Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:39
Yazıçı Əsəd Qaraqaplanın yeni çapdan çıxan "XİLASroMAN"ından bir parça


MƏNİM VƏHDƏTİM

Yaşantının qəribə halından biri də başqalarının keçirdiyi halı öz halın kimi keçirib yaşamaq, onların taleyini öz taleyin kimi dəyərləndirib yola üz qoymaqdadı.

O qəribə gecədən sonra Meni görmək mənə bir daha nəsib olmasa da, zamanın məhz o gecədə, o anda durub dayandığını, hətta o gecədən geriyə doğru yol alıb getdiyini, bir kino lenti kimi hər şeyin əvvələ qayıtmağa başladığının fərqindəyəm.

O gecənin mənə bəxş elədiyi ağır mənəvi zərbələr, bir insanın öz taleyiylə belə, qarşılaşa biləcəyi səhnələr məni yerimdən oynadıb, ürəyimi riqqətə gətirib, gələcəyin geridə olduğunu vurduğu zərbələrlə anlatması məni zamanın durub dayandığı yerə aparıb çıxardır, ondan sonrakı yaşadığım zamanı gözümdə heçə endirir.

Bax mən indi, demək olar ki, hər şeyi olduğu halda hər şeyini itirən adam kimiyəm.

Kirayə otağımın üstümə gələn divarları, iş yerimin soyuq oturacaqları, sevgilimin soyuq baxışları, dostumun kinayəli sözləri indi mənə daha çox yer elədikcə, təkliyimi daha çox anlayır, xəyalən də olsa taleyimi, – qaraçuxamı mənim qarşıma çıxardıb bu sözləri mənə təkrar-təkrar söylətməyə məcbur edir:

– Yaradana sənin əməllərin yox, niyyətin əzizdi.

Açıb sizə söyləyəcəyim hər sirrimdə varlığımın, ruhumun bir az daha gizlənəcəyini, özünə qapılacağını duysam da, dostum demiş, göz görəsi məğlubiyyətə addımlamağım qələbəmin tək yolu olduğunu anlamaq, öz halımın etiraz forması kimi üzə çıxan qaçıb gizlənmək istəyi məni yaşadan tək nədən olduğunda daha güclü olacağım göz önündə.

Men bəlkə mənim kimi öz yaşadıqlarını dilə gətirmək, yazmaq gücündə deyildi, ama o sözsüz hərəkətlərdəki çılğınlıq, etiraz məni dəhşətə gətirir.
İndi mənim ailəm də, sevgilim də, dostum da, iş yerim də, qalmağa kirayə otağım da var.

Hər şeyi təzəcə əldə etdiyimi düşündüyüm o qəribə gecəyədək hər şeyin necə gözəl saxtakarlıqla örtülmüş olduğunu duyarkən, yenidən əldə etdiklərimi itirib, birdən-birə sıfıra, yəni özümdən də o yana öz içimdəki dərin uçuruma necə yuvarlanıb düşdüyümü öz gözlərimlə gördüm.

Yuvarlanıb bu dərinliyə düşdükcə hər şeyə birər-birər toxunub arxada qoyur, acımadan hər şeydən uzaqlaşır, get-gedə heç nəyə və heç kəsə ehtiyac duymadığım bu dərinlikdə bir az daha kim olduğumu anlayır, gözü yaşlı gördüyüm hər şey məndə qəzəb oyatmağa başladı.

Bu uçurumun divarları gözlədiyimin əksinə daha yumuşaq, daha adamı özünə çəkən və havası dərinliyin dibinə düşməyə adamda daha çox həvəs yaradırdı.

Düşə-düşə arxada qoyduğum hər kəs kimi olduğuma daha çox şübhə edir, bir zamanlar bu qədər həyatı necə belə yaşaya bildiyimə təccüblənir, son mənzilə çatıb hər şeyi unutmağa daha çox istək duyurdum.

Uçurumların sonsuz qaranlıq olduğunu anladan insanlara indi acıyır, düşdükcə gözlərimə düşən gur işıqdan bugünə qədər mənə bəlli olan yolumu – izimi itirir, yolsuzluğun – izsizliyin ləzzətini duyur, düşdükcə qaranlıqları arxada qoyduğuma sevinirdim.

Gözlə görünən hər şeydə və hər kəsdə bir qaranlıq var.

İndiki halımın ölümə bənzəməsi də, məni əvvəlki ölüm qorxusu kimi basqı altına almır, daha çox ölümün ətrafımdakı insanların uydurduğu bir şey olduğuna inandırır, onların ətrafında yaşamağımın, hətta ölümə daha çox bənzədiyini gözümə soxurdu.

Əsl özgürlük insanın öz içindəki dərinliyə yuvarlanıb, ölüm qorxusunu itirdiyi an başlıyır.

Yumuşaq divarlarına toxuna bilməyib, daha geniş, daha işıqlı alanda irəlilədikcə, qollarımı geniş açıb bunun uçuruma yuvarlanmaq, yoxsa göyüzünə qanadlanmaq olduğunun da fərqini itirirdim.

içinə yuvarlandığım uçrumların dibi işıq
dibi geniş
özgürlüyü bəlirləyən itən ölüm qorxusu
gözlə görünən hər şeydəki bir qaranlıq
və düşdüyüm bu alanın sonsuzluğu..
mən hara – dünya hara..

Gedəcəyim son məkanın bəlli olmaması məni daha çox ümidləndirir, düşəcəyim son məkanı özləmədən qaranlıqlardan qurtulmağa daha çox can atır, bunun nə qədər yaxın olduğunu, hətta öz içimdə gizləndiyimi bugünədək anlaya bilmədiyimə görə özümü qınayır, insanlara verdiyim acılara görə qətəsla təəssüflənmir, mərhəmət və ədalət hissinin bitdiyi, əxlaqın, qoyub gəldiyim qaranlıqlarda ilişib qalan insan ruhunun açılışına zəhər qatmasına qəzəblə tamaşa edir, özüm olsam belə, bir insanın da bu ruha zəhər qatan şeylərdən uzaqlaşdığına dualar oxuyurdum.

O anda Allah da əvvəlki Allah olmağından çıxıb daha geniş, daha işıqlı bir alanda ruhuma dolur, ətrafdakıların uydurduğu Allah qırıqlarından bütöv və daha heç nə olmayan bir varlığa çevrilir, heç vaxt insanların qaranlıq ürəyinə enə bilməyəcək hər yolu – izi itirən bir işığa qərq olurdu.

Dar burun deşiklərimdən alıb-verdiyim nəfəsimdən fərqli, külək kimi sağımdan girib – solumdan çıxan bir bədən və nəfəsalma boşluğuna, genişliyinə sahib olduqca, nəfəs alıb-verdiyimi belə unudur, bütün varlığımdan “bax budu, budu” hayqırtısı qopurdu.

Özünü bugünə qədər ailəylə, sevgiliylə, dostla, iş yeriylə, kirayə qaldığı otaqla aldadıb, onlara təslim olmuş ruhumun bu hayqırtısı bəlkə heç bir yerdə eşidilmirdi, ama bu hayqırtının gücü də heç bir yerdə eşidilməməyində deyilmiydi məgər..

Zamanın hansı zaman, fəslin hansı fəsil, havanın buludlu – yağışlı, ya da aydın bir gündüzün və ya gecənin olmasının heç bir fərqi olmadığı bu dərinlik qatında bədənimə sirayət edən nə hər hansı bir istini, nə də soyuğu hiss etmədən, hər şeyin “orda və o qədər” olduğu bir anda nə bir bədbəxtlik, nə də bir xoşbəxtlik duymur, bədbəxtlik və xoşbəxtliyin də ətrafımdakı insanların uydurduğu bir yalan olduğunu anlayır, indi bunların heç birindən olmağa ehtiyac duymurdum.

İndi harda və kiminlə olsam əvvəlki kimi ola bilməyəcəyim, hər şeydən və hər kəsdən yalnız vasitə kimi istifadə edəcəyim, başqalarının qəddarlıq və əxlaqsızlıq adlandırdığı bir şəkildə öz içimdə yaşayacağım qəti idi.

Qıraqdan adi görünən baxışlarımın dərinliklərində nələrin gizlənməsindən kimsənin xəbər tuta bilməyəcəyi, məni öz içimdəki dərinliyə bir az daha yuvarlayır, bu dərinlikdən boy göstərən bir yırtıcının onlarçün hansı fəsadları törədəcəyini anlamdan məni özlərinə ailə üzvü, dost, sevgili, iş yoldaşı, otaq yoldaşı kimi görəcəkləri varkən mənimçün heç də əsl həqiqət bunlardan ibarət deyildi artıq.

Menin ruhumda açdığı bu dərin qatlar hər kəsdən qabaq onu mənim gözlərimdə məhv edib, adiləşdirdi və qəhrəman seçdiyim Menin də başqa dərin qatlarına məni aparıb çıxartmağa sövq etdi.

İndi artıq əvvəldən tanıdığım, evimdə qəbul etdyim Menin yerində, öz içinin dərinliyinə yuvarlanıb, qaranlıqlardan XİLAS olmuş bir özgür Men peyda oldu..

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG