Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:42

«30 il yığdıq, 30 dəqiqəyə itirdik»


Ümidə boşqabları yurur
Ümidə boşqabları yurur
İyun ayında Qırğızıstanın cənubunda milli zəmində zorakılıqlarda 400 adam öldü, qırğızlarla özbəklərin bir-birləri haqda təsəvvürləri dəyişdi.

Bunları həmin hadisələrdən 5 ay sonra Oşda olan AzadlıqRadiosunun müxbiri Deysi Sindelar yazır.

«EVİMİZƏ OD VURDULAR»

Qırğızıstanın cənubundakı Oş şəhərində müxbirin söhbətləşdiyi adamlar hələ də həmin dəhşətli günləri yaddan çıxartmayıblar. 31 yaşlı özbək qadın Ümidə deyir ki, «əllərində tüfəng, kişilər gəlmişdi. Onlar qırğız idilər. Bizim nəyimiz var idi, hamısını əlimizdən aldılar, sonra evimizə od vurdular». Ümidə özbək məhəlləsində, vaxtilə ikimərtəbəli evdə yaşayırdı.

Qırğızıstanın Oş və Cəlalabad kimi şəhərlərində özbəklərlə qırğızlar əsrlərlə dinc yanaşı yaşamışdılar. Birdən-birə nə oldu?

Ümidə deyir ki, qırğızlar onlara «Çıxın, Özbəkistana gedin» deyirdilər: «Ancaq biz hara gedək? Biz burda doğulmuşuq».

SİYASƏT? NARKOTİK?

İyunda nə baş verdi?

Maraqlıdır ki, indiyəcən bunun tam izahı verilməyib. Bəziləri deyir ki, cənubda baş verənlər paytaxt Bişkekdə prezident Kurmanbek Bakiyevin devrilməsinə cavab idi.

Başqa izah odur ki, burdan narkotik dəhlizi keçir. Səbəbi bunda axtarmaq lazımdır.

Ziyagül Toçubekova
İstənilən halda, yanmış binalar, kafelər, dükanlar indiyə kimi qalır. Ümidə və onun böyük ailəsi qışı çadırda və qızdırılmayan iki otaqda keçirəcək. Onlar bu iki otaqlı evi BMT-nin Qaçqınlara Yardım Agentliyinin köməyi ilə tikirlər.

«ÖZBƏKLƏR HAMIDAN VARLI İDİLƏR»

Oşda məşhur Süleyman təpəsinin o tayında yaşayan qırğızların söylədiyi əhvalatlar da özbəklərin dediklərinə oxşardır.

50 yaşlı Ziyagül Toçubekova həmin vaxt Bişkekə gedibmiş, geri qayıdanda görüb ki, evi dağıdılıb, uşaqları qaçıb, polis məntəqəsində gizlənib:

«Evimi görəndə şoka düşdüm. Gecə-gündüz işlədik, 30 il pul yığdıq, 30 dəqiqəyə hamısını itirdik. Bizim heç nəyimiz qalmadı». O deyir ki, evini dağıdan özbəklər olub.

Hökumət Toçubekovlar ailəsinə 2500 dollar məbləğində pul verib ki, evini bərpa etsin. Ailə hazırda şəraitsiz bir mənzildə yaşayır.

Toçubekova deyir ki, indi işləyib, pul qazana bilmir. O, paltar yumaqla pul qazanırdı, hücumda paltaryuyan maşını sındırılıb.

Toçubekova baş verənlərin başqa versiyasını danışır: «Söz-söhbət var ki, bütün bunları özbəklər başladı. Mən bu fikirlə razıyam. Burda ən varlı adamlar özbəklərdir. Onları heç nə ilə razı salmaq olmur. Onlar gərək sakit yaşayaydılar».

23 ATƏŞ AÇILAN

Qonşuluqda isə qırğızların qəhrəmanına çevrilən 48 yaşlı İriskul Amanov yaşayır. Özbək məhəlləsində 3 qırğız gənc girov saxlananda o, bir qrup qırğızla hücum çəkərək girovları azad edib.

İriskul Amanov və oğlu Avazbek Amanov
Ancaq hücum zamanı ona ov tüfənglərindən 23 atəş açılıb. Xəstəxanada uzun və bahalı müalicədən sonra o hələ də özünə gəlməyib. Onun oğlu 19 yaşlı Avazbek həm hökumətdən, həm də atasına atəş açanlardan yanıqlıdır:

«Biz heç kimdən heç bir maliyyə köməyi almamışıq. Heç kimdən - nə hökumətdən, nə müvəqqəti hökumətdən, nə də hər hansı bir şirkətdən, təşkilatdan. Bizə bir qəpik də pul verən olmayıb. Bizə bir az ərzaq veriblər, bir az düyü. Bir şirkət də bizə əlil arabası verib. Bizə bir az da müalicə ilə bağlı kömək göstərilib. Vəssalam. Bundan artıq heç nə görməmişik».

«GƏRƏK QƏZƏBİ BOĞAQ, QABAĞA BAXAQ»

AzadlıqRadiosunun müxbiri Deysi Sindelar Oşun mərkəzi məscidinin yanındakı məhəllədə bir qrup özbək işçinin plov yediyini görüb, onlara yaxınlaşıb.

İşçilərin başçısı - 53 yaşlı Miralim Mirusmanov deyir ki, onun evi iyunda yanıb kül oldu:

«Orda 7 otaq vardı. Hamısı müasir mebelli. Evin qazı, istiliyi, hər şeyi vardı. Hətta mətbəx ayrı idi. Hamam ayrı. 7 adam yaşayırdı - iki ailə idik».

İndi o, dostlarının köməyi ilə özünə iki otaqlı ev tikir. Tikinti materialını BMT verib.
Mirusmanov deyir ki, indi Oşda yaşayanların hamısı keçmişdəki qəzəbini boğub, gələcəyə baxmalıdır:

«Mən hətta o faciəvi günlərdə nə baş verdiyini heç xatırlamaq istəmirəm. İndi hər şey yaxşılığa doğru gedir. Vəziyyət sabitdir. İndi əsas iş evləri tikməkdir. İki otaq, əlbəttə, azdır. Ancaq nə edəsən? Qarşıdan qış gəlir. Gərək heç olmasa, bu iki otağı tikib, qurtaraq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG