Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:03

Naxçıvanda çörəklə imtahan....


Məmmədqulu Əliyev
Müsavat Partiyası Şahbuz rayon təşkilatının sədri Məmmədqulu Əliyev noyabr ayının 22-dən aclıq aksiyasına başlayıb.

Bu haqda AzadlıqRadiosuna onun özü məlumat verib. Məmmədqulu Əliyev bu addımı oğlu Hafiz Əliyevin və özünün işdən çıxarılmasına etiraz olaraq atdığını bildirir. Təşkilat sədri oğlunun və özünün işdən çıxarılmasını müxalif fikirli olmasıyla bağlayır:

«BUNLARIN MƏQSƏDİ MƏNİ VƏ AİLƏMİ ÇÖRƏKLƏ İMTAHANA ÇƏKMƏKDİ...»

«Seçkidən bir gün sonra oğlum Hafiz Əliyevi müəllimlikdən azad ediblər. Noyabr ayının 10-dan da məni dərsə buraxmırlar. Səbəbi isə mənim müsavatçı olmağım, digər oğlum Əliyev Ceyhunun seçkilərdə müstəqil müşahidəçi kimi iştirak etməsidir. İki ildən artıqdır ki, təzyiq altındayıq. Təhsil şöbəsinin müdiri deyir ki, mənlik deyil. İcra hakiminə xəbər göndərmişəm. Məmurlar bir-birinin üstünə atırlar. Hara müraciət edəcəyimi bilmirəm. Bizi süründürürlər, bizə əzab-əziyyət verirlər. Bunların məqsədi məni və ailəmi çörəklə imtahana çəkməkdi. Heç orta əsrlərdə də bu metoddan istifadə etməyiblər. Bunu Allah da qəbul etməz. Nə yerə sığar, nə göyə».

Məmmədqulu Əliyev aclıq aksiyasına başlamasını başqa çarəsi qalmadığı ilə izah edir:

«Hüquqlarım bərpa olunana qədər bütün vasitələrdən istifadə edəcəyəm».

Məsələyə münasibət öyrənmək üçün Şahbuz rayon təhsil şöbəsinin müdiri Tarverdi Qurbanovla telefon əlaqəsi saxladıq. Suallarımızı dinləyən şöbə müdiri AzadlıqRadiosuna cavab verə bilməyəcəyini bildirdi.

Naxçıvan
Şahbuz rayon İcra Hakimiyyətindən də eyni cavabı aldıq.

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəsi Həsən Hacıyev isə baş verənləri müxalifətçiliklə və seçkilərlə bağlamağı düzgün hesab etmir:

«NAXÇIVANDA BƏYƏM MÜSAVATÇI AZDI?...»


«Gedib səhv eləyirlər, başqa xoşagəlməz hadisələr törədirlər sonra bunu seçkilərlə bağlayırlar. Naxçıvanda bəyəm müsavatçı azdı? Neyləyirlər onlara? Kim sakit aparır özünü nə deyirlər ona. Seçkilərdən də sonra kim özünü yaxşı aparmasa, qanun qarşısında cavab verməlidir».

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı isə seçkidən sonra müxalifətçilərə təzyiqlərlə bağlı onlara da şikayət gəldiyini deyir :

«Ölkədə insanlara göstərmək istəyirlər ki, gələn seçkilərdə ictimai fəallıq göstərsəniz, sizi də eyni aqibət gözləyir. İstənilən halda, həmin adam məhkəməyə müraciət etməlidir. Seçki dövründə ictimai fəallıq edənlərə xüsusi cəza üsulları tətbiq edilir. Bunlardan biri də işdənçıxarılma və hədə-qorxu gəlib həbs etməkdi».

Məmmədqulu Əliyev isə hələ ki, Bakıya gəlib səfirlik və beynəlxalq təşkilatlara müraciət etmək fikrində olduğunu bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG