Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:26
Nobel mükafatlı türk yazıçısı Orxan Pamuk öz kitabları haqda. Onun müxtəlif mətbu orqanlarına bildirdiyi fikirlər...

KİTABLARIM MƏNİM HƏYATIMDIR


əvvəli burda

"Bəyaz qala"

Roman yazmağı cazibədar edən nəsnələrdən biri də hər yeni romanın yeni formasını, yeni bir təhkiyə tərzini axtarmaqdır.

“Səssiz ev” “Cövdət bəy və oğulları”na bənzəmirdi, bu kitab ikisinə də bənzəmir.

Qısalığı, ədası, ölçüləri, tempi göz önünə gələndə avropalıların novella dediyi formanı xatırlada bilir.

(“Atık-Milliyət”)

****

Bəli, bu kitab tarixdən bəhs edir. Amma bir tarixi dövrü yox, bir hekayəni anlatmaq üçün...

Ağlımda olan bir hekayəni bir tarixi dövrə oturtdum.

Əslində bu zaman Ovçu Mehmet vaxtı yox, 30-40 il əvvəl, 100 il sonra belə ola bilərdi.

Dünyada da, Türkiyədə də bir alışqanlıq var: Tarixi roman deyəndə bir dövrün geniş mənada ictimai problemlərini araşdıran, o problemləri dramlaşdıran, hardasa Şekspirvari obrazları yaradan, “Hərb və sülh”ə bənzər roman yada düşür.

“Bəyaz qala” o cür roman deyil.

Bu romanda anlatdıqlarım, bir tarixi dövrün problemlərini dilə gətirmək də deyil, bir hekayəni daha canlı vermək üçün seçilmiş üslubdur.

****

Bu kitabın bir ayrı mövzusu üstün olduğu düşünülən bir mədəniyyətlə, bambaşqa bir mədəniyyətdən gələn iki insan arasındakı ilişgilərdir.

İnsanlar fərqli mühitlərdə xoşbəxt olacaqları inancına bu, ya digər şəkildə tapınırlar.

Bu inam həyatın xüsusiyyətindənmi qaynaqlanır, yoxsa insanların hər vaxt axtardıqları bir illüziyadır?

Bunu tam deyəmmərəm.

Kitabın ilk səhifələrində bir az vurğulamağa çalışdığım kimi, insanlar fərqli mədəniyyətlərin cazibələrinə öz xoşbəxtlikləri üçün keçirdikləri həyacan səbəbindən, üstəlik də o ölkələrə aid rəvayətləri sevdikləri üçün qapılırlar.

Təbii ki, mədəniyyətlərin üstünlükləri və sirləri fikrinin arxasında hərbi uğurlar, qələbələr, ya da məğlubiyyətlər var.

“Bəyaz qala” mədəniyyət ilə savaş arasında haqlı əlaqələr qurur.

“Bəyaz qala”nın özü ən sonunda hərbi bir hədəfdir: hekayəsi isə mədəniyyətə bağlıdır.

- Roman qəhrəmanları bir məqama gəldikdən sonra bəlli bir ölkəyə üstünlük verirlər. Bu seçimdə bir xoşbəxtlik dartışması olmalıdırmı?

Mədəniyyət və xoşbəxtlik bağlılığı üzərində qəhrəmanlar çox baş sındırırlar.

Kitabda elə verməyə çalışdım ki, bir-birlərinin mədəniyyəti, ya da yaşadığı çevrə, gündəlik həyatın rəngləri haqqında bəslənən düşüncələrin doğrusunu və yanlışını qəhrəmanlar qarşılıqlı olaraq sınaya bilmirlər...

Yəni bir-birlərindən xoşbəxtmi, yoxsa bədbəxtmi olduqlarını kəsdirə bilmirlər.

Bir-birləri haqqında hekayələr uydururlar, bu hekayələrə qapılırlar. Beləcə bir-birlərini anlamaq problemi ilə qarşılaşırlar.

Bütün söylədiyim şeylərdən sonra kitabı daha bir addım irəli aparmadım.

Kitab bütün bu mövzuların içində oxucusunu da bir oyuna sürükləyib bəlkə də düşünməyə çalışdıracaq. Buna da bəlkə deyirəm.

(Yazıçı-Sanat O.)

***

Bir Şərq ölkəsində qərbli olduğuma inandırılaraq tərbiyə olundum.

Belə ki, Qərbdə çıxmış bir kitabda, jurnalda Türkiyənin mədəniyyət və tarixi Şərq tarixi içində yer aldığı zaman, başına fəs (türk papağı –tər.) qoymuş bir türkün rəsmi dəyərləndirilibsə, ya da bir Qərb jurnalında dərc olunubsa, qohumlarım əsəbiləşir, hirslənirdilər.

Öz ölkələrinin mədəniyyətini Qərb mədəniyyəti içində görmək istəyən və hətta görmədiyi zamanlarda öz mədəniyyətinə bəzən gözlərini qapayan bir çevrə...

Bu illüziyadan qurtulduğum zaman bu qaydalar, dərdlər ruhumda dərin iz buraxmışdı. Bu üzdən kimlik dərdləri mənim üçün hər zaman önəmli oldu.

İndi təbii ki, qərbliyikmi, şərqliyikmi, nəyik - kimik məsələlərinə fikir vermirəm.

Amma bu kitabı yazarkən, mənim çalışdığım - son dərəcə siyasi olan bu problemin Şərq-Qərb, ənənə-müasirlik məsələsinin aktuallığından qurtara bilən bir kitab yazmaq idi.

Yəni bu kitabı yazmağa başlamadan öncə hər zaman içimizdə alışıb yanan Şərq-Qərb probleminin ciddiliyindən qurtulacaq, onu həyatımda tutduğum vahiməli, önəmli yerdən bir oyuna sala biləcək bir nöqtə axtarırdım.

Sanki hansısa mənada özümü azad etmək istəyirdim.

"Bəyaz qala" gəncliyimdə, hətta uşaqlığımda həddindən ziyadı ciddiyə aldığım bu kimlik oyununu bir anda yazı ilə oyuna çevirmək cəhdidir.

- Şərqlə Qərbin əkizlər motivi əsasında anlatmağınız iki mədəniyyətin birləşməzliyi mülahizəsinə bir etirazdırmı?

- Kitabın əsasında əkizlər haqqında hekayə durur.

Qərb-Şərq mədəniyyətində məsələn, alman ədəbiyyatında Hofmanda, Şərqdə isə “Min bir gecə” nağıllarında tez-tez rast gəlinən əkizlər - "doppelganger" movzusudur.

Mən bayaq haqqında danışdığımız kimlik dərdlərini bu mövzuya bir oyun havası içində oturdum.

Qəhrəmanlarımın bir-birinə bənzəməsi və ya bənzəməməsi, yəni bir-birlərinin kimliklərini qarşılıqlı olaraq bir güzgü kimi görmələri, əslində aktual bir şeyə toxunmaqdan çox əzəli bir kimlik məsələsini oyunlaşdırmaqdan ibarətdir.

Şərqlə Qərbin bir-birindən nə qədər uzaq, ya da yaxın olduğu kitabımın mövzusu deyil. Rudyard Kiplinqin “East is east, West is West (Şərq Şərqdir, Qərb də Qərbdir – tər.) misraları vardır.

Kitabım bəlkə də bu basmaqəlib tutumdan qurtulmaq üçün yazılıb. Şərq Şərq olmasın, Qərb də Qərb olmasın istəyi var bu kitabda.

- Kölə ilə ağası arasındakı ilişginin Şərqlə Qərb arasındakı ilişgidən fərqli başqa meyarı yoxdurmu?

- Bu meyarı var. Uzun illər bir evə qapılaraq bir-birinə bağlı olan və dərrakəcə özlərindən daha aşağı saydıqları bir hökmdara, bir padşaha öz elmi, mədəni qanunlarını bəyəndirməyə çalışan iki insanın yoldaşlığı var bu kitabda.

Əlaqələri hərdən-hərdən sado-mazoxist xarakterli olur. Şiddət, nifrət, qüvvətli sado-mazoxist nöqtələrdən keçən bir yönü var.

Kitabın mənimçün önəmli tərəfi, kitab nə qədər tarixə bağlı olur-olsun, bu gün də yaşadığını hiss etdiyim otaq içərisindəki son dərəcə konkret, öz ruhumda hiss etdiyim insanların sıxıntısı, vaxt öldürməsi, dünyanın qaranlıq yönlərini kəşf etməsi, öz ruhlarının gizli guşələrinə, bir-birlərinə əziyyət vermək yolu ilə enmələridir.

Bu kitabın əvvəlində söhbət açdığım Şərq-Qərb problemi kimlik axtarışlarını aşan və bir kitabı yazmağa dəyər verən qəhrəmanlarımı yaşadan şeydir.

Ağa ilə köləsi arasındakı əlaqə dolayı olaraq Qərb-Şərq probleminə yönəldər, amma daha açıq olaraq bir təzyiq, yalnızlıq, mühitin basqısı altındakı iki çarəsiz, amma əzmkar insanın otuz illik ilişgisidir və bunu anlamaq çox zövqlüdür.

(Özcan-B.A.)

“Bəyaz qala”nın Farsca tərcüməsinə önsöz

Türkcə oxuyan oxucuları düşünüb yazdığım “Bəyaz qala”ya ən çox maraq Qərbdən gəldi.

Kitab on üç dilə çevrildi. Qərbin Şərqi, Şərqin də Qərbi seyr etməsi qədər, iki insan, iki dost arasındakı dostluğun hekayəsi olan bu kitabın güzgüsünə indiyə qədər türk oxucusundan başqa yalnız Qərbin maraq göstərməsinə kədərlənirdim. İndi farsca oxuyan oxucunun bu kiçik kitabın güzgüsünə baxa biləcəyi məni sevindirir, həyəcanlandırır.

Çünki kiminə görə mədəniyyətləri, kiminə görə də həyatlarımızın kövrəkliyini əks etdirən bu kitab fars oxucusuna uzaq olmayan bir mədəni iqlimdə, İstanbulda yazıldı.

ardı var

Pamukun "Başqa rənglər" kitabından Səadət Akifqızı çevirdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG