Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:29
“Seçkilər çox azad, ədalətli, şəffaf şəkildə, rəqabət şəraitində keçirildi. Bütün namizədlər üçün bərabər imkanlar yaradılmışdır və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirir”.

Azərbaycan prezidenti İlham Əliyev 4-cü çağırış Milli Məclisin ilk iclasında çıxışında bunu deyib. Xəbəri AzərTAc rəsmi dövlət agentliyi yayıb. Müstəqil və müxalifət jurnalistləri parlamentin iclasına buraxılmayıb.

Prezident əminliyini bildirib ki, yeni tərkibdə Milli Məclis ölkənin gələcək inkişafı üçün töhfələrini verəcək:

DEMOKRATİYA BİZİM ŞÜURLU SEÇİMİMİZDİR


“Ölkəmizdə demokratik proseslər müsbət istiqamətdə inkişaf edir. Azərbaycanda demokratiyanın inkişafı təmin edilir. Azərbaycanda hüquqi dövlət quruculuğu işində çox vacib işlər görülmüşdür. Demokratiya bizim şüurlu seçimimizdir. Azərbaycan müasir demokratik ölkə kimi uğurla inkişaf edir. Ölkədə bütün azadlıqlar təmin edilibdir. Söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, siyasi plüralizm təmin edilibdir. Ölkədə siyasi sistemin formalaşması işində çox vacib addımlar atılıbdır. Azərbaycanda siyasi mübarizə sivil qaydalarla tənzimlənir. Əminəm ki, yeni tərkibdə Milli Məclis bu gözəl ənənələrini daha da möhkəmləndirəcəkdir”.

Ölkə başçısı çıxışında ölkədə aparılan islahatlardan danışdı:

7 İLDƏ 900 MİN YENİ İŞ YERİ


“Azərbaycan iqtisadiyyatı artıq şaxələndirilmiş iqtisadiyyatdır. 2009-cu ilin iqtisadi və maliyyə böhranı bunu bir daha göstərdi. Böhrana baxmayaraq, Azərbaycanın uğurlu inkişafı davam etmişdir. Bütün sosial məsələlər həllini tapmışdır, valyuta ehtiyatlarımız daha da artmışdır və Azərbaycan iqtisadiyyatı dayanıqlılığını sübut etmişdir. Biz elə etməliyik ki, əldə olunmuş uğurlarla kifayətlənməyək. Görüləsi işlər çoxdur. Biz iqtisadi sahədə sənayeləşmə prosesinin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi işləri ilə məşğuluq. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verilir və biz bunun gözəl nəticələrini görürük. Təkcə son 7 ilin statistikasına baxmaq kifayətdir ki, Azərbaycanın uğurlu iqtisadi inkişafı haqqında hər kəsdə əyani təsəvvür yaransın.
Son 7 il ərzində Azərbaycanda maaşlar və pensiyalar orta hesabla 5-6 dəfə artmışdır. Yoxsulluq 4 dəfə azalmışdır, 900 minə qədər yeni iş yeri açılmışdır. Büdcə xərcləri 12 dəfə, hərbi xərclər təxminən 20 dəfə, valyuta ehtiyatları 18 dəfə artmışdır. Bütün sosial proqramlar uğurla icra edilir”.

İlham Əliyev deyib ki, Azərbaycanın xarici siyasəti artıq dünya birliyində uğurlu siyasət kimi tanınır:

ÖHDƏLİKLƏRİMİZİ VAXTINDA YERİNƏ YETİRİRİK


Bütün başqa ölkələrlə əlaqələrimiz qarşılıqlı hörmət və qarşılıqlı maraqlar üzərində qurulur. Biz bu münasibətlərin dərinləşməsində maraqlıyıq. Biz beynəlxalq təşkilatlarda fəaliyyətimizi gücləndirəcəyik. Baxmayaraq ki, hazırda bu fəaliyyət kifayət qədər təsirlidir. Üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəliklər vaxtında yerinə yetirilir. Biz bu təşkilatlara könüllü şəkildə üzv olmuşuq və bu öhdəlikləri könüllü şəkildə üzərimizə götürmüşük. Belə olan halda əlbəttə ki, bu öhdəliklər yerinə yetirilməlidir. Ancaq biz çalışmalıyıq ki, üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda vahid meyarlar sistemi tətbiq olunsun, bütün ölkələrə eyni mövqedən yanaşılsın, heç bir ayrı-seçkilik olmasın”.

ERMƏNİSTAN MƏSƏLƏNİ UZADIR


Prezident parlamentdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışdı:

“On səkkiz ildir ki, Minsk qrupu fəaliyyət göstərir, ancaq heç bir nəticə yoxdur. Nəticə o zaman olacaq ki, Azərbaycan torpaqları işğalçılardan azad ediləcəkdir. Nəticə odur. Danışıqların fəallığı, yaxud da ki, müsbət istiqamətdə inkişafı nəticə sayıla bilməz. Biz nəticə görmək istəyirik. Biz başa düşürük, bu gün Ermənistan çalışır ki, məsələni süni şəkildə uzatsın, özünü danışıqlarda konstruktiv tərəf kimi göstərsin. Ancaq həqiqət ondan ibarətdir ki, həlledici anlarda, həlledici məqamlarda Ermənistan daha əvvəl razılaşdırılmış məsələlərdən geri çəkilir, yenidən qeyri-real, qəbulu mümkün olmayan təkliflər irəli sürür. Biz buna heç vaxt razı ola bilmərik. Biz danışıqları torpaqlarımızı azad etmək üçün aparırıq”.

KONFLİKT DONDURULMUŞ QALA BİLMƏZ


Onun sözlərinə görə, Qarabağ konflikti dondurulmuş halda qala bilməz:

“Böyük dövlətlər istəyirlər ki, bu bölgədə sabitlik, sülh olsun, müharibə olmasın. Biz də bunu istəyirik. Kim istəyər ki, sabitlik pozulsun, yaxud da müharibə olsun. Ancaq bu o demək deyil ki, bu məsələ dırnaqarası dondurulmuş vəziyyətdə qalsın. Bu, mümkün deyildir. Bu gün bölgədə gedən proseslər, güclər nisbəti və əlbəttə, Azərbaycanın son illər ərzindəki uğurlu inkişafı imkan verməyəcək ki, bu status-kvo uzun müddət qalsın. Biz bununla heç vaxt razı ola bilmərik. Status-kvo dəyişdirilməlidir. Azərbaycan torpaqları azad olunmalıdır. Bizim vətəndaşlar doğma torpaqlarına qayıtmalıdırlar”. /Azərtac/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG