Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:04

«Ensiklopediya ölkənin sifətidir»


Milli Ensiklopediyanın 1-ci cildi
Milli Ensiklopediyanın 1-ci cildi
Milli Ensiklopediyanın birinci cildi çapdan çıxdı. Bu cildin hansı özəllikləri yadda qalacaq?

Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin direktoru akademik Tofiq Nağıyev bununla bağlı AzadlıqRadiosunun “Can Bakı” proqramına eksklüziv müsahibə verib:

- Tofiq müəllim, Milli Ensiklopediyanın ilk cildi, nəhayət ki, çapdan çıxdı. Lütfən, söyləyin, Azərbaycanda Ensiklopediyanın tarixi hansı illərdən başlayır?

- Azərbaycan SSR-də ensiklopediya işi 1965-ci ildən başlayıb. 1986-cı ildə 10-cu, yəni sonuncu cildi nəşr olunub. Oncildlik ensiklopediyada Sovet siyasəti, ideologiyası öz əksini tapmışdı. Bugünkü müstəqillik dövründə o ensiklopediya bizim tələbatımızı ödəyə bilməzdi. Həm də ensiklopediya üçün 10 cild az hesab olunur.

ENSİKLOPEDİYADA İDEOLOGİYA, SİYASƏT OLMAMALIDIR

İndiki qlobal dünyada tez-tez dəyişən informasiya bolluğu var. Yeni anlayışlar, yanaşmalar yaranır. Bütün bunlar ensiklopediyada əksini tapmalıdır. Və ən əsası, ensiklopediyada ideologiya, siyasət olmamalıdır. Yalnız faktlar! Ona görə də, bizim möhtərəm prezidentimiz 2004-cü ilin may ayında öz sərəncamı ilə bir mərkəz yaratdı. Həmin mərkəz indi fəaliyyətdədir. Nailiyyəti də ondan ibarətdir ki, 2007-ci ildə biz xüsusi cild buraxdıq. Bu, universal 25 cildliyə girişdir. Özü də xüsusi cild yalnız Azərbaycana aiddir. Qədim zamandan bu günə qədər torpaqlarımızda baş verən bütün hadisələr orda əksini tapıb.

REDAKSİYA HEYƏTİNİN SƏDRİ ÖLKƏ PREZİDENTİDİR

- Müstəqilliyin 20-ci ilində Ensiklopediyanın işıq üzü görməsi tezdir, gecdir, yoxsa normaldır?

- Bilirsinizmi, ensiklopediyanın geci-tezi yoxdur. O, həmişə lazımlıdır. O başqa məsələdir ki, nəşr edib bitirəndən 10-15 il sonra ensiklopediya köhnəlir. Demək, yenidən nəşr olunmalıdır. İnkişaf etmiş ölkələri götürsək, görərik ki, hamısının ensiklopediyaya ehtiyacı var. Ancaq onların milli ensiklopediyasının azı 100 illik ənənəsi var. Odur ki, belə bir kitabın təşkili, özü də redaksiya heyətinin sədri ölkə prezidenti olarsa, imkan verir ki, bu kitabı yüksək səviyyədə buraxa bilək. Çünki bunun maliyyə və təşkilati tərəfləri var. Xaricdən mütəxəssislər cəlb etmək məsələsi var. Bax, bu dəstək bizə imkan verir ki, son beş ildə 3 kitab ortaya qoya bilək.

- Ensiklopediya fəaliyyətinə nədən başladınız? Öz əməkdaşlarınızı xarici ölkələrin təcrübəsindən istifadə etmək üçün ezamiyyətə göndərdinizmi?


- Mütləq. Xarici ensiklopediyaların təcrübəsindən istifadə etmişik. Dünyada tanınmış “Britannika”, “Brokhauz” ensiklopediyaları, “Bolşaya Rossiyskaya Ensiklopediya” artıq dəfələrlə nəşr olunmuş ensiklopediyalardır. Onların, şübhəsiz, böyük təcrübəsi var. Həm də, pozulmaz prinsipləri var. O da ondan ibarətdir ki, ancaq elmi əsası olan faktları verin. Odur ki, biz dünya təcrübəsindən yararlanmaqla ilkin cildlərimizi hazırlayıb çapdan buraxdıq.

GƏLİN, ÖZÜMÜZÜ RUHDAN SALMAYAQ

- Bəs ölkə daxilində necə seçdiniz mütəxəssisləri?

- Bu, çox mühüm bir məsələdir. Adətən, biz öz kadrlarımızın bacarığına şübhə ilə yanaşırıq. Misal üçün, xüsusi cilddə 230 yüksək səviyyəli mütəxəssis iştirak edib. Oçerklər, məqalələr yazıblar. Mən fəxr edirəm ki, həm Milli Akademiyada, həm də ali məktəblərimizdə belə yüksək səviyyəli mütəxəssislərimiz var. Ona görə də, gəlin özümüzü ruhdan salmayaq. Mən verilişdən sonra kitabları sizin redaksiyaya təqdim edəcəyəm və görəcəksiniz ki, milli ensiklopediyamız dünyanın tanınmış bənzər nəşrlərindən əskik deyil.

ENSİKLOPEDİYA ÖLKƏNİN ÜZ KİTABIDIR - SİFƏTİDİR

Ümumiyyətlə, hansı ölkə ki, özünü hər cəhətdən yüksək səviyyədə hiss edir, onun ensiklopediyası olmalıdır. Ensiklopediya ölkənin üz kitabıdır. Xüsusi cild ölkənin atributudur. Orda gedən məlumatlar, demək olar ki, dövlət tərəfindən dəstəklənən materiallardır. Onlar artıq ekspertizadan keçiblər. Bu da bizə əsas verib ki, xüsusi cildi buraxaq və növbəti cildlərin davamına çalışaq.

BİRİNCİ CİLDDƏ “A” HƏRFİ ƏHATƏ OLUNUB

- 1-ci cild çapdan çıxdı. Bura nələr daxildir? Nə qədər termin verilib?

- Birinci cilddə 4200-ə yaxın termin var. “A” hərfinə aid bütün mühüm hadisələr, nəticələr, şəxslər ardıcıllıqla əksini tapıb. Bu kitab şagirdlərə, tələbələrə, alimlərə - bir sözlə, hamıya lazımlı kitabdır. Çünki hər şey haqqında əlüstü məlumat ala bilərsiniz. Dərindən öyrənmək istəyənlər üçün hansı ədəbiyyata baxmaq barədə istinadlar da var. Bu baxımdan Milli Ensiklopediyanın xalqın inkişafında böyük rolu danılmazdır.

ALMANİYADA ÇAP OLUNAN 10 MİN NÜSXƏ SATIŞA ÇIXACAQ

- 1-ci cild nə qədər tirajla çıxıb? Çıxan tiraj hara veriləcək? Satış üçün nəzərdə tutulubmu?

- Cənab prezident məsələ qaldırıb ki, 25 min kitabxana variantı buraxaq. Bu tiraj hörmətli prezidentimizin təklifi ilə bütün kitabxanalara, təşkilatlara, nazirliklərə-hamıya pulsuz paylanacaq. “Şərq-Qərb” nəşriyyatının çap etdiyi 25 min artıq hazırdır. 10 min nüsxə də Almaniyada buraxılacaq. Bax, o nüsxələr satışa gedəcək. Maliyyə məsələləri həll olunan kimi, yəqin ki, 2-3 aya satışa gedən nüsxələr də hazır olacaq.

- İkinci cild nə vaxt çıxacaq?

- 2-ci cild də çapdadır. 1-2 aya çıxması gözlənilir.

- Tofiq müəllim, bir cildin üstündə nə qədər redaksiya heyəti çalışır?

- Təxminən, 106 nəfər işləyir. Əsasən, elmi redaktorlardır. Onlar yazılan məqalələrin üstündə çox çalışırlar ki, səhv getməsin. Hər rəqəm dəfələrlə yoxlanılır. Yazılan materiallar bizdəki metodik göstəricilərlə uyğunlaşmalıdır. Bütün yazılar bir üsluba salınmalıdır. Bu, çox vacibdir. Oxucu hiss etməməlidir ki, bu yazıları fərqli adamlar işləyib. Tam kitab təəssüratı oyatmalıdır. Bu da, işimizi mürəkkəbləşdirir. Amma artıq müəyyən təcrübəmiz var və bu işin öhdəsindən gələ bilirik.

7-8 İLƏ BU İŞİ BİTİRMƏK OLAR

- Son sual. Bu hesabla Ensiklopediyanın tam cildini nə vaxta görə biləcəyik?

- Qarşımıza məqsəd qoymuşuq ki, ildə iki cild buraxaq. Bu gedişlə 7-8 ilə kitabları çap edib bitirmək olar. Burda tələsmək olmaz. Tələssək, keyfiyyəti düşər. Bu, faktiki olaraq bizim ilk ensiklopediyamızdır. Bizim ixtiyarımız yoxdur ki, onun səviyyəsini aşağı salaq. Çalışırıq ki, dünya standartlarına uyğun gələk.
XS
SM
MD
LG