Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:54

Yeni parlamentin ilk iclası noyabrın 30-da olacaq


Yeni seçilən dördüncü çağırış Milli Məclisin ilk iclası noyabrın 30-da keçiriləcək.

“Media forum” saytının məlumatına görə, iclasda prezident İlham Əliyev də iştirak edəcək.

Noyabrın 22-də Mərkəzi Seçki Komissiyası 7 noyabr parlament seçkisinin ümumi yekunlarına dair protokolu təsdiqləyərək başqa sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.

Seçki Məcəlləsinin 171-ci maddəsinə görə, Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi sənədləri aldıqdan sonra 10 gün müddətində həmin sənədlərin qanuna uyğunluğunu yoxlayıb son qərar verməlidir. Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 26-da keçiriləcək iclasında seçkinin nəticələrinə baxılacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə görə, yeni seçilmiş parlamentin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra bir həftədən gec olmayaraq ilk iclas çağırılır.

Milli Məclisin birinci iclasını ən qocaman deputat açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin sədri seçilənədək birinci iclası aparır.

Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra gizli səsvermə ilə Milli Məclisin sədri seçilir.

Sədr vitse-spiker vəzifəsinə namizədlər irəli sürür və gizli səsvermə ilə vitse-spikerlər seçilir.

Eyni qayda ilə spiker komitə sədrləri vəzifəsinə namizədlər irəli sürür və seçki keçirilir. Bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirir.

7 noyabr parlament seçkisinin ilkin rəsmi nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyasının namizədləri 72, bitərəf namizədlər 41 mandat qazanıb. Qalan 12 yeri Vətəndaş Həmrəyliyi (3 mandat), Ana Vətən (2 mandat), Ümid (1 mandat), Bütöv Azərbaycan Xalq Cəbhəsi (1 mandat), Demokratik İslahatlar (1 mandat), Böyük Quruluş (1 mandat), Ədalət (1 mandat), Vətəndaş Birliyi (1 mandat) və Sosial Rifah (1 mandat) partiyaları qazanıb.
XS
SM
MD
LG