Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:51
Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin şikayəti üzrə məhkəmə baxışı davam edir. Noyabrın 22-də məhkəmə baxışı saat 11.00-a təyin edilsə də, proses bir saatdan artıq gecikmə ilə başladı. Eynulla Fətullayev hazırlıq iclaslarında vəkillərinin yanında oturdulurdu, ancaq bu dəfə o, yenə dəmir barmaqlıqlar arasında idi.

“MƏNİ GİROV MÜQABİLİNDƏ AZAD EDİN”

Vəkil Elçin Sadıqov vəsatət vermək istədi ki, məhbus-jurnalist dəmir barmaqlıqlardan kənarda oturdulsun. Lakin Eynulla Fətullayev etirazını bildirdi:

Eynulla Fətullayev:

- Elçin müəllim, ehtiyac yoxdur. Düşünürəm ki, belə teatral tamaşalara artıq son qoyulmalıdır.

Bununla da məhbus-jurnalist məhkəmə iclasının sonuna kimi dəmir barmaqlıqlar arasında qalmalı oldu.

Hakim Eynulla Fətullayevin girov müqabilində azad edilməsi ilə bağlı onun vəkili Elçin Sadıqovun vəsatətindən danışdı və vəsatətə Eynulla Fətullayevin münasibətini öyrəndi:

- Noyabrın 11-də Ali Məhkəmənin Plenumu mənə əvvəlki işlərə görə bəraət verib.
Sizə bu barədə rəsmi məlumat verilib-verilməməsindən xəbərim yoxdur. Yəqin mətbuatdan bilirsiz.

- Bizə məlumat verilməyib.

“NİYƏ MƏNƏ QARŞI BELƏ AQRESSİVSİZ”


- Bilin ki, Ali Məhkəmənin Plenumunda mənə bəraət verilib. Məni bu gün həbsdə saxlayan yalnız sizin 5 noyabr tarixli qanunsuz qərarınızdır. Ali Məhkəmənin Plenum qərarında mənə verilmiş vergi ittihamı ilə bağlı hissədə cəza müddəti maksimum 6 ay göstərilsə də, nədənsə bu müddəti 2 il 3 ay hesablayıb. Buna baxmayaraq, Qaradağ rayon Məhkəməsi tərəfindən narkotik ittihamı üzrə mənə verilmiş 2 il 6 aylıq müddətin böyük hissəsini – 1 il 5 ayını çəkmişəm. Mənə verilən narkotik ittihamı ictimai təhlükəli olmayan, az ağır cinayət sayılır.

Hakim qəflətən üzünü jurnalistlərə tutdu və onlara dəftər-qələmlə qeyd aparmalarını irad tutdu:

- Siz məndən icazə almısınız ki, yazırsız?

Eynulla Fətullayev:

- Onlar diktafonla yazmırlar, şəkil də çəkmirlər. Qələmlə yazmaq nə vaxtdan yasaq olub? Siz söz azadlığına müdaxilə edirsiniz. Siz danışdığım yerdə mənim sözümü niyə kəsirsiniz?

Hakim:

- Mən sənin sözünü kəsə də bilərəm.

Eynulla Fətullayev:

- Əvvəla, sənin yox, sizin. Buna ixtiyarınız yoxdur. O halda ixtiyarınız olardı ki, mən vəsatətdən kənar danışım. Siz niyə mənə qarşı belə aqressivsiniz?

Hakim:

- Aqressiv deyiləm.

Eynulla Fətullayev:

11 ƏVƏZİNƏ 111 MİN DƏ KEÇMƏDİ

Elçin Sadıqov
- Mən girov müqabilində məhkəmənin sonuna qədər azad olunmağımı istəyirəm. 11 min manat deyil? Bu məbləği dostlardan xahiş edərik depozitə köçürərlər. Yeri gəlsə 111 min köçürərlər. Pul istəmirsinizsə atam evi girov qoymağa razıdır. Dövlət ittihamçısı məni nədə ittiham edib? İki siqaret çəkməliydim, mən isə üçünü çəkmişəm. Günahım bundan ibarətdir bu ittihamla. Elə deyil? Kiminsə həyatına qəsd etməmişəm ki? İctimai təhlükəli insan da deyiləm. Həbsimin sonuna bir il bir ay qalıb. Buna rəğmən həbsdə olmağımın məntiqini anlamıram. Strasburq məhkəməsi mənim azadlığa buraxılmağımı tələb edib. Hesab edirəm ki, siz beynəlxalq təşkilatların müraciətlərini nəzərə alıb, həmçinin də Avropa Məhkəməsinin və Ali Məhkəmənin qərarlarını nəzərə alıb mənim apelyasiya şikayətinin sonuna qədər azad olunmağıma şərait yaradacaqsınız. Biz bu vəsatətlə çıxış edirik. Əgər bu vəsatətim qəbul olunmasa biz bir vəsatət də təqdim edəcəyik. Birincisi, girov müqabilində məni apelyasiya məhkəməsinin sonuna qədər azadlığa buraxasınız. Əgər vəsatət təmin olunmasa, xahiş edirəm bunun səbəbini açıqlayasınız, izah verəsiniz.

“MƏN MÜTLƏQ BALANDA YEMƏLİYƏM”

Hakim vəsatətlə bağlı prokuror Məhərrəm Mustafayevin fikrini öyrəndi. Prokuror dedi ki, nə məhkəmənin, nə də dövlət ittihamçısının məhbus jurnalistlə qərəzi yoxdur. O ki aldı vəsatətə, hakimdən xahiş etdi ki, təmin olunmasın:

Prokuror:


- Siz hazırkı məhkəmənin ilkin qərarından şikayət vermisiniz. Buna hüququnuz var. Ancaq mən təklif edirəm ki, vəsatətə həmin şikayətə baxılandan sonra baxılsın. Vəsatət baxılmamış saxlanılsın.

Eynulla Fətullayev:


- Siz ilkin baxışla bağlı verdiyiniz qərarın sonunda demişdiniz ki, Ali Məhkəməyə kassasiya şikayəti verə bilərik. Mən də bununla bağlı vəsatət vermişdim, xahiş etmişdim ki, kassasiya şikayəti vermək üçün bizə bir ay vaxt verin. Siz prosesi bu günə təyin etmisinizsə deməli xahişi qəbul etməmisiniz.

Hakim:


- Məhkəməyə hazırlıq iclasının qərarınndan şikayət verilməsi barədə yazılı məlumat verilməyib.

JURNALİST YENƏ HƏBSDƏ QALDI

Hakimlər məhbus-jurnalistin girov müqabilində azadlığa buraxılması ilə bağlı vəsatətini müzakirə etmək üçün müşavirə otağına getdilər. Məhkəmə salonuna qayıdarkən hakimin elan etdiyi qərardan bəlli oldu ki, vəsatət təmin olunmayıb. Eynulla Fətullayev hakimdən qərarı əsaslandırmasını xahiş etsə də, Mirpaşa Hüseynov buna məhəl qoymadı. Eynulla Fətullayevin qərara münasibəti belə oldu:

- Siz bu qərarınızla 111 manatı yandırdınız. Bu məbləğin müqabilində azadlığa buraxmırsınızsa, heç olmasa ev dustaqlığı ilə bağlı vəsatətimizi təmin edin. Mən evimin qarşısında MTN, DİN əməkdaşlarının dayanmasına da razıyam. Telefonumu da 24 saat açıq qoymağa hazıram. Bütün yoxlanış zənglərinə də cavab verəcəyimə söz verirəm. Məni məhkəmənin sonuna kimi azad edin. Evimdə oturub marmeladla çay içmək istəyirəm. Həbs olunarkən mənim şəxsiyyət vəsiqəmi və xarici pasportumu alıb işə tikiblər. Heç bir sənədim də yoxdur. Heç yerə gedə bilmərəm. Sizin üçün mənim harda olmağımın fərqi var? Evdə qalıram, yoxsa Kürdəxanıda. Axı nəyə görə mən mütləq istintaq təcridxanasında balanda yeməliyəm, Mən də istəyirəm evdə oturub marmeladla çay içəm. Axı niyə mən mütləq həbsdə qalmalıyam?

Vəsatəti müzakirə etmək üçün müşavirə otağına yollanan hakimlər bu vəsatəti də təmin etmədilər. Hakim Mirpaşa Hüseynov əvvəlki qərarda olduğu kimi, bu dəfə də çıxardığı qərarını əsaslandırmadı.

Vəsatətlər bitəndən sonra vəkil Elçin Sadıqov hakimə noyabrın 5-də çıxarılmış həbs qərarından şikayəti təqdim etdi və bildirdi ki, bu şikayət Ali Məhkəməyə göndərilib. Hakim dedi ki, Ali Məhkəmə kassasiya şikayətinə baxıb bitirməyincə apelyasiya instansiyasında məhkəmə baxışı davam edə bilməz. Ona görə də hakim məhkəmə baxışını qeyri-müəyyən vaxtadək təxirə saldı.

Şərhləri göstər

XS
SM
MD
LG