Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:05
Milli Kitab Mükafatı Müsabiqəsi - 2010 noyabrın 25-də start götürdü.

Müsabiqənin təşkilatçısı, "Əli və Nino" Nəşriyyat Evinin rəhbəri Nigar Köçərli, Münsiflər Heyətinin üzvü, "Qanun" Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Azadlıq Radiosunun "İşdən sonra" verilişinin qonağı olublar.


Müzakirəyə telefonla yazarlar - müsabiqənin keçən ilki qalibi Elxan Qaraqan, şair Səlim Babullaoğlu, eləcə də müsabiqəyə tənqidi yanaşan Günel Mövlud və Aqşin Yenisey də qatılıblar.



Şahbaz Xuduoğlu:

- Mən kitabla bağlı bütün layihələrə dəstək verməyə hazıram.

Son bir ildə mətbuatın yaxından müzakirə etdiyi mövzulardan biri də Milli Kitab Mükafatı olub.


Günel Mövlud:

“Keçən il Milli Kitab Mükafatı ilə bağlı bizim iradlarımızı paylaşan Şahbaz Xuduoğlu indi Münsiflər Heyətindədir. Bunu heç cür anlaya bilmirəm”.

Şahbaz Xuduoğlu:

“Müsabiqəni əvvəlcədən qaralamaq olmaz”

Aqşin Yenisey:

“Münsiflər Heyətində bütün ədəbi təşkilatlar bərabər təmsil olunmalıdır”.

Nigar Köçərli:

“Elmlər Akademiyasının müxbir üzvü Rafiq Əliyev, tarixçi professor Cəmil Həsənli, kinorejissor Ayaz Salayev, telerejissor Mehriban Ələkbərzadə və fəlsəfə doktoru Niyazi Mehdi də münsiflər heyətinin yeni üzvlərindəndir”.

Elxan Qaraqan:

“Yeni əsərimə görə başım çox böyük bəlalara düşəcək”.
Bu mənada bu mükafata önəm verirəm və münsiflər heyətinin üzvü olmaq təklifini alanda məmnuniyyətlə bir naşir kimi razılıq verdim.

Hesab edirəm ki, naşirlərin münsiflər heyətində olması çox vacib şərtdir, çünki onlar birbaşa yazarlar və cəmiyyətlə işləyirlər.

Onların münsiflər heyətində olması işi irəli apara bilər.

Azadlıq Radiosu:

- Nigar xanım, Şahbaz Xuduoğludan başqa da Münsiflər Heyətində yeni sinalar varmı?

Nigar Köçərli:

- Bəli. Bu il münsiflərin sayı 12 yox, 17 nəfərdir. İstədik ki, münsiflər heyətinin tərkibi daha rəngarəng olsun.

Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Rafiq Əliyev, tarix elmləri doktoru, professor Cəmil Həsənli, kinorejissor Ayaz Salayev, telerejissor Mehriban Ələkbərzadə və fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdi də münsiflər heyətinin yeni üzvlərindəndir.

Azadlıq Radiosu:

- Bunlar yeni üzvlərdir, amma keçən ilki münsiflər də olduğu kimi qalırmı?

Nigar Köçərli:

- Bəli.

Azadlıq Radiosu:

- Şahbaz bəy, dediniz ki, sizin münsiflər heyətində olmağınız işi irəli aparmağa kömək edə bilər. Nəyi nəzərdə tutursunuz?

Şahbaz Xuduoğlu:

- Keçən ilki münsiflər heyətində naşir yox idi.

Mənim demək istədiyim odur ki, naşirlər müsabiqəyə təqdim edilən əsərləri həm də bir kitab halında təsəvvür edə, onların cəmiyyətdə nə dərəcədə maraq doğura biləcəyini təsəvvür edə bilirlər.

Azadlıq Radiosu:

- Maraqlı bir məqama gəlib çatdıq.

Şahbaz bəy deyirsiz ki, naşir müsabiqəyə təqdim edilən əsərləri həm də bir kitab kimi təsəvvür edə bilir.

Amma Milli Kitab Müsabiqəsinin keçən ilki qalibi Elxan Qaraqanın “A” romanı yaxşı satılsa da, əsər tənqidçilər tərəfindən birmənalı qarşılanmadı, onun sadəcə yeniyetmələr üçün yazılan bir roman olduğunu deyənlər də oldu.

Siz bu müsabiqədə bir naşir olaraq – daha çox gəlir gətirə biləcək, tiraj gətirə biləcək bir əsər gözləyirsiz, yoxsa xüsusi bir ədəbiyyat nümunəsi?

Şahbaz Xuduoğlu:

- Məncə kitabın nə dərəcədə satılması bir faktor kimi nəzərə alınmalıdır, amma bu, ən yaxşı kitabın müəyyən edilməsində 51 faiz rol oynamamalıdır.

Kitabın yaxşı satılması faktı bu məsələdə 15-25 faiz rol oynaya bilər. Heç Milli Kitab Mükafatı müsabiqəsində də satış faizinin ən yaxşı əsərin seçilməsində əsas rol oynaması haqda qayda da yoxdur.

Şahbaz Xuduoğlu
Sadəcə, o məsələ ilə bağlı Nigar xanımgilin çox yaxşı bir fikri var idi ki, Qaraqanın qalib elan edilməsi əslində münsiflərin bir protest seçimi idi.

O müsabiqəyə göndərilən əsərlərin ümumi keyfiyyətinə bir protest idi.

Nigar Köçərli:

- Mən də əlavə edim ki, müsabiqəyə həm çap edilmiş, həm də edilməmiş əsərlər təqdim oluna bilər.

Heç kim demir ki, münsiflər satış faktını nəzərə alsın. Hər bir münsif seçimini öz ədəbi zövqünə görə edir.

Mən heç başa düşmürəm ki, kitabın yaxşı satılması ilə onun seçimi arasında niyə ziddiyyət axtarılmalıdır.

Azadlıq Radiosu:

- Biz sadəcə Şahbaz bəyin öz mövqeyinə aydınlıq gətirməsini istəyirdik. O dedi ki, bir naşir kimi əsərin necə satılmasını da təsvvür edə bilər...

Nigar Köçərli:

- Burda bir ziddiyyət yoxdur. Yaxşı kitab yaxşı da satılmalıdır.

Azadlıq Radiosu:

- Efirə gənc yazar Aqşin Yenisey də qoşulur. Aqşin bəy, Milli Kitab Müsabiqəsinə qatılmaq fikriniz varmı?

Aqşin Yenisey:

- Mən hesab edirəm ki, ədəbiyyatın taleyi ədəbiyyatda təsadüfi adamlara tapşırılmamalıdır.

Keçən ilki Milli Kitab Mükafatı müsabiqəsinin nəticələri bu təsadüfiliyi üzə çıxardı.

Təsadüfi adamlar təsadüfi bir kitabı Azərbaycanın milli kitabı elan etdilər.

Və bu məsələ istər gənc yazarlarda, istərsə də orta yaşlı yazarlarda bir ümidsizlik yaratdı.

Əgər seçimi köhnə münsiflər köhnə dəyərlər əsasında edəcəklərsə, mən belə bir müsabiqəyə qatılmayacağam.

Əgər Milli Kitab Müsabiqəsinin təşkilatçıları keçən ilki xoşagəlməz mərasimdən nəticə çıxarıb yeniliklər edəcəklərsə, ədəbiyyata münasibətlərində hansısa dəyişikliklər etməyə meylli olacaqlarsa, sözsüz ki mən bu müsabiqədə ikiəlli iştirak edəcəyəm.

Ona görə yox ki qalib olum. Sadəcə Azərbaycan insanının ədəbiyyata münasibətinin dəyişməsi naminə qatılacam.

Mən hələ bununla bağlı qərar verməmişəm. Bu il Azad Yazarlar Ocağının başqanlığı da mənə ötürülüb...

Şahbaz Xuduoğlu:

- Bəs qərar verməmisənsə, niyə əvvəlcədən nəyisə qaralayırsan?

(Nigar Köçərli də buna gülür).

Aqşin Yenisey:

Aqşin Yenisey
- Mən qaralamıram...

Şahbaz Xuduoğlu:

- Mənə elə gəlir ki, bu cür mükafatlara dəstək vermək lazımdır.

Aqşin Yenisey:

- Bu mükafat keçən ilki hadisələrə görə, özünə kifayət qədər xoşagəlməz rənglər yaxdı.

Siz ona qara deyirsiz. Amma mən qara demirəm, bir az tünd rənglər yaxdı. Amma arzum-istəyim budur ki, bu il beynəlxalq təcrübə, bu tip müsabiqələrin necə keçirilməsi qaydaları öyrənilməklə belə bir müsabiqə təşkil edilsin.

Belə olsa mən də orda iştirak edəcəm. Nəinki romanımla, hətta öz tapmacalarımı da ora təqdim edəcəm ki, ilin tapmacası seçilsin... Yəni o səviyyəyə qədər iştiraka hazıram.

Azadlıq Radiosu:

- Aqşin bəy, nəyin dəyişilməsini istəyirsiz. Nigar xanım da burdadı. Təkliflərinizi verin...

Aqşin Yenisey:

- Əgər bu, milli mükafatdırsa, qoy orda ölkədəki ədəbi təşkilatların hər birindən münsiflər heyətində bərabər sayda nümayəndə təmsil olunsun.

Yəni səsvermə hüququ bərabər paylansın. Münsiflər heyətində Azərbaycan Yazıçılar Birliyi və ona yaxın olan dairələrdən 15 nəfər adam olur, bir nəfər də gözünə belə deyək də, alternativ ədəbiyyat nümayəndəsi qatırlar... bu, bərabərsizlikdir.

Ona görə də hansı əsərin qalib elan ediləcəyi bəri başdan məlum olur. Keçən il mətbuatda müsabiqədəki seçim haqda kifayət qədər tənqidi və haqlı yazılar yazıldı.

Özü də bu, təkcə mənim fikrim deyil.

Nigar Köçərli:

- Aqşin, siz öz fikrinizi deyin, niyə başqalarının adından danışırsınız?

Aqşin Yenisey:

- Mənim fikrim odur ki, mən yalnız o müsabiqənin keçirilmə şərtlərində dəyişiklik olacağı halda oraya qatılacam.

Şahbaz Xuduoğlu:

- Mənə elə gəlir ki, əgər kitab adına, ədəbiyyat adına bir tədbir keçirilirsə və həmin tədbirdən mətbuat ilboyu yazırsa, ədəbiyyatda olan insanlar bunu ümumilikdə gərək müsbət hal kimi qiymətləndirsin.

Bu bir. İkincisi, Münsiflər Heyətində Azərbaycan Yazıçılar Birliyinin səs çoxluğuna malik olması fikri də düzgün deyil.

Çünki orada səhv etmirəmsə, Yazıçılar Birliyindən iki katib təmsil olunur.

Mən belə hesab edirəm ki, Milli Kitab Mükafatı Azərbaycan ədəbiyyatında hələ ki ən böyük mükafatdır.

Və bu prosesə qatılmaq lazımdır. Mən inanmıram ki, orda şəffaf olmayan hansısa proseslər baş verəcək.

Mən buna qəti inanmıram. Əgər orada qeyri-şəffaf bir prosedur olacaqsa, mən onu gizlətməyəcəm.

Bizim şərtlərimiz də belə olub ki, bütün proses son dərəcədə şəffaf olmalıdır.

Şair Səlim Babullaoğlu da efirə qoşulub. O, Milli Kitab Müsabiqəsini yüksək qiymətləndirdiyini, Azərbaycan ədəbiyyatı üçün gərəkli layihə olduğunu deyib.

Azadlıq Radiosu:

- Nigar xanım, bəs əsərləri oxuyacaq ekspertlərin tərkibində də dəyişiklik olacaqmı?

Nigar Köçərli:

Nigar Köçərli
- Bu haqda yaxınlarda məlumat verəcəyik.

Efirə müsabiqənin keçən ilki qalibi Elxan Qaraqan da qoşulur.

Azadlıq Radiosu:

- Elxan bəy əsgərlikdən qayıdandan sonra ikinci bir əsər yaza bildinizmi? Müsabiqədə iştirak edəcəksinizmi?

Elxan Qaraqan:

- Bəli, niyə ki olmasın. İkinci əsəri yazmışam. Yəqin ki müsabiqəyə qatılacam.

Ondan əlavə də əsərim vardı. İndi də rus dilində bir əsər bitirmişəm. Yəqin o da müsabiqəyə qatılacaq.

Ümumiyyətlə, sevindirici haldır ki, belə müsabiqələrin davamı gəlir. Yəni Azərbaycanda çox vaxt olduğu kimi bir dəfə olub bitmir.

Azadlıq Radiosu:

- Elxan bəy, yeni əsəriniz nə barədədir?

Elxan Qaraqan:

- Bu barədə heç nə demək istəmirəm. Çünki bunun özü çox sensasiyalı bir mövzudur.

Mənim deməyimin özü artıq onun necə deyərlər, sensasiyalılığını öldürür. Amma hər halda başım çox böyük bəlalara düşəcək.

Azadlıq Radiosu:

- Niyə görə? Sizi plagiatda ittiham edə bilərlər keçən dəfəki kimi, yoxsa...

Elxan Qaraqan:

- Bu mövzudan sonra mənə hər şey edə bilərlər.

Şahbaz Xuduoğlu:

- Repçilər "bəla" sözünü xoşlayırlar...

(gülüşmə)

Elxan Qaraqan.

Elxan Qaraqan
- Yox məncə, yazıçı hər hansı əsərini yazanda onu sonuncu əsəri kimi yazmalıdır.

Yəni tam şəkildə ürəyini qoymalısan.

Yəni keçən dəfə çobandan yazdım, bu dəfə keçidən yazım – belə yox.

Tam inanıram ki, bütün gücümü qoyduğum bir əsərdir.

Şahbaz Xuduoğlu:

- Niyə siz hesab edirsiz ki, yazıçı əsəri son əsər kimi yazmalıdır? Axı gərək həyat davam eləsin...

Elxan Qaraqan:

- Yox, sadəcə mən düşünürəm ki, bu əsər Azərbaycan səviyyəsində çox güclü əsər olacaq.

Çox adam başa düşməyəcək. Buna görə belə deyirəm.

Azadlıq Radiosu:

- Elxan bəy, siz deyəsən əsər yazanda daha çox nəticəyə hesablayırsız – daha çox hay-küy doğursun, sensasiya doğursun.

Elxan Qaraqan:

- (rişxəndlə) Sözsüz, mən şou-biznes adamıyam, bütün günü başım belə şeylərə qarışır...

(gülüşmə)

Azadlıq Radiosu:

- Bu, əsərin səviyyəsinə təsir edirmi?

Elxan Qaraqan:

- Yox... bilirsiz necədi? Qazanmaq-filan lazımdı... Ki bizi belə verilişlərə çağırsınlar, “dam-dam” vursunlar.

Elxan Qaraqan bu dəfə nə yazdı? Dam!..

Yox, elə bir şey yoxdu. Ola bilsin öz xasiyyətim bir az aqressivdi və aqressiv yazmağı xoşlayıram.

Azadlıq Radiosu:

- Şahbaz bəy, bayaq dediniz ki, “A” romanının seçilməsi bir protest addımı idi.

Niyə görə? Azərbaycan yazıçılarının mövzu problemi, əsər yazmaq üçün janr problemi var, yoxsa...

Şahbaz Xuduoğlu:

- Bilirsiz, Milli Kitab Müsabiqəsinin onluğuna düşən əsərləri biz keçən il çap etdik.

Mən onların çoxunu oxumuşam, aralarında xoşuma gələn də var.

Sadəcə, sanki Azərbaycan nəsri müasir dünya nəsrindən çox geridə qalıbdır.

Bizdə sanki ədəbiyyatda yenə də “çay kənarı kliplər”, dərələr, təpələrdir. İnsanlar yoxdur.

Biz “Ən yeni ədəbiyyat” seriyasına da ona görə başlamışdıq ki, yazıçılar müasir insanlardan və onların problemlərindən yazsınlar. Dağdan-dərədən, Vətənin gül-çiçəyindən yox.

Mən hesab edirəm ki, Qaraqanı seçən münsiflər heyəti onu “A” romanında qaldırılan problemlərə görə seçdilər.

Bəlkə də ona görə yox ki, o, doğrudan da hamıdan yaxşı yazılmış əsərdir.

Sadəcə, baxdılar ki, Qaraqanla müqayisədə yorğun bir nəsr var, heç bir mahiyyəti olmayan qara-qara səhifələrdir, onda bunu seçdilər.

Azadlıq Radiosu:

- Nigar xanım, bu il daha hansı dəyişikliklər olacaq müsabiqədə?

Nigar Köçərli:

Günel Mövlud
- İmkan düşmüşkən, müsabiqənin qaydaları haqda ətraflı məlumat verim.

Ötən il biz müsabiqəyə necə başlamışdıqsa, həmin sistem bu il də olacaq.

Keçən il Azərbaycanın 6 rayonunda olduq, bir neçə ali məktəbdə görüş keçirdik. İnsanlara anlatmağa çalışdıq ki, müsabiqənin şərtləri necə olacaq, oraya necə müraciət etmək lazımdır.

Bu il də eyni sistem olacaq. Əsərləri yanvarın 10-a qədər qəbul edəcəyik.

Bundan sonra peşəkar ekspertlər əsərləri oxuyub qiymət verəcəklər. 2 ay 10 gün müddətində onlar əvvəlcə 20 ən yaxşı əsəri – “long list”i seçəcəklər, bundan sonra 10 gün müddətində isə 10 ən yaxşı əsəri – “short list”i səsləndirəcəklər.

Beləliklə - “qısa siyahı”ya düşənlər – finalçılar martın 27-də məlum olacaq.

Ondan sonra 17 nəfərlik münsiflər heyəti öz işinə başlayacaq və mayın 31-də mükafatlandırma mərasimi keçiriləcək.

Birinci yerin sahibi 3 min manat, ikinci yerin sahibi 2 min manat, üçüncü yerin sahibi isə min manat qazanacaq.

Dəyişikliklər nə olacaq? Biz keçən il gördük ki, regionlardakı yazarlar üçün bizə əsər göndərmək bəzən çətin olur. İnternetlə bağlı problemlər yaşanır.

Ona görə bu il qayda müəyyən etmişik ki, əsəri poçtla da göndərmək olar. Ünvan belədir: Zeynalabdin Tağıyev, 19.

Bundan başqa belə bir yeni nominasiya olacaq: "Ən yaxşı bədii tərcüməyə görə". Amerika səfirliyi ingiliscədən Azərbaycan dilinə ən yaxşı tərcüməyə görə, 1000 manat mükafat verəcək.

Efirə şairə Günel Mövlud da qoşulur.

Azadlıq Radiosu:

- Günel xanım, sizin bu müsabiqəyə münasibətinizi bilmək istərdik. İştirak etmək fikriniz varmı?

Günel Mövlud:

- Mən indiyə qədər adında milli olan hər şeydən qorxurdum. Və keçən dəfəki Milli Kitab Mükafatı müsabiqəsinin nəticələri sübut etdi ki, mən öz qorxumda haqlıymışam.

Bilirsiz, keçən il müsabiqənin onluğu elan ediləndə mən və mənim bir neçə yazar dostlarım heyfsiləndik ki, kaş ki bu müsabiqəyə əsərimizi təqdim edərdik.

Amma yekun nəticədə şəxsən mən özümü böyük bir biabırçılıqdan qurtarmış adam kimi hiss etdim ki, nə yaxşı ki bu müsabiqəyə əsər təqdim etməmişəm.

Orada Rafiq Tağı, Şərif Ağayar kimi çox ciddi, çox yaxşı nasirlərin bir kənarda qalıb da, yüngül cari mövzularda yazıb özünü ədəbiyyata təqdim edən bir adamın qalib elan edilməsi nəsr üçün biabırçılıq idi.

Mənim Nigar xanıma böyük hörmətim var. O öz yerində. Amma sadəcə bir şeyə təəccüblənirəm.

Keçən il Milli Kitab Mükafatı ilə bağlı bizim iradlarımızı paylaşan Şahbaz Xuduoğlu indi Münsiflər Heyətindədir. Bunu heç cür anlaya bilmirəm.

Şahbaz Xuduoğlu.

- Deməli, mən yenə də həmin iradları bölüşürəm. Amma nəzərə alsaq ki, Milli Kitab Mükafatı müsabiqəsi kitabla bağlı ən böyük layihədir, mən hesab edirəm ki, bu layihəyə dəstək vermək lazımdır.

Burda iştirak etmək lazımdır. Nöqsan hər bir işdə ola bilər. Amma biri var ki, bu iş heç görülməyə, bir də var ki, bu iş görülür.

İndi mən bilirəm ki, sənin bu müsabiqədə iştirak etmək imkanın bir qədər azdır, çünki şeir yazırsan.Əgər nəsrin olsaydı, mən bir dost olaraq, sənin kitabını nəşr edən bir naşir olaraq məsləhət görərdim ki, bu müsabiqəyə qatılasan.

Və əlavə olaraq nəzərə almaq lazımdır ki, indi münsiflər heyətində dəyişikliklər olubdur.

Azadlıq Radiosu:

- Dəyişikliklər yox, sadəcə sıralarına yeniləri əlavə olunub...

Şahbaz Xuduoğlu:

- Yeniləri əlavə olunub. Və... Bilirsiz necədi? Mən heç vaxt öz prinsiplərimdə və baxışlarımda inkişafdan başqa heç bir dəyişiklik etməmişəm.

Buna heç zaman da yol vermərəm. Mən hesab edirəm ki, burada hər şey şəffaf olacaq.

Hətta düzgün olmasa belə, o fikirlər hər kəsə paylanacaq. Məncə bütün müsabiqələrə qatılmaq vacibdir, o cümlədən Nəsimi mükafatına.

Mən şəxsən naşir kimi də müsabiqəyə əsər təqdim edəcəm.

İllərlə çəkilən zəhmətə qiymət verilməlidir. O əsərlər mükafat alsın, sonra xaricdəki kitab sərgilərinə getsin, nümayiş edilsin.

Nigar Köçərli:

- Günel, mən də sizə böyük hörmətlə yanaşıram.

Sadəcə başa düşmürəm ki, Qaraqanın qalib gəlməyi niyə belə mənfi emosiya doğurmalıdır. Nəyə lazımdı belə nifrətlə o barədə danışmaq?

Günel Mövlud:

- Nigar xanım, qalib gəlsəydi, emosiya ilə qarşılanmazdı, onun seçilməyi emosiya ilkə qarşılanıb...

Nigar Köçərli:

- Günel, mən başa düşürəm hər kəsin, o cümlədən sənin şəxsi mövqeyin var.

Amma münsiflər heyətindəki 12 insan da hesab etmişdi ki, Azərbaycanda ən yaxşı yazıçı Elxan Qaraqandır.

Digər tərəfdən, axır illərdə ən azı 2-3 min nəfər Qaraqanın “A” romanını alıb.

Bizim kitab satışı şəbəkəmizdə ən çox satılan əsərdir. Mən inanıram ki baqa dükanlarda da bu belədir.

Əgər onun əsərini bu qədər insan oxuyubsa, yəqin səbəbi var.

Günel Mövlud:

- Nigar xanım, Hüseynbala Mirələmovun "Xəcalət" romanı da bestsellerdir...

Nigar Köçərli:

- Yox, bestseller deyil. Hardan görürmüsüz o rəqəmi? Bizdə ən çox satılan əsərlər Elxan Qaraqanın kitablarıdı və “Əli və Nino”.

Azadlıq Radiosu:

- Günel xanım, verilişin sonudur, 1 dəqiqəniz var ki, öz fikirlərinizi yekunlaşdırasınız....

Günel Mövlud:

- Şahbaz bəyə bunu demək istəyirəm ki, qoy Milli Kitab Mükafatı müsabiqəsinin bu il şəffaf keçəcəyinə inanan Şahbaz Xuduoğlu 60-70 yaşlarında da bu sadəlövhlüyünü qoruyub saxlasın.

Şahbaz Xuduoğlu:

- Söhbət sadəlövhlükdən getmir. Gəlin ciddi bir söhbət edək.

Onda bütün yazıçılar heç bir tədbirdə iştirak etməyib qınlarına çəkilməlidirlər? Səni heç düşündürmür ki, işlədiyin, yazılar yazdığın agentlik hardan maliyyələşir, amma düşündürür ki, Milli Kitab Mükafatı müsabiqəsində hansısa neqativ hal baş verib.

Mən inanmıram ki, Rafiq Əliyev, Niyazi Mehdi, Ayaz Salayev, Cəmil Həsənli – bu insanlar vicdanlarının səsinə qulaq asmayıb layiq olmayan kəsə səs versinlər. Keçən il qalib Qaraqan elan edildi, bu il ayrı adam ola bilər.

Mən inanıram ki, buraya daha sanballı əsərlər təqdim olunacaq.

Sadəcə əvvəlcədən hansısa işə qara demək düzgün deyil.

Biz “Ən yeni ədəbiyyat” seriyasına başlayanda da belə fikirlər səsləndi ki, bunlar ən yeni ədəbiyyat deyil, niyə çap edirsiz.

Mən bu işə davam etdim və edəcəm də. Həm də çalışacam o seriyada əsəri çap edilmiş yazarlar da Milli Kitab Mükafatı müsabiqəsinə əsər təqdim etsin.

Azadlıq Radiosu:

- Nigar xanım, sizcə müsabiqə ilə bağlı tənqidlər onun obyektivliynə şübhə yaratmır ki?

Nigar Köçərli:

- Mənə deyirlər ki, Nigar xanım, sizi bu qədər tənqid edirlər... Mən deyirəm ki, əksinə buna sevinirəm. Tənqidə dözümlülük olmalıdır.

Amma eyni zamanda yazılarda da təhqirə yol verilməməli, tənqid konstruktiv olmalıdır.

Mən öz işimə inanıram və buna davam edəcəm.

(Verilişin mətni "Oxu zalı" üçün hazırlanıb).

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG