Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:48
Noyabrın 22-də Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın Xarici İşlər nazirləri görüşərək Dağlıq Qarabağ sülh danışıqlarının gedişini müzakirə ediblər.

Nazirlər bir ay əvvəl öz prezidentlərindən aldıqları tapşırığın icrasına çalışırlar. Oktyabrın 27-də Həştərxanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşündən sonra prezident Medvedev demişdi ki, xarici işlər nazirlərinə ATƏT-in Astana sammitinə münaqişənin həlli ilə bağlı baza prinsiplərinin razılaşdırılmış variantını təqdim etməyi tapşırıblar.

Həmin sammitin başlanmasına isə çox az qalır, ATƏT ölkələri liderlərinin görüşü dekabrın 1-2-də olacaq. Amma hələlik razılaşdırılmış hər hansı sənəd haqqında məlumat yoxdur. Nazirlər sammitdən bir neçə gün əvvəl – noyabrın 27-də təzədən görüşmək qərarı ilə Moskvadan ayrılıblar.

NEQATİV ƏHVAL

Beynəlxalq Böhran Qrupunun Avropa proqramları üzrə direktoru Sabin Freyzer hesab edir ki, indiki şəraitdə Azərbaycan və Ermənistan prezidentləri hər hansı ciddi razılaşmaya hazır görünmürlər. Bu baxımdan xanım Freyzer Astana sammitinə o qədər də ümidli deyil:

- Mənim belə deməyimin səbəbi həm Azərbaycan, həm də Ermənistanda hazırda bir-birinə qarşı çox neqativ əhvaldır. İndiki şəraitdə, hətta, prezidentlərin bir-birini müharibə ilə hədələdikləri bir şəraitdə onların hər hansı razılaşmanı imzalamaları olduqca çətindir.

Xanım Freyzer bildirir ki, münaqişənin həlli sahəsində razılaşmanın mümkün qədər tez imzalanması Azərbaycan üçün olduqca önəmlidir. Çünki bununla işğal altında olan ərazilərin də azad edilməsi prosesi başlaya bilər.

Bu Ermənistana da son dərəcə faydalıdır, bununla hər an müharibə ilə üzləşmək təhlükəsi heç olmasa azala bilər.

BELƏ ÇIXIŞLAR SÜLH DANIŞIQLARI İLƏ RAZILIĞIN ƏLDƏ EDİLMƏSİ RUHUNA ZİDDİR

Amma Sabin Freyzer deyir ki, belə bir razılaşmanın əldə edilməsi üçün görülməli olan birinci iş münbit şəraitin yaradılması, prezidentlərin təhdid çıxışlarına son qoyulmasıdır:

- Hər iki prezident getdikcə bir-birinə qarşı daha sərt dillə danışırlar. Cənab Sarkisyanın ötən həftələrdə işğal olunmuş ərazilərdə verdiyi bəyanatlar çox böyük narahatlıq doğurur. Azərbaycan prezidentinin də belə çıxışları var. Bu aydındır ki, belə çıxışlar sülh danışıqları ilə razılığın əldə edilməsi ruhuna ziddir. Bu, həm də uzun müddətdən bəri üzərində iş gedən Madrid prinsipləri çərçivəsində sülh razılaşması əldə edilməsində iki ölkənin təkbaşına bir nəticə əldə etmələri imkanını azaldır.

Prezident İlham Əliyev hər fürsətdə bildirir ki, sülh danışıqları nəticə verməsə, Azərbaycan öz ərazi bütövlüyünü müharibə yolu ilə bərpa edə bilər. Serj Sarkisyan isə noyabrın əvvəlində eyni müharibə hədələrini Azərbaycan torpaqlarında – işğal altında olan Ağdam rayonunda səsləndirib. Noyabrın 12-də keçirilən həmin hərbi təlimdə Ermənistan prezidenti bildirib ki, onların nöbəti sərbələri “dağıdıcı və həlledici” ola bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG