazanmaq onu düzgün xərcləməkdən daha asandır. Uşaqlara pul vermək vacibdir.
Çünki onlar kiçik yaşlarından pulu idarə etməyi bacarmalıdırlar.

Uşağa pul vermək, onu xərcləməyi öyrətmək tədris prosesidir.

Məncə, ən doğrusu uşaqlara pulu aylıq verməkdir. Çünki bu, uşaqların xərclərini planlamasına şərait yaradır. Məsələn, 9-10 yaşlı uşağa aylıq ehtiyacı qədər pul vermək olar.
Ancaq ola da bilər ki, uşaq pulu xərcləməsin, sadəcə yığsın. Bu da yaxşı hal deyil. Uşağa pul aylıq verilsə də nəzarət gündəlik olmalıdır.

Uşaqlara gündəlik, həftəlik pul vermək isə onları pula bir qədər laqeyd yanaşmağa öyrədir.
Uşaq hər zaman düşünür ki, əlindəkini sona qədər xərcləyə bilər. Əlində çox pul olanda da eyni cür davranır. Hesablı ola bilmir.

Pul, istər yetkin insan olsun, ya uşaq olsun, fərq etmir, insana güvən verir.
İnsanın yanında həmişə pul olmalıdır. Puldan faciə düzəltmək gərək deyil. Uşaqlara pulu sevməyi öyrətmək gərəkdir.


İqtisadçı Azər Mehdiyev:

Uşaqlara pul vermək lazımdır. Çünki onların da özlərinə görə ehtiyacları var.

Uşaqlara pul verməmək imkansızlıqdan ola bilər. Azərbaycanda bir çox ailələrin uşaqlarına gərəkli miqdarda pul vermək imkanı yoxdur. Çünki işsizlik, gəlirin azlığı Azərbaycanda böyük problem olaraq qalır.

Bu gün Azərbaycanda uşaqlarının əlinə baxan ailələr də yox deyil. Xüsusən ailə başçısı əməkçi miqrant kimi başqa ölkədədirsə, ana savadsız, işsizdirsə, bu halda uşaqlar ailənin çörək ağacına çevrilə bilirlər.


Iqtisadçı Natiq Cəfərli

Azərbaycanda xeyli ailələr var ki, doğrudan da uşaqlarına vacib xərclərdən kənar pul vermək iqtidarında deyillər.

Hətta rəsmi statistika da ölkədə yoxsulluq həddində yaşayanların say baxımından daha çox olduğunu göstərir.
Azərbaycanda uzun illərdir ciddi problem olan işsizlik həll edilmədən qalmaqdadır.

İşləyənlər isə büdcədən maliyyələşən qurumlarda çalışır. Onların orta aylıq maaşları isə 100 manat civarındadır. Məsəslən, Azərbaycanda həkimlərin əmək haqqı 96 manata yaxndır.

Azərbaycanda yoxsul, aztəminatlı ailələrin də olduğunu da nəzərə alsaq, mənzərə tam aydın olacaq. Əhalinin gəlirlərinin son dərəcə aşağı olması, onların övladlarına nəinki aylıq, həftəlik, hətta gündəlik xərclik verilməsini mümkünsüz edir.

Bəs Siz nə düşünürsünüz, bütün çətinliklərə baxmayaraq, məktəb yaşlı uşağa cib xərcliyi verilməlidirmi?
Pul məktəbi neçə yaşdan başlanmalıdır?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG