Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:30

Putin tapmacası


Dmitri Furman
Dmitri Furman
1990-cı illərin əvvəlində politoloq Dmitriy Furman uzaqgörənliklə demişdi ki, Rusiyada sıçrayışla, bir həmlədə demokratiya qurmaq mümkün deyil. Bəs politoloq bugünkü siyasi sistem haqda nə düşünür? Bu suallarla ona “Forbes” jurnalı müraciət edib.

“DAHA DA PİS OLACAQ”

1991-ci ilin oktyabrında, avqust qiyamından ay yarım və “KPSS”-in fəaliyyətini dayandırmasından sonra ABŞ və Kanada İnstitutunun əməkdaşı Dmitriy Furman yazırdı:

“Demokratiya “demokratlar” partiyasının ağalığı deyil... Demokratiya – partiyaların qanun çərçivəsində mübarizəsidir. İndi demokratlar praktiki olaraq müxalifətsiz qalıblar... Amma demokratlara müxalifət lazım deyilsə belə, demokratiya üçün o hava kimi lazımdır”.

O zaman bu xəbərdarlığı az adam eşitdi – ölkədə antikommunist inqilabı başa çatmışdı, bunun da xalq hakimiyyətinin qələbəsi ilə nəticələnəcəyi düşünülürdü.

Amma artıq Furmanın bu dedikləri dissident fikri kimi qəbul olunmur. Çağdaş politologiyada Rusiyanı Orta Asiya, Cənubi Qafqaz və Belorus respublikaları ilə yanaşı “hibrid” rejimlərə aid edirlər, onlar diktaturadan demokratiyaya keçid etmirlər, özlərinin dinamikası və spesifik xüsusiyyətləri var. Furman belə sistemləri “imitasiya demokratiyası” adlandırmağa üstünlük verir. O, “Spiralvarı demokratiya” kitabında keçmiş SSRİ məkanındakı siyasi rejimlərin evolyusiyasını təsvir edir.

- Siz nə zaman bu qənaətə gəldiniz ki, sovet məkanında planlı şəkildə demokratiyaya doğru hərəkət etmək mümkün deyil?
- Avqust qiyamından sonra mən başa düşdüm ki, demokratikləşmə baxımından indən belə daha da pis olacaq. Bu qənaətim Belovejsk razılaşmasından sonra daha da möhkəmləndi.

“SSRİ DAHA 10-15 İL QALMALIYDI”

- Siz SSRİ-nin buraxılmasını geriyə dönüşü olmayan nöqtə kimi qiymətləndirirdiniz, yəni məhz bundan sonra qalib demokratlar hakimiyyəti geri verə bilməzlər?
- Bəli. Mən düşünürdüm ki, bu bir qədər pis olacaq, amma əslində daha betər oldu. Mən fikirləşirdim ki, Putinə daha sürətlə keçərik. 1991-ci ildən sonra mən artıq xüsusi olaraq siyasi məyusluq hiss etmirdim...
O zaman polyak və ya macarsayağı birbaşa demokratiyaya keçid mümkünsüz idi.

Demokratikləşmə baxımından düşünürəm ki, ən yaxşı variant SSRİ-nin daha 10-15 il qalması olardı. Eləcə də yenidən qurulmuş və adı dəyişdirilmiş “KPSS”-in də partiyalardan biri kimi qala bilməsi olardı, bəlkə hətta inhisarçı partiya olardı, Hindistan Milli Konqresi tipli – parlament inhisarçısı, ona müxtəlif qüvvələr qarşı durur – ortodoksal-kommunistlər, liberal bazarçılar, cürbəcür separatçılar... Bu hakimiyyətdəki siyasi qüvvələrin rotasiyası baxımından mükəmməl demokratiya olmazdı, amma bu mərhələdə ölkə yeni oyun qaydalarına alışmış olardı, gələcək demokratikləşməyə hazırlaşardı. Başlıcası mütərəqqi hərəkat qorunmuş olardı, nəinki sıçrayış və məğlubiyyət. Bunun arxasınca isə həmişə demoralizasiya, mənəviyyatsızlaşma gəlir.

“PUTİN ÜÇÜNCÜ MÜDDƏTƏ QALMALIYDI”


- Siz yazırsınız ki, gələcək inkişafla bağlı variantlar çox deyil, amma çox şey siyasətçilərin şəxsi fəaliyyət və addımlarından asılıdır.
- Postsovet inkişafında haçalanma, şaxələnmə çox idi, amma birini daha vacib sayıram. Putin üçüncü müddətə qalmadı. Məntiq baxımından bu hərəkəti izah etmək olmur. Putin tam arxayınlıqla hakimiyyətdə qala bilərdi və qalmalıydı da. Qərb təqdir etməyəcəkdi – cəhənnəmə. Qazaxıstan ATƏT-ə sədrlik edir, amma öz Konstitusiyalarının başına nə oyun açmadılar.
Məncə, Putinin həmin addımı müəyyən mənada Ücüncü dünyanın standart prezidentləriylə bir sırada dayanmaq qorxusundan qaynaqlanmışdı. Bəlkə də, Putin sadəcə, avropalı olmaq istədi.
Ancaq istənilən halda bu çox vacib və cəsarətli addım idi. O, bizi normal trayektoriyadan tərpətdi. İndi bizim ölkə tam olaraq demokratiyanı imitasiya edən tipik rejimlərdən deyil. Tandem – nadir hadisədir, demək olar unikaldır. Bu cür ölkələrin rəhbərləri üçün normal yol – konstitusiyanı dəyişməkdir, nə qədər ki, buna gücün çatır, sonda isə hakimiyyəti ən yaxın adamına verə bilərsən. Putin normal yolla getmədi. Bununla da o yeni haçalanmalara, zəncirbənddə yeni həlqələrə yol açdı. Amma istisna deyil ki, bununla həm də demokratiyaya fəlakətsiz keçid üçün bəzi imkanlar açdı.

“DEMOKRATİYANI İMİTASİYA EDƏN REJİMLƏR ZƏİFDİRLƏR”


- Niyə Rusiyada güclü siyasi partiyalar yaranmadı?
- Siyasi partiyalar ümumiyyətlə necə yaranır? Bunun üçün ideoloji parçalanma baş verməlidir. 1990-cı illərin əvvəlində dərin və vacib parçalanma qalib demokrat və kommunistlər arasındaydı, bu parçalanma da sovet hökumətinə münasibətdə özünü göstərirdi. Amma əgər müxalifəti, yəni kommunistləri hakimiyyətə yaxın buraxmaq mümkün deyilsə, demokratlar partiya olmaqdan çıxırlar. Onlar sadəcə, hakimiyyətə çevrilirlər.
- Hansı faktorlar qeyri-sabitliyə gətirə bilər: iqtisadi böhran, elitanın parçalanması?
- Demokratiyanı imitasiya edən rejimlər zəifdirlər. Onların ideya özülü yoxdur, onlar utancaqdırlar və vurnuxmağa, quyruq bulamağa məcburdurlar. Onlarda cırlaşma prosesi gedir: elitaya getdikcə daha zəif adamlar düşür. Hakimiyyət zamanla ölkədə, ümumən dünyada nə baş verdiyini daha pis anlayır. Devrilmiş postsovet prezidentlərinin – Akayevin, Bakiyevin, Şevarnadzenin reaksiyası adamı tamam heyrətə salır. Onlar elə xəyal edirlər ki, guya onlara qarşı sui-qəsd hazırlanır, bunun da arxasında amerikalılar, ruslar, ümumiyyətlə hansısa xarici qüvvələr dayanır. Onlar sadəcə ağıllarına da gətirmirlər ki, xalq onlara qarşıdır. Bakiyev devriləndən sonra təəccüblənirdi: “Mən bu yaxında ümumxalq müşavirəsi keçirmişdim, bütün ağsaqqallar çıxış etdilər və dedilər ki, mən necə də düzgün siyasət yeridirəm!”
Adamlar paralel olaraq daha azad sistemə öyrənirlər. Sorğular göstərir ki, artıq Rusiyada müxalifətin mövcudluğu norma kimi qəbul olunur. Onu xüsusi olaraq sevmir, ona səs vermirlər, amma vətəndaşların qənaətincə, o olmalıdır.
- Buna etiraz da var: rejimin zahiri güzəşti, sərhədlərin açıq olması əslində onun güclənməsinə səbəb olur, çünki narazılar çıxıb gedirlər.
- Mən düşünmürəm ki, vətənə qayıtmaq imkan qalan azad emiqrasiya rejimə elə də faydalıdır. Axı emiqrantlar vətənə təkcə pul göndərmirlər, həm də yeni ideyalar, əlaqələr, təcrübələr göndərirlər.

Tərcümə etdi Şahnaz Bəylərqızı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG