Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:17













Sən - əzab verəcək qədər
güclü və səmimisən.
Həm də gizlin və təksən.
Onsuz da
adamlar cəm şəklində sevməzlər...

Səhərlər ölümsüzdür,
Fikirlər ölümsüzdür,
Səhərlərin içində
yoxluğun böyüyür.
Bu səhər yenə də
mənasızlıq haqqında düşündüm.

Mənasızlığın rəngi həbsxana rəngidir.
Və səni düşündüm
Daha sənə şeir yazmayacağam
Şeir yazmaq,
özünü həsr etmək deməkdir.
Həyat şeir deyil ki...

Anladım...
Səni atmaq olmaz!
Səni, olsa-olsa, əvəz etmək olar
ən yaxşısıysa budur, unutmaq!

Unutmaq gərəkdir,unutmaq!
Bütün məsafələrə paylanıb
sevgini dağıtmaq!
Unutmaq!


* * * * * * * *


Min ildir açılmır asılb qalıb
Gözümdə dünyanın tor xəritəsi.
Ölürəm bir daş da sökülənmirəm
Məndən keçə bilmir, məndən ötəsi

Min ildir əllərim ev tikir mənə
Divarı yarımçıq örtüyü yoxdur.
Budandım, doğrandım hey adam boyu
Əlimdə balta var, kötüyü yoxdur.

Min ildir dərd əkib, dərd böyüdürəm
Içimdə ilıq bir istixana tək.
Hələ iımə- ilmə kəfən hörürəm
Əlimi qaldırıb göyə hana tək.

Min ildir gəzirəm azmış yolçu tək
Keçirəm bu yolu belədən-belə.
Gözlərim bu sonu keçib qapanıb
Ayağım dartınır tələyə hələ.


* * * * * * * * *


Yağışın Altında

Yağışın altında
bir qadın ağlayar
ağlamasa boğular.

Yağışın altında
bir qadın ağlayar
Son həddə dartınar
içində ağrılar.
Təptəzə, ipisti
göz yaşı doğular

Yağışın altında
bir qadın ağlayar,
saçını küləklər dağıdar.
Külək neft qoxuyar.
Bu şəhər yosunlu dənizə
və qadın
sərxoş balığa oxşayar.

Yağışın altında
bir qadın ağlayar
çırpınar
sahilə can atar.
Nə yazıq bilməz ki,
sahildə yanğın var...


* * * * * * * * *


Səni
mən yaratdım.
bütün kişilərdən fərqli,
özümə daha yaxın.
istədiyim ölçüdə,
istədiyim biçimdə
əllərim çatmayan yüksəkdə.
mən
fantastikanı sevirəm.

Səni
mən yaratdım.
özümə qənim kimi,
çəkilməz zülüm kimi,
əlavə ömür kimi
yaşayıb bitirmək gərəkdir.

səni
mən yaratdım.
neçə ilin adamı,
öldürməyə məcburam.
həyatımı
redaktə edəcəyəm.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG