Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:44
“Mən Məşədi Natiq, düz yeddi aydır ışıq pulu verə bilmirəm, 10 manat pulu verməyə imkanım yoxdur. Gərək hardansa evə pul daxil olsun ki, mən də harasa pul verim”.

Noyabrın 25-i Bakının Nardaran kəndinin mərkəzindəki İmam Hüseyn meydanı yenə adamlarla dolu idi. Kənd ağsaqqalı Məşədi Natiq Kərimov sakinlər qarşısında Nardarandakı vəziyyətin gərginliyindən danışırdı.

Sakinlərin narazılığına və onları meydana çıxaran səbəb isə kəndə verilən elektrik enerjisinin kəsilməsi idi.

“HAMI ÇÖRƏYİ NİSYƏ ALIR...”


Məşədi Natiq Kərimov: “Dükanlar az qalıb müflis olmağa. Az qalıb mağaza sahibləri mağazalarını bağlasınlar. Polis rəisinə deyirəm gəl gedək borc siyahısına bax, hamı çörəyi nisyə alır. Hərdən bir mağazadan yağ alan da var. Ona görə camaat qılınca çapır. Çox pis vəziyyətdir”.

“İŞIQLAR YENİDƏNQURMA İLƏ BAĞLI SÖNDÜRÜLÜB”

“Bakıelektrikşəbəkə” ASC sözügüdən kənddə işıqların kəsilməsini borcla yox, həmin ərazidə aparılan yenidənqurma işləri ilə əlqələndirir. Qurumun sözçüsü Tanrıverdi Mustafayevin sözlərinə görə, bəzi yerlərdə birləşdirmə işləri gedərkən Nardarana verilən elektrik enerjisi kəsilir. Şəbəkə rəsmisi işlərin hələ bir müddət davam edəcəyini deyir:

Nardaran kəndində indi çox az həyətdə istixana qalıb
“Ərazidə Nardaran-1, Nardaran-2 yarımstansiyası inşa olunub. Həmin yarımstansiyadan bütün evləri enerji ilə təmin edən yeni xəttlər çəkilir. Bəzi yerlərdə birləşdirmə işləri gedərkən təbii ki, elektrik enerjisinin dayandırılması labüdlüyü yaranır”.

Tanrıverdi Mustafayev deyir ki, borca görə işıqlar kütləvi yox, fərdi qaydada kəsilir.

“GÜNƏŞ BİZİM ƏLİMİZDƏ OLSAYDI, ONU DA SÖNDÜRƏRDİK...”

Birvaxtlar paytaxt bazarlarına xeyli tərəvəz məhsulları çıxaran Nardaran kəndində indi çox az həyətdə istixana qalıb. Sakinlərin qazanc yeri olan istixanaların əksəriyyəti qaz-işıq bahalaşmasından sonra sıradan çıxıb. İndi bu kənddə istixanası olanlar daha çox günəşə minnətdarlıq edirlər:

“Günəş bizim əlimizdə deyil, Allahın əlindədir. Qurban olum Allaha! O da bizim əlimizdə olsaydı, onu da söndürərdik”.

Sakinlərin bəziləri isə deyirlər ki, normal qaz verilmədiyindən az-çox qalan istixanalarda keyfiyyətli məhsul istehsal etmək mümkün olmur.

BİR KƏNDDƏ 2 MİNDƏN ÇOX IŞSIZ?

Ancaq deyəsən, Nardarandakı narazılıq təkcə bir neçə gün əvvəl işıqların söndürülməsi ilə bağlı yaranmayıb. Kənd sakinlərini ən çox sıxan işsizlik və onlara laqeyd münasibətdir. Nardaran sakinləri deyirlər ki, ölkə başçısı tez-tez regionların inkişafından danışır, bunun üçün büdcədən xeyli pullar ayrılır, amma Nardarana baxan yoxdur. Adamların dediyinə görə, kənddə 2 mindən çox işsiz
İlqarın 500 manat borcu var
gənc var:

“Hökümət bizimlə belə intriqa aparır ki, nardaranlılar qalxsın ayağa. Bu kəndə ögey münasibət var”.

Sakinlər deyirlər ki, əslində, onları hər gün mərkəzi meydana çıxmağa məcbur edən kənddəki işsizlik, aclıq, pulsuzluq, adamların borc içində itib-batmasıdır.

Biz İmam Huseyn meydanında söhbəti bitirib yaxınlıqdakı mağazalardan birində olanda İlqar adlı kənd sakinini çörək alan gördük. Satıcının cavabından aydın oldu ki, İlqar mağazaya 500 manat borcludur. İlqar isə həmin borcu ödəməyə indi imkanının olmadığını deyir.

NARDARAN BƏRBƏRXANASI...

İndi Nardaran kəndində yeganə işıq gələn yer 80 yaşlı saç ustası Kərbəlayi Hüseynağanın bərbərxanasıdır. Kəndin işıqları söndürülən kimi, o balaca generatoru işə salıb. Deyir ki, başqa əlacı yoxdur, ailə böyük, qazancısa təkcə bu bərbərxanadir. Bir də icarəyə götürdüyü yerin pulunu hər ay vaxtlı-vaxtında verməlidir:

“18 nəfər ailə üzvümüz var. Ailəni dolandırmaqdan əlavə bu yerin sahibinə də pul verirəm”.

Bərbər Kərbəlayi Hüseynağa
Kənd icra nümayəndəsi Tofiq Həsənovun da baş verənlərə münasibətini öyrəndik. Tofiq Həsənovun fikrincə də sakinlər nə deyirsə, hər şey elədir və onun deyilənlərə hər hansı əlavəsi yoxdur.

Nardaran sakinlərinin hökumətə, rəsmi qurumlara əsasən bir təklifi var. Bu da kənddə iş yerlərinin açılmasına şərait yaradılması ilə bağlıdır. Adamlar deyirlər ki, nə qədər ki, iş yerləri yoxdur, əvvəllər oldugu kimi istixanalar işlədə bilmirlər, kənddə narazılıqlar davam edəcək.

2000-ci illərin əvvəllərindən etibarən Bakının Nardaran kəndində vaxtaşırı sosial tələblərlə aksiyalar keçirilib. Bu aksiyaların birində polislə kənd sakinləri arasında qarşıdurma yaranıb və həmin zaman həlak olan və yaralananlar olub.

Azərbaycanın hakimiyyət rəsmiləri Nardaranda baş verənlərin arxasında dini faktorun dayandığını iddia edib.

Şərhləri göstər

XS
SM
MD
LG