Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:33

Seçkinin nəticələrinin təsdiqi bazar ertəsinə qaldı


Parlament seçkisində səslərin sayılması
Parlament seçkisində səslərin sayılması
Noyabrın 26-da Konstitusiya Məhkəməsi 7 noyabr parlament seçkilərinin nəticələrinin yoxlanılması və təsdiq olunmasına baxıb.

SEÇKİYƏ MÜDAXİLƏYƏ DAİR İDDİALAR ƏSASSIZDIR

Məruzəçi hakim Rafael Qvaladze seçki pozuntuları iddiası ilə Respublika Baş Prokurorluğuna daxil olan müraciətlər barədə məlumat verib. Həmin müraciətlərdən biri - 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə daxil olmuş müraciətlə əlaqədar cinayət işi başlandığını deyib. Hakimin sözlərinə görə, cinayət işi həmin dairədən namizəd olmuş şəxsin seçki günü səsvermə prosesinə müdaxiləsi, bununla da, seçki qanunvericiliyini pozması ilə bağlı başlanıb.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxışında deyib ki, onlara daxil olan bütün müraciətlər diqqətlə araşdırılıb. O, dövlət və hökumət strukturlarının seçki prosesinə müdaxilə etməsi barədə iddiaların əsassız olduğunu bildirib.

İclasda ekspert qismində çıxış edən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov seçki prosesinə müsbət rəy verib. O, parlament seçkisinin Konstitusiyaya uyğun olaraq azad, ədalətli, demokratik keçirildiyini deyib.

SEÇKİ DEMOKRATİK KEÇMƏYİB

Müsavat Partiyasının MSK-dakı nümayəndəsi Gülağa Aslanlı çıxışında ölkədə
Gülağa Aslanlı
parlament seçkisi ərəfəsində seçki mühitinin standartlara uyğun olmadığını söylədi. O bildirdi ki, Azərbaycanda 1992-ci ildən bu yana demokratik seçki keçirilməyib və seçkilərin nəticəsini tanımadığına görə yekun rəyə imza atmaqdan imtina edib.

Gülağa Aslanlı bildirib ki, seçkiylə bağlı xüsusi rəy hazırlayıb MSK-ya təqdim etsə də MSK rəhbərliyi bunu qəbul etməyib. MSK üzvü xatırladıb ki, ABŞ Dövlət Departamenti, ATƏT və Avropa Şurası seçkinin beynəlxalq standartlara cavab vermədiyini bəyan edib.

Gülağa Aslanlı seçki pozuntularından da danışıb. O, bildirib ki, 2005-ci illə müqayisədə budəfəki parlament seçkisində namizədliyini irəli sürənlərin və qeydə alınanların sayı iki dəfə azaldılıb. Bəzi dairələrdə isə demək olar ki, seçkilər alternativsiz, bir partiyanın xeyrinə keçirilib. Yekun protokollarda seçicilərin sayı şişirdilib. Səsvermə məntəqələrinə həmin məntəqə ərazisində qeydiyyatda olmayan seçicilər gətirilib və onlara saxta səsvermədə iştirak etməyə şərait yaradılıb. “Seçki azad, demokratik və ədalətli keçmədiyinə görə hakimlərdən xahiş edirəm ki, yekun rəy qərar qəbul edərkən bunu nəzərə alsınlar” – Gülağa Aslanlı deyib.

MƏHKƏMƏ TƏXİRƏ SALINDI

Məhkəmənin sədri Fərhad Abdullayev Plenum iclasının başa çatdığını bildirib. O, iclasın noyabrın 29-u saat 9.00-dək təxirə salındığını elan edib.

7 noyabr seçkilərində 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparıb.

Seçkilərdə ölkə üzrə seçicilərin 50,14%-i iştirak edib.

MSK 20 DSK üzrə 46 seçki məntəqəsində seçkinin nəticələrini ləğv edib, DSK-lar tərəfindən nəticəsi ləğv olunan məntəqələrin sayı isə 3 olub.

Konstitusiya Məhkəməsi
Seçkilərdə Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Demokratik İslahatlar Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Ədalət Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Ümid Partiyası 1 yer qazanıb. Seçkilərdə qələbə qazanmış digər şəxslər bitərəflərdir.

MSK seçkilərlə bağlı yekun protokolu noyabrın 22-də təsdiqləyərək Konstitusiya Məhkəməsinə göndərib.

ATƏT-in rəhbərlik etdiyi Beynəlxalq Müşahidə Missiyası parlament seçkilərinin texniki cəhətdən yaxşı təşkil olunduğunu desə də, bu seçkinin demokratik inkişaf yönündə əhəmiyyətli addım olmadığını vurğulayıb.

ABŞ Dövlət Departamenti isə parlament seçkisinin ümumiyyətlə beynəlxalq standartlara uyğun keçirilmədiyini bəyan edib, seçki pozuntularına yol verənlərin məsuliyyət cəlb olunmasına çağırıb.

Əsas müxalifət partiyaları seçkinin nəticələrini tanımır, yenidən seçki keçirilməsini tələb edir.
XS
SM
MD
LG