Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:55
Politoloq Rasim Musabəyov AzadlıqRadiosuna millət vəkili kimi özünü necə təsəvvür etməsi barədə fikrilərini bölüşür.

- Rasim bəy, Konstitusiya Məhkəməsinin də rəyində bir əyər-əskiklik olmasa, artıq parlamentə gedirsiniz. Hansı əhvalla?

- Hər halda, indi mən hansısa bir eyforik əhval-ruhiyyəyə düşəsi yaşda deyiləm. Amma düşünürəm ki, əvvəl parlamentlə tanışlığa bir qədər vaxt gedəcək, sonra isə işə qoşulmaq lazımdır. Özüm üçün Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsini məqbul sayıram. Sonra da ki, seçicilərin qaldırdığı məsələlərlə bağlı hansısa işlərə başlamaq.

- Özünüzün parlamentdə hansı məsələləri qaldırmaq fikriniz var?

- Düşünmürəm ki, mən gedib orada inqilab edəcəm. Yəni, tək deputatam. Bir partiya, yaxud hansısa bir fraksiyada olsaydım, onda demək olardı ki, Milli Məclisə proqramla gedirəm. Ancaq müəyyən prioritetlər əlbəttə ki, var. İlk növbədə çalışacam ki, öz təcrübəmdən istifadə edib parlamentə Qarabağ məsələsi istiqamətində hansısa dəyişikliklər gətirim. Ancaq başqa məsələlər də var. Deyim ki, Bakıdakı problemlər yalnız bir dairədə cəmləşməyib. Bu problemlər ümumidir və mən çalışacam ki, Bakıdan seçilən deputatlarla əlaqəli şəkildə həmin məsələlərin üzərinə gedək. O ki qaldı, qanunvericiliklə bağlı işlərə, ilk növbədə gərək gündəlikdə hansı məsələlərin olduğunu öyrənəm. Çünki parlament işini sıfırdan başlamır. Amma bununla belə, Sabit Bağırovla üzərində birgə çalışdığımız səmərəli idarəetmə, biznes mühitinin yaxşılaşdırılması, neft gəlirlərinin idarə olunması ilə bağlı layihələr var. O layihələrin də təkliflər paketi var. Avropaya inteqrasiya ilə bağlı fikirlərimiz var. Vətəndaş cəmiyyətinin nümayəndələri ilə birgə müzakirə etdiyimiz təkliflər var. Çalışacam bunların hamısını gündəliyə gətirim.

- İndiyə qədərki deputatlar parlamentdə Qarabağ məsələsinin hətta qapalı iclasda da müzakirəsinə nail ola bilmədilər.

- Düşünmürəm ki, bu müzakirələr hansısa fərdi təkidlər nəticəsində olacaq. Bu, təbii baş verəcək. İndi nizamlama prosesində elə bir mərhələ yetişib ki, istər sülh, istərsə də müharibə (sülh alınmasa) yolu ilə bağlı kifayət qədər məsuliyyətli qərarlar gözlənilə bilər. Azərbaycan prezident respublikası olsa da, istər-istəməz parlamentin bu məsuliyyəti bölməsi üçün müzakirələrə qoşulması vacib olacaq.

HANSISA BİR TƏKLİF İRƏLİ SÜRMƏK İSTƏYİRSƏNSƏ, ÇOXLUĞU ONA İNANDIRMALISAN

- Hakim partiyanın-yəni parlament çoxluğunun kimlərinsə zəruri bildiyi məsələlərin müzakirəsinə imkan verməməsi halları ilə necə davranmalı?


- Dil tapmaq lazımdır çoxluqla. Hansısa bir təklif irəli sürmək istəyirsənsə, çoxluğu ona inandırmağa çalışmalısan. Bir var, kimisə görməməzlikdə, qanmazlıqda ittiham edib sərt cavabla qarşılaşasan. Bir də var əvvəl təklifini fərdi şəkildə kimlərəsə izah edəsən. Məndən asılı olacaqsa, mən lap o təşəbbüs hüququnun da hakim partiyanın üzvlərinə keçməsinə razı olaram. Təki məsələnin həllində irəliləyiş olsun. Ona görə də həllini vacib bildiyim məsələlərin həllinə yönələn təkliflərə hakim partiya təmsilçiləri arasında dəstək tapmağa çalışacam.

- Təsəvvürünüzdə hansısa bir xətt varmı ki, onu keçməməyi, ora qədər danışmağı planlaşdırmısınız?


- Bilirsiniz, onu nəzəri cəhətdən müəyyənləşdirmək qeyri-mümkündür. Düşünürəm ki, sizin bu sualınıza mən 1 il parlament təcrübəsi toplayandan sonra cavab verə biləcəm.

- Amma əqidənizə uyğun olan hansısa məsələni parlamentdə səsləndirməyə nəsə mane ola bilərmi?

- Açığı, parlamentdə nəyisə səsləndirmək və nümayiş etdirmək ki, mən dedim, amma dinləmədilər, bu məni çox az maraqlandırır. Düşünürəm mənim kifayət qədər cəmiyyət qarşısında mövqeyim və yanaşmam mövcuddur. Parlamentdə kiminsə xoşuna gəlməz, sözümü deməyə mane olar, çıxıb fikrimi mətbuat vasitəsilə səsləndirərəm. Söhbət nəyisə deməkdən yox, nəyəsə nail olmaqdan gedir. Bilsəm ki, hansısa bir məsələnin irəli aparılmasından ötrü susmağım vacibdir, bunu etməkdən də qorxmaram.

«XALQ PARLAMENTİ»NİN BAŞ TUTACAĞINA İNANMIRAM

- Respublikanın taleyüklü məsələləri ilə bağlı özünüzü daha çox hansı düşərgənin, fikrin, düşüncənin yanında görürsünüz deputat olaraq?


- Mən tərəqqinin olmasına çalışıram. Amma o da aydındır ki, hakim partiyanın iradəsindən kənarda hansısa müsbət dəyişikliklərə nail olmaq mümkün deyil. Əminəm ki, mühafizəkarlar da, mütərəqqi insanlar da özlərini Azərbaycan vətəndaşı olaraq hiss edirlər və müsbət dəyişikliyə can atmalı, ən azı onun qarşısını almamalıdırlar. Mənim üçün əsas Azərbaycanın müsbət istiqamətdə dəyişməsidir. O ki qaldı bu hansı cərəyandır-sağ, sol, liberal, mühafizəkardır, bunlar ümumi nəzəri xarakter daşıyır. Məsələlərin praktik həllini görmək lazımdır.

- Hansı məsələ var ki, ona getməkdənsə, hətta mandatınızdan imtina edərsiniz?

- Bu, bir az nəzəri sualdır. O məsələ gündəlikdə olmalıdır ki, biləsən nədir və necə hərəkət edəcəksən. Sabah parlamentdə Azərbaycanın müstəqilliyindən imtina edilməsi məsələsi qaldırılarsa, bəli, mən ona səs verəsi deyiləm. Amma düşünmürəm ki, bu cür məsələlər gündəliyə çıxa bilər. Ona görə də konkret məsələlər gündəlikdə olanda, ona münasibət də aydın olur. Yaşım və təcrübəm indi məni məsələlərə daha çox nəzəri deyil, praktik yanaşmağa sövq edir.

- Müxalifətin «ənənəvi» adlandırılan hissəsi bu seçkilərin nəticələrini legitim saymır və «xalq parlamenti» yaradılması bərədə müzakirələr aparır. Belə bir parlament olsa və dəvət edilsəniz, onun da işində iştirak edərsinizmi?

- Xeyr, iştirak etmək niyyətində deyiləm. Əslində, bu cür təşəbbüslər təxminən 15 il öncə də səslənib. Bu, təcrübədən keçib və heç bir nəticə verməyib. Müxalifət yığışıb nəyisə müzakirə etmək istəyirsə, xeyirli olsun. Amma bunun Azərbaycanda hansısa bir paralel xalq təmsilçiliyi orqanının yaradılması ilə nəticələnəcəyinə inanmıram. Bu ehtimal sıfıra bərabərdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG