Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:02

Müxalifətin «xalq parlamenti» ideyası


7 noyabr parlament seçkisinin nəticələrini tanımayan namizədlərin ümumrespublika forumu
7 noyabr parlament seçkisinin nəticələrini tanımayan namizədlərin ümumrespublika forumu
- Hakimiyyətin təşəbbüsü ilə cəmiyyət iki yerə bölünüb. Hakimiyyət, onu müdafiə edənlər və bu hakimiyyətin qəbul etdiyi qüvvələr, digəri isə xalq və bizlərik. Bu gün bura toplaşmaqda məqsədimiz birgə bəyanatla bu seçkilərin nəticələrini qəbul etmədiyimizi, saxta seçkilər nəticəsində seçilmiş parlamenti legitim hesab etmədiyimizi və ciddi dəyişikliklər etmək şərti ilə yeni, azad, ədalətli seçkilər keçirmək tələbimizi təsdiq etməkdir.

RƏMZİ QANUNLAR QƏBUL OLUNSUN

Bu fikirlər Müsavat partiyasının başqanı İsa Qəmbərə məxsusdur. Noyabrın 23-də partiyanın mərkəzi qərargahında 7 noyabr parlament seçkisinin nəticələrini tanımayan namizədlərin ümumrespublika forumu keçirilib.

“AXCP-Müsavat” seçki blokunun təşəbbüsü ilə keçirilən forumda Milli İstiqlal, Klassik Xalq Cəbhəsi, Azadlıq, Demokratik Azərbaycan Dünyası, Azərbaycan Xalq partiyalarının təmsilçiləri və müstəqil namizədlər iştirak ediblər. Forumda parlament seçkiləri, sekçidən sonrakı vəziyyət, saxtalaşdırılmış seçki nəticələrinin ləğv olunması məsələləri müzakirə edilib.

Tədbirdə 100-dən çox namizəd birgə bəyanat imzalayıblar
Tədbirdə 100-dən çox namizəd birgə bəyanat imzalayıblar. Sənəddə seçkilərin nəticələrinin ləğvi, azad və ədalətli seçkilər keçirmək üçün demokratik islahatların aparılması, seçki qanunvericiliyinin təkmilləşdirilməsi və yeni seçkilərin keçirilməsi tələb olunur.

Forumda həmçinin Milli Məclisə alternativ qurumun – xalq parlamentinin yaradılması təklifi səsləndirildi. Deputatlığa namizəd Pənah Hüseyn bildirdi ki, belə bir parlament yaratmaqda məqsəd rəmzi qanunların və ölkənin aktual problemlərinə dair qərarların qəbuludur.

KİMDİR ONLARIN DALINCA GEDƏN?

Hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bir neçə müxalif partiyanın və bir qrup müstəqil namizədin bir araya gələrək birgə bəyanat imzalamasını və onların xalq parlamenti yaratmaq ideyasını avantüra hesab edir:

Fəzail Ağamalı
- Nə xalq parlamenti? Bunların hamısı boş-boş şeylərdir. Parlament xalq tərəfindən seçilib, mənasız ideyaları ortalığa gətirməsinlər. Kimdir onların dalınca gedən? Onların dalınca gedən olsaydı, elə lazımi formada, lazımi şəkildə səslərini toplardılar.

GİZLƏNPAÇ OYUNU

Müstəqil siyasi şərhçi Azər Rəşidoğlu da hesab edir ki, kifayət qədər maliyyə və insan resursları, beynəlxalq dəstəyi olmayan bugünkü müxalifətin parlamentə alternativ ciddi qurum yaratması qeyri-mümkün görünür.

A.Rəşidoğlu deyir ki, müxalifətin birgə imzaladığı bəyanatlarla da avtoritar rejimdə hər hansı müsbət dəyişikliyə nail olunacağına inanmaq sadəlöhvlükdür. Siyasi şərhçinin fikrincə, indiki mərhələdə müxalifətin atmalı olduğu addım 2013-cü il prezident seçkisinə vahid liderlə hazırlaşmaqdır:

Azər Rəşidoğlu
- Prezident seçkilərinə artıq bugündən lider bəlli olmalıdır və həmin lider hansı yollarla beynəlxalq aləmin, iş adamlarının, yeni gənc nəslin, cəmiyyətin dəstəyini özünə cəlb edərək qələbəni reallaşdıra biləcək – hamı bunun ətrafında birləşməlidir. Yoxsa bu, gizlənpaç oyunundan başqa bir şey deyil və növbəti uğursuzluğa rəvac verir.

KONSTİTUSİYA MƏHKƏMƏSİNƏ SEÇKİ ŞİKAYƏTİ


Müxalif partiyalar və əksər müstəqil ekspertlər əksini iddia etsələr də, Mərkəzi Seçki Komissiyası 7 noyabr parlament seçkisinin azad və ədalətli keçirildiyini bəyan edib. MSK sədri Məzahir Pənahov:

- Azərbaycandakı seçkilər çox yüksək səviyyədə təşkil olunub və keçirilib.

MSK seçkinin ümumi yekunlarına dair protokolu səs çoxluğu ilə təsdiqləyərək Konstitusiya Məhkəməsinə göndərib. Konstitusiya Məhkəməsinin bununla bağlı müzakirəsi noyabrın 26-da olacaq.

Müxalifətin forumunda isə təklif səsləndirilib ki, onlar da seçkinin nəticəsindən Konstitusiya Məhkəməsinə şikayət etsinlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG