Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:22

Azərbaycanlılar dəblə geyinməyi bacarırlarmı?


«Torqovı»dakı mağazaların bir çoxu məşhur brendləri satırlar
Yenicə həbsdən buraxılan bloqqer Adnan Hacızadə AzadılqRadiosunun «İşdən sonra» verilişində qonaq olanda həbsxanadakı geyimlə bağlı bir suala belə cavab vermişdi:

«Qayda odur ki, türmədə hamı qara geyinməlidir. Mən ümumiyyətlə, qara geyinməyi xoşlamıram və bu qara rəng ideologiyası Azərbaycanda nəinki türmədə, hətta çöldə də mövcuddur. Xaricdən kimsə gələndə, birinci ona fikir verir ki, hamı qara geyinir, soruşurlar ki, sizdə matəmdir?»

Ölkə paytaxtının mərkəzində, «Torqovı»da sıralanan mağazaları, vitrinlərdəki manekenlərə geyindirilmiş gözoxşayan, rəngarəng geyimləri gördükcə, Adnanın dediklərini fikirləşirəm. Fikirləşdikcə, yan-yörəmdən keçən adamların geyiminə diqqət edirəm. İstər gənclər, istər yaşlılar əsasən tünd rəngli gödəkcələr, paltolar geyinib. «Bəlkə də payız olduğundan bu rəngli geyimlər daha cəlbedicidir, axı bunun yağışı var, islanmağı var» düşünürəm.

Azərbaycanlılar dəblə geyinməyi bacarırlarmı? Ölkədə moda mədəniyyəti inkişaf edirmi?

Bu suallara cavab axtarmaq üçün mağazaların qapısını açıram. «Torqovı»ya bələd olanlar bilirlər ki, burdakı mağazaların bir çoxu məşhur brendləri satırlar. Elə mən baş çəkdiyim mağazada da məşhur kolleksiyalardan paltarlar var. Gözümə dəyən, qara, mini yubkanın qiymətinə baxıram: 350 avro. İlk baxışdan adi paltar təsiri bağışlayan kostyumun da qiyməti orta statistik Azərbaycan vətəndaşının cibinə uyğun deyil: 800 dollar.

BƏZƏN BİRAYLIQ MAAŞI GƏTİRİB VERİRLƏR BİR PALTARA

Satıcı deyir ki, onların mağazasında ən bahalı geyim 1800 dollardır, cəmi iki dənə gəlib, artıq birini satıblar. Alıcı sarıdan da korluq çəkmirlər, onların daimi müştəriləri var:

- Həkimlərdir, institut müəllimləridir, nazir xanımları, bank işçiləri gəlirlər tez-tez.

- Yəni bu qədər pulu bir geyimə verirlər?

İmkanı olanlar həm bahalı, həm də fərqli geyinməyə çalışırlar
- Elə qızlar var ki, bəzən biraylıq maaşını gətirib verirlər bir paltara. Dəblə geyinmək üçün. Yəni hansı kolleksiyadan paltar geyinməkləri önəmlidir onlar üçün.

Bu mağazadan çıxıb Türkiyə firmalarından birinin geyimlərini satan mağazaya girirəm. Bayaqkından fərqli olaraq burda eyni üslublu geyimlər bir, iki dənə yox, çoxdur. Mağazanın yuxarısında alıcı qələbəliyi var. Satıcı qız 30-50 manatlıq (40-60 dollar) geyimlərin arasında vurnuxduğumu görüb mənə qələbəliyi nişan verir ki, orda güzəştli qiymətlə satılan paltarlar var, bir oradakılara baxım. Burda 30-40 manatlıq (40-50 dollarlıq) paltarlar 10 manata (12 dollara) təklif edilir. Satıcı qız mənə izah edir ki, hansısa geyimdən iki-üç ədəd qalanda, onun qiymətində endirim edirlər.

Azərbaycana geyimlər əsasən xarici ölkələrdən gətirilir. Bəs bu geyimləri gətirəndə yerli əhalinin zövqünü, modaya münasibətini öyrənmək üçün modelyerlərlə, dizaynerlərlə məsləhətləşirlərmi?

Uzun illərdi qadın geyimlərinin ticarəti ilə məşğul olan Fərid Rəsulov yarızarafat, yarıgerçək deyir ki, uzun illərin təcrübəsi onların özünü həm modelyer edib, həm də zövqlərinin inkişafına səbəb olub:

MONOTON – ƏSASƏN TÜND RƏNGDƏ – QARA, BOZ GEYİNİRLƏR

«Avropada dizaynerlər geyimi hazırlayırlar, Türkiyədə də istehsal olunur. Biz də gedib alırıq. Hər biznesmen öz zövqünə uyğununu seçib gətirir. Çoxrəngli geyimlər effektiv deyil, əsasən ağ-qara rəngli geyimlər gətiririk.

Amma Fərid Rəsulov deyir ki, getdikcə parlaq rənglər olmasa da, rəngarəng geyimlərə üstünlük verildiyi hiss olunur.

«Azərbaycanda moda biznesi inkişaf etməyib»
Modelyer Günel Vidadi də Azərbaycanda insanların Avropadakı kimi, geyimlərində çox rənglərdən istifadə etmədiyini söyləyir. Onun fikrincə, azərbaycanlılar geyimin rəngini seçmə baxımından avropalılarla müqayisədə komplekslidirlər:

«Xarici ölkələrdə görmüşəm ki, onlar öz geyimlərində zövqlə rəngləri birləşdirirlər. Bizdə bir az kompleks var ki, birdən bu rəngi geyinərəm, mənə yaraşmaz. Cavan deyir, yaşlı görsədər, yaşlı deyir ki, bu rəngi seçərəm cavan göstərər. Ona görə də monoton – əsasən tünd rəngdə – qara, boz geyinirlər».

Amma Günel ümidsiz deyil, həm özü öz qarderobunda yeniliklər edir, həm də gənclər arasında yenilikləri görür.

Bəs Azərbaycanda modelyer xidmətindən yararlananlar kimlərdi?

Günel Vidadi deyir ki, imkansız adamlar modelyerə yox, ucuz geyimlər satılan dükanlara üz tutur, amma imkanı olanlar həm bahalı, həm də fərqli geyinməyə çalışırlar. Günel bir geyimin neçəyə başa gəlməsini söyləmək istəmir, ancaq deyir ki, metrəsi 200-300 manatdan parça alıb, paltarı «svarovski» daşlarla bəzəyənlər də var. Onun müştəriləri arasında yüksəkvəzifəli dövlət məmurlarının xanımları, həkimlər, bank işçiləri var.

AVROPALILAR GEYİMLƏRİNDƏ RƏNG SEÇƏNDƏ, TƏKCƏ ÖZ ZÖVQLƏRİNİ YOX, ŞƏHƏRİN NECƏ GÖRÜNMƏSİNİ DƏ NƏZƏRƏ ALIRLAR

«Azərbaycanda moda biznesi inkişaf etməyib»

Bunu isə Modalar Assosiasiyasının rəhbəri Zamir Hüseynov deyir. Onun fikrincə, ölkədə yüngül sənaye inkişaf etmədiyindən peşəkar modelyerlər faktiki işsizdirlər:

Avropalılar geyimlərində rəng seçəndə, təkcə öz zövqlərini yox, şəhərin necə görünməsini də nəzərə alırlar
«Buna görə də irəliləyiş ola bilməz. Digər problem də odur ki, varlı adamların qızları modelyer olmaya-olmaya televiziyalara çıxıb özlərini modelyer kimi təqdim edirlər. Bu da adamları çaşdırır».

Zamir Hüseynov deyir ki, Azərbaycanda dünya səviyyəsinə çıxa biləcək modelyerlər var, amma onlar yalnız yerli səviyyədəki moda festivallarında özlərini sınayırlar, beynəlxalq festivallara can atmırlar. Zamir Hüseynov bunun bir səbəbini də bəzi modelyerlərin pul qazanmağa daha çox üstünlük vermələri ilə izah edir.

Fəlsəfə elmləri doktoru Niyazi Mehdi əsasən Azərbaycanın iri şəhərlərində moda mədəniyyətinin formalaşdığını deyir. Bu müsahibim də geyim seçimində azərbaycanlıların çoxrənglilikdən qaçdığının fərqindədir:

«Avropalılar geyimlərində rəng seçəndə, təkcə öz zövqlərini yox, şəhərin necə görünməsini də nəzərə alırlar. Deməli, Azərbaycanda fərdi götürəndə, geyim mədəniyyəti normaldır, amma şəhərin estetikası baxımından cansıxıcı görünürlər».

Yeri gəlmişkən, Azərbaycanda məşhur bir məsəl də var: geyimə görə qarşılayıb ağıla görə yola salarlar.
XS
SM
MD
LG