Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:26

“Mən özümü necə “Zaparojes” hiss etməyim ki...”


Ilkin variantda adı "Düşərgə" olan yeni romanını tamamlayan yazıçı Seymur Baycanla söhbət


Cek London fürsəti

- Seymur, romandı, povestdi – bunlar vaxt, hövsələ tələb edir, necə deyərlər, ağır janrlardı. Növbəti romanın nöqtəsini hansı ovqatla qoydun?

- Sualın cavabına keçməzdən qabaq bir şeyə münasibət bildirmək istərdim. “Oxu zalı”nda Şərif Ağayarın, Fəxri Uğurlunun fikirləri çap olunmuşdu ki, ölkəni roman epidemiyası bürüyüb və sair...

Sanki roman bumu onları narahat edir. Mən doğrusu onların heç birini başa düşmədim. Burda pis nə var ki?

Uşaqlar müğənnilik eləmirlər ki... Meyxana demirlər ki...

Yazıyla məşğuldurlar da. Hətta ən uğursuz yazıçı da ən azından normal oxucudur da.

Ola bilsin Fəxri və Şərif yalnız hekayə yazırlar, romana girişmirlər, ola bilsin yaşları keçib, ola bilsin də ki həqiqətən bunun məsuliyyətini hiss edirlər.

Amma şəxsən mən çoxlu romanların yazılmasını dəstəkləyirəm.

Qoy yazılsın, oxunsun, müzakirə edilsin, içindən yaxşıları seçilsin.

Gənc yazıçılardan çox yüksək səviyyəli məhsul gözləməyin özü də çox yüksək tələbdir.

Çünki məsələn, “Martin İden” Çek London kimi güclü yazıçının 21-ci romanı idi.

Bir imkan versinlər, şans tanısınlar ki, biz də 7-8 roman yazaq. Görək ki, nə yazırıq da. Bunun içindən nə çıxır da.

Əslində bu gün Azərbaycanda roman xofunun sındırılmasını alqışlamaq lazımdır.

Şəxsən ədəbi mühitdəki həmin xof məni çox narahat edirdi, guya buna 40 yaşdan sonra başlamaq, yazanda həddindən artıq ciddi poza almaq lazımdı və s.

Pis çıxmasın, mənim 2004-cü ildə çap olunan “Ət və ət məhsulları” romanım həm mövzusu, həm dizaynı baxımından Azərbaycanda roman xofunun sındırılmasına az-çox xidmət elədi.

Hələ indi az yazılır roman. Bir az da çox yazılmalıdır!

“Oxucularımdan xahiş edəcəm ki, kitabımı alın”

- Bəs əvvəlki romanlardan fərqlidimi bu dəfə əsərin bitirilməsindən sonrakı ovqat?


- Bu dəfə mən çox iddialıyam, yaxşı satışa nail olmaq istəyirəm. 1500 kitab satmaq iddiasındayam.

Şuşada monitorinq zamanı...
Özüm də oxucularıma müraciət edəcəm. Konkret olaraq məni oxuyan adamlara müraciət edəcəm ki, xahiş edirəm bu kitabı alın.

Bir dənə çayın pulundan keçin, alın baxın. Toya, şadlıq evinə getməklə yanaşı kitab da alın.

Demirəm ki, ortaya şedevr qoymuşam. Amma Azərbaycan dilində bir kitab yazmışam...

Azərbaycanın ən böyük dərdlərindən olan Qarabağ müharibəsi mövzusuna həsr edilib.

Bu müharibə necə başladı, yanaşı yaşayan xalqlar necə düşmənə çevrildi. Amma əsər tərəf tutmadan yazılıb.

Hər şeyi olduğu kimi – saxta vətənpərvərlikdən uzaq olaraq yazmışam. Bu romanı yazmaq 1 il çəkdi.

Keçən il noyabrın 17-də Mərdəkandakı “Abşeron” sanatoriyasında yazmağa başladım.

Müxtəlif yerlərdə, o cümlədən Qaxda yazdım. Amma əslində buna “1 ilə yazdım” da demək olmaz.

Çünki romanı yazmağa hazırlaşan vaxt çoxlu mütaliə etmişdim.

Müharibə romanlarını oxumuşdum.

Birinci şəxsin dilindən yazılıb. O, Ermənistanda - Qafqazdakı münaqişələrdən əziyyət çəkən uşaqların toplaşdığı düşərgədə olur və müharibəni xatırlamağa başlayır...

Mən özüm belə bir düşərgədə olmuşam və ordakı uşaqları görmüşəm

Asan oxunur. Dinamikdir. Amma Somerset Moemdən bir sitat gətirim. O deyir ki, əsərin asan oxunması heç də onun asan yazılması demək deyil.

Əgər oxucular laqeyd qalsa...

- Yaxşı bəs oxucuların sənin müraciətinə müsbət cavab verməsələr, onda nə olacaq?

- Onda məlum olacaq ki... Mən sənə deyim: cavabsız yazmaq çox çətin məsələdir. İstənilən şeyin cavabı olmalıdır.

Nifrətlə ola bilər, sevgi ilə ola bilər. Kimsə səninlə tanış olmaq istəyə bilər, kimsə qonaqlıq verər.

Murad Köhnəqala ilə
Nəinki yazmaq, hər şey, o cümlədən sevgi də belədir.

Təsəvvür elə ki, sən daim kiməsə sevgi məktubları yazırsan və o sənin sevgi məktublarına cavab vermir.

Düzdür, bəzi yazıçılar öz əsərlərini cavabsız yazıblar, amma hətta onlar da gələcəkdən cavab gözləyiblər.

Əgər müraciətimə oxucularımdan istədiyim cavabı ala bilməsəm, yəqin ki, bədbinliyə qapılacam. Mənim tanıdığım nüfuzlu insanlar var.

Onlardan xahiş edəcəm ki, kitabımı oxusunlar və kitab haqda fikirlərini bildirsinlər.

Bundan başqa konkret insanlar var ki, onlardan xahiş edəcəm ki, kitabımdan 1 yox, 5 nüsxə alsınlar.

“Azərbaycanda mənim kimi çox az adam var ki...”

- Roman, onun məzmunu haqda bir az ətraflı danışa bilərsənmi?

- Burda üç əsas mövzu var: Qarabağ temasından başqa burda Sovet İmperiyasının çöküşündən də bəhs edilir.

Bu imperiya qəfil çökdü, insanlar bu şok effektinə hazır deyildilər. Bu çöküş insanların həyatına necə təsir etdi?

Hətta o vaxt belə qarğış da yaranmışdı ki, görüm Qorbaçovun balası ölsün, o boyda dövləti dağıtdı...

Mən bir yeniyetmənin həmin çöküşü necə müşahidə etməsini yazmışam. Üçüncü xətt isə - üçüncü ölkədə yaşayan yaradıcı insanın taleyidir.

Bu adam harda yaşayır, dolanmaq üçün pulu hardan tapır, harda yemək yeyir.

Amma ümumilikdə romanda əsas ağırlıq Qarabağ mövzusuna verilib.

- Sənin yazdıqların göz önündə olanlar, sıravi azərbaycanlıya tanış olan hadisələrdir, yoxsa baş verənlərin hansısa qaranlıq tərəflərini üzə çıxarmağa çalışmısan?

- Yox, heç bir qaranlıq məqam, sirr-filan yoxdu.

Sadəcə, əsərdə Qarabağ hadisələrinə yanaşma indiyəcən Azərbaycan ədəbiyyatında bu mövzuda yazılmış roman, povest, pyes, hekayələrdən fərqlidir.

Adətən bizdə belə əsərlər iki istiqamətdə yazılır.

Ya qarğış formasında olur – ermənilər alçaqdır, hər şeyi bizdən oğurlayıblar və s.

Ya da ifrat qəhrəmanlıq olur. Bir Azərbaycan əsgəri bir batalyon ermənini qırdı...

Məndə belə şey yoxdu. Mən bir yeniyetmənin gördüklərini, müşahidələrini yazmışam.

Amma bunlar həm də mənim öz müşahidələrimə əsaslanır.

Azəbaycanda çox az adam var ki, atəşkəsdən sonra mənim kimi Qarabağda olub, oradakı vəziyyəti, dağıdılmış evləri görüb.

Mən Şuşada monitorinqdə olmuşam. Xankəndində də olmuşam.

Bundan başqa 10 dəfə Ermənistana səfər etmişəm. O müharibədə iştirak etmiş insanlarla söhbətləşmişəm. Müharibənin insanların həyatına necə təsir etdiyini bilirəm.

Ondan əlavə müharibə gedən vaxt həm Bakıda, həm də Füzulidə yaşamışam.

Bütün bunlar mənə məsələyə fərqli yanaşmaq imkanı verir.

“Mən özümü necə “Zaparojes” hiss etməyim ki...”

- Atəşkəs razılaşmasından 16 il keçir. Az vaxt deyil. İndiyəcən, Qarabağ müharibəsi ilə bağlı fundamental, hamının marağına səbəb olan bir əsər, Qarabağ müharibəsinin “Hərb və sülh”ü, “Sakit Don”u, səncə, niyə yaranmayıb?

- Vallah, çox böyük əsərlərin adını çəkdin. Yeri gəlmişkən deyim ki, mən yazı prosesində onları mütaliə etdim.

Sən dünya ədəbiyyatının ən şedevr əsərlərinin adını çəkdin. Bilirsən necədi?..

Mən düşünürəm ki, bizdə ən böyük problemlərdən biri adam sayının az olmasıdır.

Məsələn, mən kitabı yazdım, tanış-biliş – 100-150 nəfər o kitabı aldı ki, Seymurdu da əziyyət çəkib əsər qoyub ortaya, 5 manat xeyir verək ona. Sağ olsunlar. Yaxşı ki onlar var.

Onlar olmasa lap pis hiss edərdi adam özünü. Amma məsələ burasındadı ki, həmin adamlar da bir problemdir.

Nə mənada? Bizim çağırışımıza səs verib kitabımızı alacaq adamlar mütaliəli adamlardır.

Onlar bizim yazdıqlarımızı dünya ədəbiyyatının ən gözəl nümumələri ilə müqayisə edirlər.

Onlar bizdən edə bilməyəcəyimiz işi, çəkə bilməyəcəyimiz yükü tələb edirlər.

Sanki “Zaparojes”də “Kamaz” yükü daşınmasını istəyirlər.

Adam çox olsaydı, Azərbaycanda hər yazıçının 1000-1500, ən tanınmışların 2500 oxucusu olsaydı, bizdən belə gözləntilər də olmazdı.

- Amma məsələnin başqa tərəfi də var - sən özünü niyə “Zaparojes” hesab edirsən ki?

- “Mən özümü necə “Zaparojes” hiss etməyim ki, bizdə nəsr ənənəsinin tarixi elə də böyük deyil.

Digər tərəfdən mən bilirəm Avropada nəsr hansı mövzularda yazılır.

Jurnalistlərin Eynulla Fətullayevin dərhal azad olunmasıyla bağlı aclıq aksiyası. 24 oktyabr 2010
Bilirəm ki, təzə romanımda urbanistik yox, aqrar elementlər var. Əslində mən aqrar elementlərdən aralanmaq istəyirəm.

Və özümü urbanistik nəsr yaratmağa yetərincə hazırlıqlı hesab edirəm.

Amma bu nə dərəcədə düzgün olar ki, mən Azərbaycanda baş verən hadisələri, o ağrıları qoyuram kənara, başlayıram düşünməyə ki, bax dünya ədəbiyyatında filan proses gedir, mən niyə geridə qalım axı, beləliklə də başlayıram pinqvinlərin məhv olmasından, delfinlərin ovlanmasından bir roman yazıram.

Saxtakarlıq çıxar, yoxsa çıxmaz?

Sənin yadına salım. 80-ci illərdə belə şairlər vardı, bu tip şeirlər yazırdılar:

Oturmuşam Sena çayının sahilində, baxıram Eyfel qülləsinə, bu dəm Mopassanın əlindən düşür qəhvə fincanı...

Necə oldu o insanlar. Qatardan, laturdan, Parisdən yazanlar hara getdi?

Əgər vaxtilə Novruzəli bilsəydi ki, məktubu poçt qutusuna atandan sonra orda durmaq yox, çıxıb getmək lazımdı (necə ki erməni uşağı, rus qadını məktubu qutuya salıb gedir), Mirzə Cəlil də başqa mövzulardan yazardı, biz də indi o pinqvin mövzularına çatmağa heç olmasa 20 il yaxın olardıq.

“Müharibə haqda roman yazan yazıçı bir balaca peysər olmalıdı”

- Seymur, mən sənin dediklərinin məntiqini anladım. Amma mənim sualım əslində o haqda idi ki, müharibə haqda ən yaxşı əsərlər niyə yazılmayıb?

- Ona görə ki, mövzuya yanaşma səhv olub.

Məsələn, son dövrlərdə Qarabağ müharibəsi haqda ən çox müzakirə edilən əsər Aqil Abbasın “Dolu” romanı olub.

Onun xətrinə dəyməsin, münasibətimiz də yaxşıdı, amma Aqil Abbas o romanı bir yazıçı kimi yox, Ağdamlı kimi yazıb.

Bu isə heç vaxt tutan deyil. Əslində müharibə haqda roman yazan yazıçı bir balaca peysər olmalıdı.

Öz içində bəzi hissləri boğmalıdı.

Bizimkilərsə boğmurlar, tərəfli yazırlar. Antimilitarist romanlara baxaq – “Şərq cəbhəsində təbəddülat yoxdur”, “Qəhrəmanın ölümü”, “Əlvida silah”, yaxud da ki “Atəş” romanı.

Bunların hamısı müharibəyə neytral mövqedən yanaşıb.

Onlar deməyib ki, almanlar pisdi, ingilislər yaxşıdı, yaxud fransızlar yaxşıdı, almanlar pis...

Bizdəki əsərlərdə isə müharibənin gətirdiyi fəlakətlərdən daha çox ermənilərin necə alçaq, yaramaz, vəhşi olması haqda yazılır.

Bu cür yanaşma iləsə ədəbiyyat tarixinə düşəsi sanballı əsər yaratmaq mümkün deyil.

- Bəs belə bir sual: Torpaqları işğal altında olan yazıçı bitərəf ola bilərmi?

- (bir az fikirlərşib...) Nə deyim. Çox ağır sualdı...

Mənim fikrimcə, yazıçılıq bir neçə insanın taleyini yaşamaq cəhdidi.

O cəhdlərdən də biri qoy o olsun ki, torpaqları işğal olunmuş yazıçı həm də bitərəf ola bilər.

- Gözləyirsənmi ki, bu romana görə, səni kosmopolit adlandırsınlar.

- Onsuz da mənə münasibət aydındır. Mən Azərbaycan mətbuatında ən çox söyülən, ən çox şübhə ilə yanaşılan insanlardan biriyəm.

Mənim anamı da “erməni çıxardıblar”, özümü də “Avropa fondlarından qrant alıb vətənini söyən” çıxardıblar.

Başqa epitetlər də qoşublar. Amma mənim o mənada elə bir problemim yoxdu.

Ona görə yox ki, mən artıq o şeylərə öyrəşmişəm, o ittihamlara qarşı məndə immunitet yaranıb.

Ona görə ki, Azərbaycanda 7-8 adam var ki, məni yaxından tanıyırlar və mənə inanırlar. Bu mənə bəsdir.

Başqalarının haqqımda nə fikir yürütməsi məni maraqlandırmır.

Həmin 7-8 nəfərin prinsiplərindən dönməməsini, satılmamasını görmək və onların mənə inanmaları məni daim xilas edir.

Səhər kimsə mənə hansısa söz deyəndə o adamlar bilirəm ki, məni müdafiə edəcək, “elə deyil” deyəcəklər.

- Roman nə vaxt çap olunacaq?

- İndi bəzi texniki işlər qalıb. Yəqin ki gələn ilin əvvəlində “Ən yeni ədəbiyyat” seriyasında çap olunacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG