Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:59
“Prokurorluğun mənim barəmdə açdığı cinayət işi tam qanunsuz və əsassızdır. Hesab edirəm ki, seçki saxtakarlığını sübüt etdiyim üçün barəmdə cinayət işi qaldırılıb. İkincisi də sözsüz ki, bütün bunların hamısı mənim İctimai Televiziyadakı çıxışımla bağlıdır”.

7 noyabr parlament seçkilərində 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa sabiq namizəd Vidadi İsgəndərov belə deyir.

İsgəndərov namizəd olduğu dairədə seçkinin nəticələrinin saxtalaşdırılmasına dair pozuntular toplayaraq, onları ictimailəşdirib. O, İctimai Televiziyada seçkiqabağı çıxışında Göyçay rayonunun sosial problemlərinə dair emosional çıxışından sonra efiri tərk etmişdi.

HƏDƏLƏMƏ, SEÇKİYƏ MÜDAXİLƏ

Noyabrın 30-da Baş Prokurorluq məlumat yayaraq bildirib ki, 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən namizəd olmuş Vidadi İsgəndərovun seçki günü səsvermə prosesinə müdaxiləsi, seçki qanunvericiliyini pozması ilə bağlı cinayət işi başlanıb. Bu addım 89 saylı Göyçay-Ağdaş dairə seçki komissiyasından daxil olmuş məlumat Baş Prokurorluqda araşdırıldıqdan sonra atılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 159.4.1-ci (seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə cinayət işi başlanıb.

İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır
İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Bundan əvvəl prokurorluq həmin dairədə pozuntular üzrə, yəni pozuntu faktı üzrə cinayət işi açmışdı.

“VİDADİ İSGƏNDƏROVA QARŞI QƏRƏZİMİZ YOXDUR”

Vidadi İsgəndərov isə deyir ki, cinayət işinin Baş Prokurorluqda açılması, istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin aparması ona qarşı qərəzli münasibətin sübutudur. Cinayət işinin prokurorluğun məlumatında qeyd olunan maddələr üzrə başlanması da məhz onun həbsinə nail olmaq məqsədi daşıyır.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyilənləri əsassız sayır. O bildirir ki, Baş Prokurorluğun bu məsələdə heç bir qərəzi ola bilməz. Cinayət işi seçki komissiyasından daxil olan məlumat əsasında başlanıb:

“Onun iddiaları tamamilə əsassızdır. Baş Prokurorluğa daxil olmuş məlumat əsasında müvafiq araşdırmalar aparılmış, həmin xüsusatlar öz təsdiqini tapdığından faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Yəni,Vidadi İsgəndərova qarşı hər hansı bir qərəzli mövqeyimiz yoxdur, ola da bilməz”.

Eldar Sultanov deyir ki, hazırda iş üzrə istintaq davam etdirilir. Nəticəsindən asılı olaraq ictimaiyyətə məlumat veriləcək.

SİYASİ SİFARİŞ ELEMENTLƏRİ

Müzəffər Baxışov
Hüquqşünas Müzəffər Baxışov isə deyir ki, bu məsələdə tərəflərdən hansının haqlı olduğunu demək çətindir. Hər bir halda bu iş üzrə obyektiv, hərtərəfli istintaq getməlidir. Amma hüquqşünas buna inanmır. Onun fikrincə, bu məsələdə siyasi sifariş elementləri özünü büruzə verir:

“Prokurorluq 2000-ci ilin aprel ayından artıq siyasi sifarişləri can-başla yerinə yetirən bir orqana çevrilib. Hesab edirəm ki, hakimiyyət hansı göstərişi versə, proseslər də o istiqamətdə gedəcək. Əgər istintaq zamanı Vidadi İsgəndərovun göstərdiyi dəlillər həqiqətə uyğun olsa, bəlkə də hakimiyyət özündən uydurduğu illüziyalardan geri çəkilər. Ola bilər ki, cinayət işinin icraatını dayandırsınlar, yaxud onun icraatına xitam versinlər. Əgər belə hallar olmasa, qeyri-obyektiv bir istintaq həyata keçiriləcək və ola bilsin ki, Vidadi İsgəndərovu həmin maddələr üzrə məhkəmə məsuliyyətinə də versinlər”.

89 saylı Göyçay-Ağdaş seçki dairəsindən YAP təmsilçisi Şəmsəddin Hacıyev deputat seçilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG