Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:16

Məzahir Pənahov: «Burda qəbahətli nə var ki?»


Məzahir Pənahov MSK-nın iclasında - 22 noyabr 2010
Məzahir Pənahov MSK-nın iclasında - 22 noyabr 2010
“Hesab edirəm ki, biz mövqeyimizi ortalığa qoyub deməliyik ki, Azərbaycandakı seçkilər çox yüksək səviyyədə təşkil olunmuşdu və çox normal səviyyədə də keçirilib”.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu fikirləri noyabrın 22-də parlament seçkiləri ilə bağlı yekun protokolların imzalanması zamanı səsləndirib.

BİR NƏFƏR 17 NƏFƏRƏ QARŞI...


Protokolu MSK-nın 18 üzvündən 17-si imzalayıb. Komissiyanın Müsavat Partiyasından olan üzvü Gülağa Aslanlı sənədin əleyhinə olub. “Ümid” Partiyasının nümayəndəsi Akif Qurbanlı isə iclasda bitərəf qaldığını bildirsə də, iclas bitəndən sonra sənədə imza atıb. Bu barədə AzadlıqRadiosuna MSK-nın mətbuat xidmətindən məlumat verilib.

“Ümid” və Müsavat partiyalarından olan nümayəndələrin seçkiyə tənqidi münasibətlərindən başqa komissiyanın digər üzvləri müzakirələrdə yalnız müsbət fikirlər səsləndiriblər.

“BURDA QƏBAHƏTLİ NƏ VAR Kİ?”

Yekun protokolların imzalanması
MSK sədri Məzahir Pənahov 2 milyon 400 min nəfərdən çox seçicinin səs verdiyi bir yerdə pozuntuların olmasını “təbii hal” adlandırıb:

“Təbiidir ki, bu proseslər içərisində, bəlkə də elə Seçki Məcəlləsinin tələblərinə uyğun olmayan addımlar atılıb. Təbiidir ki, bunların bəziləri bilərəkdən olmayıb, amma bəziləri də elə bilərəkdən olub. Burda qəbahətli nə var ki, bu, bütün dünyada baş verən bir prosesdir”.

Məzahir Pənahov beynəlxalq qurumların seçkiyə münasibətindən də razılıq ifadə edib:

ÇOX BÖYÜK, ALİ QİYMƏT

“Avropa Şurası və ATƏT-in Parlament Assambleyasının nümayəndələri seçki günü gördüklərini səhəri gün obyektiv şəkildə ölkə ictimaiyyətinə çatdırıblar. Əgər onlar deyiblərsə ki, 5 mindən çox məntəqənin 90 faizində seçkilər bütün tələblərə cavab verən səviyyədə keçirilib, bu çox böyük, ali bir qiymətdir. Biz necə deyə bilərik ki, ATƏT-in Parlament Assambleyası Azərbaycana hansısa onun layiq olmadığı münasibəti bildirib”.

Əslində, ATƏT-in Müşahidə Missiyasının rəyindən MSK sədrinin gətirdiyi sitatda söhbət heç də 5 mindən çox məntəqədə yox, yalnız onların müşahidə apardığı məntəqələrdən gedir.

“İRƏLİYƏ DOĞRU BİR ADDIM ATILMASI” İFADƏSİNƏ RAST GƏLİNMƏMƏSİ SEÇKİYƏ ƏN YAXŞI QİYMƏTDİR”

Gülağa Aslanlı
Məzahir Pənahovdan fərqli olaraq, MSK-nın Müsavat Partiyasından olan üzvü Gülağa Aslanlı isə bu dəfə Azərbaycanda seçki mühitinin olmadığını bildirdi. Onun sözlərinə görə, ötən seçkilərdən fərqli olaraq budəfəki beynəlxalq rəylərdə “irəliyə doğru bir addım atılması” ifadəsinə rast gəlinməməsi Azərbaycanda keçirilən parlament seçkilərinə verilən ən yaxşı qiymətdir:

“Bu il nə ATƏT-in, nə də ABŞ Dövlət Departamentinin rəyində həmin cümlə yoxdur, demokratiya istiqamətində irəliyə doğru bir addım belə olmadığını göstərirlər. ABŞ-ı özümüzə müttəfiq hesab edirik, Avropaya inteqrasiyadan danışırıq, amma Avropanın seçkiyə rəy vern qurumunun rəyini saya salmırıq, deyirik ki, onlar kiminsə təsiri altında belə bir rəy verib”.

“57 DAİRƏDƏ NƏTİCƏLƏRİN LƏĞVİ İSTƏNİLİRDİ, AMMA...”

MSK sədri 20 dairə üzrə 46 məntəqədə nəticələrin ləğv olunduğunu bildirsə də, Gülağa Aslanlıya görə, Komissiyaya edilən müraciətlərdə ümümən 57 dairədə nəticələrin ləğv olunması istənilib.

Gülağa Aslanlı iddia edir ki, hər şey Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin televiziyadakı məlum çıxışından sonra dəyişib. Həmin çıxışda R.Mehdiyev Azərbaycanda seçkini izləyən bəzi avropalı müşahidəçilərin fikirlərinin subyektiv və müəyyən qədər də tapşırıqlara əsaslandığını bildirmişdi.

Məzahir Pənahov isə seçkilərin siyasi plüralizm baxımından da nümunəvi olduğunu bildirib. O, 11 siyasi partiyanın parlamentdə təmsil olunmasını buna ən yaxşı nümunə adlandırıb.

“BU SEÇKİYƏ DEMOKRATİK GÖRÜNTÜ VERMƏK MÜMKÜN DEYİL”

Fuad Qəhrəmanlı
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə bildirir ki, MSK rəhbərinin və hakimiyyət rəsmilərinin nə deməsindən asılı olmayaraq, bu seçkiyə demokratik görüntü vermək mümkün deyil

ATƏT-in Müşahidə Missiyasının ilkin rəyində isə noyabrın 7-də keçirilən parlament seçkilərinin beynəlxalq standartlara cavab vermədiyi açıqca əks edilmişdi. ABŞ Dövlət Departamenti isə Azərbaycan hökumətini seçkidə saxtakarlığa yol verən şəxsləri məsuliyyətə cəlb etməyə çağırırdı.

Qanunvericiliyə görə, seçkinin nəticələrinə dair yekun protokol imzalanandan sonra 48 saat ərzində Konstitusiya Məhkəməsinə göndərilməlidir. Konstitusiya Məhkəməsi isə 10 gün ərzində protokola baxıb qərarını verməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG